Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü qeyd olundu
17.11.2016Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə təntənəli tədbir keçirildi.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.
Tədbir iştirakçılarını Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin adından salamlayan rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev hər kəsi partiyanın yaradılmasının 24 illiyi münasibətilə təbrik etdi. Bu əlamətdar tarixin həm respublika səviyyəsində, həm bütün rayon təşkilatlarında yüksək səviyyədə qeyd olunduğunu bildirən M.Nağıyev çıxışında partiyanın yarandığı tarixi şəraitə nəzər saldı, YAP-ın 24 il ərzində keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolu haqqında danışdı və günümüzdə partiya təəssübkeşlərinin öhdəsinə düşən ümdə vəzifələr barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycanın “ölüm-qalım dilemması” və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi, ölkənin siyasi, sosial-iqtisadi baxımdan uçurumun kənarında olduğu dövrdə Yeni Azərbaycan Partiyasının tarixi zəruriyyət və xalqın təkidli tələbi ilə yarandığını vurğulayan sədr müavini “91-lər”in müraciətinin, “Əlincə” cəmiyyəti üzvlərinin və “Səs” qazetinin fəaliyyətinin Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışındakı rolundan ətraflı bəhs etdi. 21 noyabr 1992-ci il tarixində Naxçıvan Dövlət Dram Teatrının zalında keçirilmiş YAP-ın təsis konfransını xatırladan M.Nağıyev müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğuladı və qeyd etdi ki, fərəhləndirici haldır ki, Ulu Öndərin ideyaları bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz cənab İlham Əliyevin yürütdüyü düzgün siyasətin nəticəsidir ki, Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir, ölkəmiz bu gün dünyaya multikulturalizm və tolerantlıq dəyərlərini təqdim edir, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, Azərbaycan Cənubi Qafqaz regionunda minilliyin nəhəng transmilli layihələrinin təşəbbüsçüsü və iştirakçısıdır. Yeni Azərbaycan Partiyasının gələcəkdə daha da böyük uğurlara imza atacağından əminliyini ifadə edən M.Nağıyev bu istiqamətdəki fəaliyyətlərində bütün partiya üzvlərinə uğurlar arzu etdi.
Çıxış edən “Səs” qəzetinin baş redaktoru və YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü Samirə Quliyeva, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvləri Hacan Hacıyev və Rizvan Vahabov, YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova tədbir iştirakçılarını, bütün YAP üzvlərini və Səbail rayon ictimaiyyətini YAP-ın yaradılmasının 24 illiyi və “17 noyabr – Milli Dirçəliş Günü” münasibətilə ürəkdən təbrik etdilər. Müstəqil Azərbaycan Respublikası ilə həmyaşıd olan Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi əhəmiyyətli obyektiv hadisə kimi qiymətləndirən natiqlər Azərbaycanda 1980-ci illərin sonundan başlayan milli oyanış hərəkatının Ulu Öndərin 1993-cü ildə ölkədə hakimiyyətə qayıdışı ilə nəticələnməsini zamanın və taleyin Azərbaycan xalqına bir töhfəsi olduğunu bildirdilər. Qeyd olundu ki, həqiqətən də Heydər Əliyev kimi xarizmatik və qətiyyətli liderin məhz o dövrdə ölkədə hakimiyyətə gəlməsi Azərbaycanın parçalanmaq və yox olmaq təhlükəsindən qurtardı. Siyasi partiyanın gücü ümumxalq seçkilərində qazanılmış qələbələrlə ölçülür və sevindirici haldır ki, YAP görülmüş işlər və əldə olunmuş uğurlar sayəsində ötən 24 il ərzində Azərbaycan xalqının səmimi rəğbətini qazanaraq əsl ümumxalq partiyasına çevrilmişdir.
YAP gəncləri adından çıxış edən YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Fərid Nəsibov partiyanın yaradılmasının ildönümü münasibətilə hər kəsi təbrik edərək YAP gənclər qolunun bu gün Cənubi Qafqazın bütün siyasi partiyaları arasında avanqardlığı və intellektual potensialı baxımından seçildiyini qeyd etdi. Ulu Öndər Heydər Əliyevin gənclərə hər zaman yüksək diqqətlə yanaşdığını vurğulayan F.Nəsibov bildirdi ki, cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi xüsusi qayğının nəticəsidir ki, bu gün YAP gəncləri istər ölkə daxilində, istər ölkə xaricində keçirilən nüfuzlu beynəlxalq tədbirlərdə yüksək siyasi təfəkkür və intellektual potensiallarını nümayiş etdirirlər. Dövlət gənclər siyasətinin daha bir bariz nümunəsi kimi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan danışan F.Nəsibov vurğuladı ki, Azərbaycan gəncliyi bu gün Ulu Öndər Heydər Əliyev ideyalarını yaşadır. “Biz cənab İlham Əliyev ətrafında sıx birləşmişik, ölkə rəhbərinin siyasətini daima dəstəkləyirik və bizə göstərilən etimadı bundan sonra da doğruldacağıq. Yaşasın Respublikanın hakim və qüdrətli partiyası Yeni Azərbaycan Partiyası! Yaşasın Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev!”
Səslənən bütün çıxışlarda əminliklə qeyd olundu ki, Yeni Azərbaycan Partiyası bundan sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha parlaq uğurlara imza atacaqdır.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələrinin təqdimetmə mərasimi keçirildi.
Tədbirin videoyazısı