“15 iyul – xalqın səsi, ədalətin zəfəri! Azərbaycan-Türkiyə” adlı tədbir keçirildi

Oktyabrın 31-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “15 iyul – xalqın səsi, ədalətin zəfəri! Azərbaycan-Türkiyə” adlı tədbir keçirildi. Tədbir Bakı Yunus Əmrə İnstitutunun və TÜRKPA-nın birgə təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfirliyi və Bakı Avrasiya Universitetinin dəstəyi ilə reallaşdı. Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdi zamanı qardaş ölkə hakimiyyətinə Azərbaycan dövləti və xalqının göstərdiyi dəstək üçün təşəkkür etmək məqsədilə keçirilən tədbir hər iki ölkənin müstəqilliyinə həsr olunmuşdu.

Tədbirdə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, TÜRKPA-nın baş katibi Jandos Asanov, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım, Xoca Əhməd Yəsəvi Universiteti İdarə Heyətinin sədri Musa Yıldız, Bakı Avrasiya Universitetinin əməkdaşları, millət vəkilləri Şəmsəddin Hacıyev, Qənirə Paşayeva və digər rəsmilər iştirak etdilər.

Əvvəlcə Türkiyənin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hər iki ölkənin dövlət himnləri səsləndi.

Bakı Avrasiya Universitetinin prorektoru Gülzar İbrahimova bir neçə gün əvvəl Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin və Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümlərinin qeyd edildiyini diqqətə çatdırdı. FETÖ terror qruplaşması tərəfindən çevriliş cəhdi zamanı türk xalqının birlik nümayiş etdirdiyini, Azərbaycanın Türkiyə ilə həmrəy olduğunu vurğuladı.

TÜRKPA-nın baş katibi Jandos Asanov bildirdi ki, bu il türk dünyası üçün xüsusi ildir. Hazırda TÜRKPA-nın üzvü olan türkdilli postsovet ölkələri – Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan müstəqilliklərinin bərpasının 25-ci ilini qeyd edirlər. Jandos Asanov Azərbaycanın, o cümlədən digər türkdilli ölkələrin siyasi, iqtisadi və sosial sahələrdə inkişaf etdiyini vurğuladı. Baş katib TÜRKPA-nın Türkiyədə baş verən dövlət çevrilişi cəhdini ciddi sürətdə pislədiyini bildirdi.

Əhməd Yasəvi Universitetinin idarə heyətinin sədri Musa Yıldız Azərbaycanı müstəqilliyini bərpa etməsinin 25 illiyi münasibətilə təbrik edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Türkiyədə baş vermiş hadisələr və 15 iyul zəfəri barədə danışan M.Yıldız Azərbaycanın və digər türk dövlətlərinin dəstəyini xüsusi vurğuladı.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev 15 iyulda qardaş ölkədə baş verənləri geosiyasi aspektdə qiymətləndirərək bu dövlət çevrilişi cəhdinin qarşısının alınmasını Türkiyənin dövlətçilik tarixində Türkiyə xalqı və hakimiyyətinin monolit birlik nümayiş etdirdiyi zəfər nümunəsi olaraq dəyərləndirdi. Azərbaycanın beynəlxalq müstəvidə Türkiyə ilə hər zaman əsl qardaşlıq və müttəfiqlik münasibətiləri qurduğunu xüsusi vurğulayan millət vəkili qeyd etdi ki, rəsmi Bakı o çətin günlərdə də Türk xalqına və dövlətinə dəstəyini ifadə etmişdir. Çıxışının davamında bütün dünyaya nümunə sayılacaq Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərindən danışan Ş.Hacıyev Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev siyasəti ilə Atatürk, Süleyman Dəmirəl, Rəcəb Tayyib Ərdoğan siyasəti arasında anoloji müqayisələr apardı və bildirdi ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir. Deputat vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ilin aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam.” sözlərinin Azərbaycan xalqının Türkiyəyə olan qardaş münasibətinin bariz nümunəsidir. Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətlərinin bu gün yeni mərhələdə inkişaf etdiyini diqqətə çatdıran Ş.Hacıyev qeyd etdi ki, bu strateji müttəfiqlik bu gün yeni minilliyin nəhəng enerji və nəqliyyat layihələri, hərbi əməkdaşlıq və qarşılıqlı faydalı ticari-iqtisadi münasibətlərin daha da inkşaf etdirilməsi istiqamətində uğurla inkişaf etdirilir.

Çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva iyulun 15-də Türkiyədə FETÖ terror qruplaşmasının çevrilişə cəhd göstərdiyini, xalq və milli iradənin gücünün həmin gecə şanlı qələbə qazanaraq Türkiyənin adını tarixə bir daha yazdığını söylədi.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral 15 iyul gecəsi Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə xalqın meydanlara çıxdığını, demokratiyanın qorunması uğrunda öz canını qurban verməyə hazır olduğunu sübut etdiyini qeyd edərək bildirdi ki, Azərbaycan 15 iyul hadisələri zamanı Türkiyənin yanında olan, həmrəylik göstərən ilk dövlətlərdən biridir.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin arxiv videoları əsasında hazırlanan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mitinqlərin birində Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin şeirini oxuduğu anları, həmçinin çevriliş cəhdinə qarşı xalqın mübarizəsini əks etdirən videoçarxlar nümayiş olundu, Azərbaycan və türk dillərində şeirlər səsləndirildi.

Sonda çıxış edən Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım tədbirdə iştirak edənlərə və dəstək verənlərə təşəkkürünü bildirdi.