YAP Səbail rayon təşkilatında “Gəlin birgə yaşadaq” adlı maarifləndirici tədbir keçirildi
01.11.2016Noyabrın 1-də YAP Səbail rayon təşkilatının qərargahında Azərbaycan Talassemiya Federasiyası, YAP Səbail rayon təşkilatı və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Gəlin birgə yaşadaq” adlı maarifləndirici tədbir keçirildi.
Tədbirdə Azərbaycan Talassemiya Federasiyasının (ATF) prezidenti Nailə xanım Quliyeva, ATF-in vitse-prezidenti Fuad Rəsul, Mərkəzi Qan Bankının direktor müavini Namirə xanım Abbasova, Respublika Talassemiya Mərkəzinin poliklinika şöbəsinin müdiri Zemfira Mirzəyeva, həmçinin rayon ictimaiyyəti nümayəndələri, partiya fəalları, partiya təşkilatının İdarə Heyətinin üzvləri, tələbələr və gənclər iştirak etdilər.
Əvvəlcə qan donorluğu ilə bağlı video çarx nümayiş olundu.
Tədbir iştirakçılarını YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev adından salamlayan təşkilat sədrinin birinci müavini Muxtar Nağıyev belə tədbirlərin keçirilməsini, donorluğun təbliği və bu işin mahiyyətinin ictimaiyyətə çatdırılması baxımından, son dərəcə əhəmiyyətli və vacib hadisə kimi qiymətləndirdi. YAP Səbail rayon təşkilatının aparat işçilərinin də hər zaman qan vermə aksiyalarında yaxından iştirak etdiyini vurğulayan M.Nağıyev bu istiqamətdəki işlərə bundan sonra da dəstək olmağa hazır olduqlarını bildirdi.
Çıxış edən Respublika Talassemiya Mərkəzinin poliklinika şöbəsinin müdiri Zemfira Mirzəyeva bu formatdakı silsilə tədbirlərin təşkilinə görə təşkilatçılara təşəkkür etdi və talassemiya xəstəliyi, həmçinin donorluğun xəstəliyin müalicəsindəki önəmi haqqında tədbir iştirakçılarına məlumat verdi. İrsi qan xəstəliyi olan talassemiyanın cəmiyyətin ümumi sağlamlığı üçün təhlükə yaratdığını qeyd edən Z.Mirzəyeva bildirdi ki, bu qan azlığı xəstəliyindən əziyyət çəkən xəstələrin vaxtaşırı qan köçürmələrinə ciddi ehtiyacı vardır. Çıxışının davamında natiq Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsinin və “2011-2015-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə tədbirlər planı”nın icrasından bəhs etdi.
Mərkəzi Qan Bankının direktor müavini Namirə xanım Abbasova çıxışında Azərbaycanda qan donorluğunun inkişafı məsələlərinə diqqət çəkərək qeyd etdi ki, sevindirici haldır ki, bugünədək bütün donorlar könüllü olaraq qan vermişlər və bu istiqamətdə daha çox maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac vardır.
Daha sonra çıxış edən ATF-in vitse-prezidenti Fuad Rəsul ilk öncə tədbirin və ümumilikdə qanvermə aksiyalarının təşkilində göstərdikləri dəstəyə görə Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Şəmsəddin Hacıyevə dərin təşəkkürünü bildirdi. Daha sonra ATF-in fəaliyyəti haqqında məlumat verən F.Rəsul gələcəkdə qan vermə aksiyalarının sayının daha da artırılması və bu istiqamətdə maarifləndirmə işinin genişləndirilməsi məqsədilə ATF tərəfindən Bakıda, digər şəhər, rayon və kəndlərdə nəzərdə tutulmuş tədbirlər planı haqqında danışdı.
Tədbirin sonunda “Muğam televiziya müsabiqəsi”nin qaliblərinin ifasında mini-konsert proqramı təqdim olundu.
Məlumat üçün qeyd edək ki, ölkədə qan donorluğunun artırılması məqsədilə Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankı bu tipli maariflədirici tədbirlər həyata keçirir. Tədbirlərin keçirilməsində əsas məqsəd qan donorluğunun inkişafına diqqətin cəlb edilməsi və talassemiya haqda ictimaiyyətə ətraflı məlumat verilməsi, eləcə də KİV nümayəndələrinə qan donorluğunun inkişafına verdikləri töhfəyə görə təşəkkür etməkdən ibarətdir. Azərbaycan Talassemiya Federasiyasının məlumatına əsasən, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və bu pasiyentlərin həyatı kütləvi keçirilən qanvermə aksiyalarından asılıdır. Qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və tallassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində təşkil olunur. Belə ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Talassemiyasız həyat naminə” adlı dəyirmi masadan sonra çoxsaylı Dövlət və Kommersiya təşkilatları qan vermə aksiyalarına qoşulmuşdur.