Dənizkənarı Bulvar İdarəsində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi
08.11.2016Noyabrın 8-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları Fəxri xiyabanı ziyarət etdilər. Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsi hörmət və ehtiramla yad edildi. Daha sonra Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyuldu.
Tədbir Dövlət Bayrağı Muzeyində davam etdirildi. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev və Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva çıxış etdilər.
Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev bayram münasibətilə hər kəsi ürəkdən təbrik edərək Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının yaranması tarixindən danışdı. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu diqqətə çatdırdı. İ.Mustafayev qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb. Bununla da üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanıb. Dövlətimizin başçısının bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan İ.Mustafayev bildirdi ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Dövlət Bayrağı Meydanında Dövlət Bayrağı Muzeyi də yaradılıb. İ.Mustafayev vurğuladı ki, Azərbaycan bayrağı daim ucalarda olub, bundan sonra da həmişə ucalacaqdır. Bunun qarantı isə möhtərəm Prezident cənab İlham Əliyevdir.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev xalqımızın əziz bayramlarından biri olan bu möhtəşəm gün – Dövlət Bayrağı Günü münasibətilə hamını, o cümlədən Dənizkənarı Bulvar İdarəsinin və Dövlət Bayrağı Muzeyinin bütün əməkdaşlarını təbrik edərək qeyd etdi ki, bura gələn hər bir azərbaycanlının qəlbində böyük qürur, fərəh hissi yaranır. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış xüsusi sərəncamların əhəmiyyətindən danışan millət vəkili vurğuladı ki, bu hər iki tarixi sənədin məhz 17 noyabr tarixində imzalanması heç də təsadüfi deyildir. Əvvəla, üçrəngli bayrağımız Azadlıq Meydanında ilk dəfə 1988-ci ilin 17 noyabr tarixində dalğalanmışdır. Bu tarixi ölkəmizdə milli azadlıq hərəkatının, mill özünüdərkin və milli-mənəvi dəyərlərimizə qayıdışın başlanğıcı hesab etmək olar. 1990-cı ilin 17 noyabr tarixində Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin xüsusi qərarı ilə üçrəngli bayrağımız dövlət bayrağı kimi elan olundu. Təbii ki, SSRİ-nin hələ tüğyan etdiyi bir vaxtda bu cür addım atmaq xüsusi cəsarət tələb edirdi ki, bunu yalnız Heydər Əliyev edə bilərdi. Qeyd olundu ki, adıçəkilən sərəncamların da məhz 17 noyabrda imzalanması bu tarixlərlə bağlıdır.
Dövlət bayrağını Azərbaycan dövlətçiliyinin ən mühüm atributlarından, rəmzlərindən biri kimi səciyyələndirən Ş.Hacıyev xüsusi vurğuladı ki, bayrağımız bizim dəyərimizdir, bizim qürur mənbəyimizdir. Bayrağımızın belə ucalarda dalğalanması ölkəmizin gücünü, gücümüzün miqyasını göstərir. Bayrağımız müqəddəsdir, hər bir azərbaycanlı ailəsinin ayrılmaz parçasıdır, bu bayraq Azərbaycan xalqının dəyərlərinə bağlılığının bir təzahürüdür. Biz qürur hissi duyuruq ki, Azərbaycanın 100-dən çox ölkədə nümayəndəliyi fəaliyyət göstərir, ölkəmiz bir çox beynəlxalq təşkilatların üzvüdür, bu gün bayrağımız dünyanın demək olar ki, hər yerində dalğalanır. Fərəhləndirici haldır ki, bayrağımızın rəngləri türk mənşəli olmağımızın, azad, demokratik, sivil, hüquqi cəmiyyət yaratmağımızın, eyni zamanda islam dəyərlərinə bağlılığımızın rəmzi kimi çıxış edir. Azərbaycan nə qədər varsa, bayrağımız da daim qürurla dalğalanacaqdır, çünki Azərbaycan bu gün dünyada tanınan, sayılıb-seçilən ölkələr sırasındadır. Çıxışının davamında millət vəkili qeyd etdi ki, Azərbaycan inkişaf edir, güclənir, ölkəmizdə abadlıq, quruculuq işləri aparılır və dünyada, yaxın coğrafiyada gedən proseslərin, iqtisadi böhranların, müharibələrin Azərbaycana nüfuz etmə ehtimalı demək olar ki, sıfıra bərabərdir.
Sonda Bayraq Meydanı Kompleksi daxil olmaqla bütövlükdə Dənizkənarı Bulvarın nəinki Bakılıların, bütövlükdə Azərbaycanın sözün əsl mənasında imicinə çevrildiyini ifadə edən deputat vurğuladı ki, ölkəmiz haqda ilk təəssürat məhz bu ərazidən başlayır. Bu ərazilərdə belə səliqə, səhmanın yaradılması, nizam-intizamın qorunması və mövcud gözəlliyə daha da gözəllik qatılması bilavasitə Dənizkənarı Bulvar İdarəsinin əməkdaşlarının fədakar əməyi nəticəsində ərsəyə gəlir. Burada əməyi olan hər kəsə uğurlar arzu edən Ş.Hacıyev bir daha hamını bu əlamətdar bayram münasibətilə təbrik edərək bildirdi ki, biz çox arzu edərdik ki, yaxın gələcəkdə dövlətçiliyimizin rəmzi olan bayrağımız Azərbaycanın bütün ərazisində, Azərbaycan bayrağı itirdiyimiz torpaqlarda – Qarabağda, Xankəndində, Şuşada dalğalansın. Bu ilin aprel hadisələri də bir daha göstərdi ki, biz bu arzulara çox yaxınıq. Yəqin ki, çox yaxın gələcəkdə biz Bayraq Günü ilə bağlı tədbirlərimizi Xankəndində, Şuşada keçirəcəyik. Yaşasın Azərbaycan bayrağı, yaşasın Azərbaycan!
Çıxış edən Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva qeyd etdi ki, Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin yaradılması Azərbaycan xalqının və dövlətimizin başçısının dövlətçilik tariximizə olan hörməti, dövlət rəmzlərinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Dövlət Bayrağı Muzeyinin yaradılmasının əsas məqsədi dövlətçilik tariximizin geniş təbliğ olunması, cəmiyyət arasında və xüsusən gənc nəsildə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsindən ibarətdir. Dövlət rəmzlərimizi təbliğ etmək, cəmiyyətdə milli dəyərlərimizə hörmət və sevgi aşılamaq hər bir vətəndaşın əsas işi olmalıdır. Üçrəngli bayrağımız bu gün dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün həmrəylik simvolu və müqəddəs fəxarət rəmzidir. Bayraq Meydanı Kompleksinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edən K.İmamverdiyeva çıxışının sonunda arzu etdi ki, üçrəngli bayrağımız Azərbaycan xalqının əbədi varlığını təcəssüm etdirərək daim yüksəklərdə dalğalansın və Azərbaycan dövlətinin, Azərbaycan xalqının qüdrətini bütün dünyaya nümayiş etdirsin.
Daha sonra qonaqlar Dövlət Bayrağı Muzeyinin dövlət rəmzlərinin təbliği istiqamətində fəaliyyətinə həsr edilmiş fotosərgi ilə tanış oldular.
Sonda Dənizkənarı Bulvar İdarəsinin layihəsi əsasında hazırlanan və Azərbaycan bayrağına həsr edilən filmin təqdimatı oldu. Film qonaqlar tərəfindən çox bəyənildi. Bununla da tədbirə yekun vuruldu.
Tədbirin videoyazısı