YAP Səbail rayon təşkilatının Qadınlar Şurası və 6 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə “17 noyabr – Milli Dirçəliş Günü” qeyd olundu

Noyabrın 15-də YAP Səbail rayon təşkilatının Qadınlar Şurası və 6 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə “17 noyabr – Milli Dirçəliş Günü” münasibətilə tədbir keçirildi.

6 saylı məktəb-liseydə keçirilən tədbirdə ilk öncə zala Azərbaycan bayrağı gətirildi və Dövlət himni səsləndirildi.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının Qadınlar şurasının sədri Təranə Kərimova məktəbliləri bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara dövlətçilik ənənələrinə sədaqət, azərbaycançılıq ideyalarına məhəbbət ruhunda böyüməyi və cəmiyyətə layiqli vətəndaş kimi tədrisdə və təhsildə yeni uğurlara imza atmağı  arzuladı.

Məktəbin direktoru Gülşən Orucova çıxış edərək, məktəbin ən şöhrətli və ləyaqətli məzunu cənab Prezident İlham Əliyevin keçdiyi şərəfli yoldan danışdı, onun məktəbin hər bir şagirdinə və bütün gənclərə örnək olduğunu vurğuladı. Şagirdlərə tarixi keçmişimizi unutmamağı arzulayan G.Orucova yüksəklərdə dalğalanan bayrağımızın çox yaxın gələcəkdə Qarabağda ucalacağına dair əminliyini ifadə etdi.

Sonra tədbir məktəbin istedadlı şagirdlərinin bədii proqramı ilə davam etdi. Nümayiş olunan teatr səhnəciklərində yuxarı sinif şagirdləri xanlıqlar dövründə kənar təhdidlərə qarşı bir və birgə olmaq ruhunu ifadə edən çıxışlar etdilər, aşağı sinif şagirdləri isə mahnılar oxudular və şeirlər səsləndirdilər.