YAP “Pedaqoqlar” ərazi ilk partiya təşkilatında YAP-ın yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirildi

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr edilmiş tədbir və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən icra olunan   “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində ADPU-nun təşkilati dəstəyi ilə “Azərbaycançılıq – milli ideologiyamız” mövzusunda görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin ADPU-dakı abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını ifadə ediblər, sonra Heydər Əliyev Muzeyində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər və sənədlərlə tanış olublar.

ADPU-nun rektoru prof. Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, zaman baxımından 24 il elə də böyük bir müddət deyil, lakin bu illər ərzində xalqımız həm YAP-ın yaradıcısı və qurucusu, Ümummilli liderimiz Heydər Əliyevin, həm də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində böyük nailiyyətlər qazanmışdır. Bu gün öz sıralarında təxminən 700 minə yaxın insanı birləşdirən YAP ölkəmizin ən güclü və nüfuzlu siyasi təşkilatıdır. Rektor qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkəmizin ərazisində yaşayan bütün xalqları və milli azlıqları Azərbaycanın ümumi inkişafı naminə fəaliyyətə yönəldən, ölkəmizi işıqlı gələcəyə aparan bir ideologiyadır.

ADPU-nun Filologiya fakültəsinin dekanı prof. Buludxan Xəlilov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, həm də Cənubi Qafqazda ən böyük siyasi partiyadır: “Yeni Azərbaycan Partiyası 24 illik fəaliyyəti dövründə çətin və şərəfli yol keçib. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edilir”. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının məhz milli həmrəyliyə xidmət etdiyini deyən B.Xəlilov əlavə edib ki, azərbaycançılıq dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli ideologiyadır: “Ümummilli lider Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən azərbaycançılığı milli dövlətçilik ideologiyası kimi sistemləşdirmiş, onu ümummilli məfkurə, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırmışdır”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır: “YAP həmçinin əldə etdiyi uğurlarla qələbələr partiyası olduğunu sübut edib. Eyni zamanda, siyasi varislik YAP-ın əsas prinsiplərindən biridir. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu ictimai-siyasi təsisatdır. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır”.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğunu, qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olunduğunu deyən millət vəkili əlavə edib ki, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən mühüm ideoloji amil kimi çıxış edir.

Daha sonra “Kür-Xəzər” Xeyriyyə İB-nin sədri, Milli QHT Forumunun İdarə Heyətinin və Respublika Ağsaqqallar Şurasının üzvü, Layihə rəhbəri Akif Kərimov, YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının sədri prof. Himalay Qasımov, “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasının müdiri prof. Zahid Xəlil, “Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası” kafedrasının müəllimi Taleh Cəfərov, TGT-nin sədri Cavid Hüseynov, Filologiya fakültəsinin tələbəsi Cəmilə Məhərrəmova Ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası, eləcə də dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin gənc nəslə aşılanması, gənclərdə Vətənə, xalqa, millətə sədaqət və məhəbbət ruhunun yüksəldilməsi ilə bağlı çıxışlar ediblər.