YAP “İqtisadçılar” ərazi ilk partiya təşkilatında partiyanın yaradılmasının 24 illiyinə həsr olunan tədbir keçirildi
21.11.2016Noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri, YAP “İqtisadçılar” ərazi ilk partiya təşkilatının sədr müavini, universitetin Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini Təranə Kərimova partiyanın 24 il ərzində keçdiyi çətin və şərəfli yola qısa nəzər saldı. Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ağır sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaradıldığını diqqətə çatdıran T.Kərimova yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərən hakim partiyanın qurucusunun dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının inandığı və sevdiyi dahi bir şəxsiyyətin olmasının bu prosesdə mühüm və əhəmiyyətli rol oynadığını vurğuladı.
Tədbirdə “91-lər”in tanınmış ziyayılarından YAP Səbail rayon təşkilatı idarə heyətinin üzvləri – Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru prof. Vilayət Əliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Hacan Hacıyev də çıxış etdilər. Ziyalılar YAP-ın Azərbaycanda siyasi əqidənin əsasını qoyduğunu, təsis olunduqdan sonra bütün siyasi qüvvələri birləşdirdiyini, ölkədə siyasi stabillik yaratdığını, ölkəni çətin dövrlərdə parçalanmadan xilas etdiyini və ölkəmizin inkişafına misilsiz töhfə verdiyini qeyd etdilər. Bildirildi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyası hazırda cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.