Səbail rayonunda “Azərbaycanda multikulturalizm modeli və müasir dünya” mövzusunda konfrans keçirildi
24.11.2016Noyabrın 24-də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsinin təşəbbüsü, Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycanda multikulturalizm modeli və müasir dünya” mövzusunda konfrans keçirildi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsində keçirilən konfransda Milli Məclisin deputatları Şəmsəddin Hacıyev və Hadı Rəcəbli, Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Aran, Qarabağ müharibəsi veteranları, əlillər, şəhid ailələri nümayəndələri, eləcə də müharibə veteranlarının, Çernobıl əlillərinin, Əfqanıstan döyüşçülərinin ictimai birlik rəhbərləri və bu təşkilatların fəalları iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransı açıq elan edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev bu tədbirin Azərbaycanda elan olunmuş “Multikulturalizm ili” çərçivəsində təşkil olunduğunu qeyd etdi.
Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev ölkəmizdə multikulturalizm ili çərçivəsində görülmüş işlərdən bəhs etdi və bu aktual mövzu haqqında cəmiyyətin bütün sosial qruplarının maarifləndirilməsinin əhəmiyyətini xüsusi qeyd etdi. Bəşər tarixi boyunca müxtəlif etnik mənşəli insanların birlikdə yaşadığı çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətlərdə multikulturalizm dəyərlərinin daima müzakirə obyekti olduğunu bildirən sədr diqqətə çatdırdı ki, dini, etnik, siyasi, iqtisadi fərqliliklərdən asılı olmayaraq insanların qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşaması ancaq mədəniyyətlərarası dialoq və tam tolerantlıq mühitinin formalaşdırılması şərtiylə mümkündür. Bunun alternativi yoxdur və cəmiyyətdə tolerantlığın olmaması radikalizmə, şovinizmə, ksenofobiyaya, islamofobiyaya aparır. Cəmiyyətdə sosial gərginlik olduğu şəraitdə isə heç bir inkişaf mümkün deyil. Ölkəmizdə əsrlər boyu formalaşdırılmış xalqlar və dinlər arasındakı tolerant mühit nəticəsində Azərbaycanda məxsusi “Multikulturalizm” modeli ortaya çıxmışdır. Hazırda dünyada, ayrı-ayrı regionlarda, yüksək iqtisadi inkişaf səviyyəsi ilə fərqlənən ölkələrdə artan siyasi, sosial-iqtisadi çətinliklər Azərbaycanın multikulturalizm modelinin mütərəqqi model kimi dünyaya təqdim olunması üçün ciddi əsaslar yaradır. Qeyd olunmalıdır ki, Azərbaycanda haqqında çox bəhs olunan tolerantlıq və multikultural dəyərlər sözdə yox, dilindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq bütün sosial qruplar üçün tətbiq olunan qanunvericilik bazasında öz əksini tapıb.
Çıxışının davamında müstəqillik dövründə Azərbaycanda bütün sosial-iqtisadi sahələrdə əldə olunmuş çoxşaxəli uğurlardan danışan Ş.Hacıyev tam əminliyi ifadə etdi ki, post-neft dövrünə qədəm qoyan ölkəmizdə neftdən asıllığın azaldılması, əhalinin rifahının yüksəldilməsi, Azərbaycanın iqtisadi və hərbi gücünün gələcəkdə daha da artırılması istiqamətində ölkə rəhbəri tərəfindən aparılan düşünülmüş məqsədyönlü siyasət və həyata keçirilən yeni kompleks tədbirlər nəticəsində ölkəmiz daha qüdrətli dövlətə çevriləcəkdir.
Milli Məclisin deputatı, MM-in Əmək və sosial siyasət komitəsinin sədri prof. Hadı Rəcəbli multikultural dəyərlərin Azərbaycan xalqının milli adət-ənənələrinin önəmli tərkib hissəsi olduğunu qeyd edərək, diqqətə çatdırdı ki, dünyada baş verən münaqişələrin əsas səbəbləri dini-təriqət ayrılığı, millət və etnik qruplar arasındakı ayrı-seçkilik, ərazi iddiaları və sosial məsələlər kateqoriyaları çərçivəsində təhlil oluna bilər. Multikulturalizmin mahiyyət etibarilə bu dörd səbəbdən ikisini əhatə etdiyini vurğulayan komitə sədri ölkəmizdə bu istiqamətdə görülmüş işlərdən bəhs etdi.
Çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini, YAP “Əhməd Cavad 12” ərazi ilk partiya təşkilatının sədri Səyyad Aran hal-hazırda dünyada qeydə alınan 22 münaqişədən 13-ünün dini zəmində baş verdiyindən və bu baxımdan Azərbaycanın dini tolerantlıq modelinin dünyaya nümunə olduğunu vurğuladı. 72 millətin nümayəndəsinin Bakıda yaşaması, şəhərimizdə 3 səmavi dinin ibadətgahlarının bir-birindən 1 km-dən az məsafədə yerləşməsi, Azərbaycan ərazisində əsrlər boyu müsəlmanlar, xristianlar, yəhudilər qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması faktlarından ətraflı bəhs edən S.Aran xüsusi qeyd etdi ki, erməni təbliğat maşını yüz illərdir ki, Azərbaycan xalqını dünya ictimaiyyətinə barbar xalq kimi tanıtmaq üçün şər və böhtan cəhdlərini davam etdirirlər. Azərbaycan xalqı sülhsevər xalqdır və ölkə rəhbəri cənab İlham Əliyevin bu istiqamətdəki məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycan həqiqətləri dünyaya olduğu kimi təqdim olunur. Sevindirici və alqışlanmalı haldır ki, ölkəmizdəki multikulturalizm və tolerantlıq təntənəsi, Azərbaycan xalqının həqiqi xarakteri, mental xüsusiyyətləri bütün dünyaya nümayiş etdirilir. Cənab Prezident İlham Əliyev xalqımız tərəfindən Sovetlər dövründə belə qorunub saxlanılmış milli-mənəvi dəyərlərimizi bütün dünyaya tanıtdı və millət olaraq Azərbaycan xalqı beynəlxalq tribunalarda çox ucalara yüksəldi. Əminik ki, bu uğurlu siyasət bundan sonra da davam etdiriləcəkdir və Azərbaycan xalqı daima ucalarda olacaqdır.
Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev çıxışında Azərbaycanın artıq bir multikulturalizm və tolerantlıq mərkəzi kimi tanındığını qeyd edərək, yaxın günlərdə “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü”nün ölkəmizdə qeyd olunması, Azərbaycan xalqına məxsus olan bu milli-mənəvi dəyərlərin qorunması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən görülmüş işlər, Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət və islam dininə elmi yanaşması, Səbail rayonunda yaşayan islam, xristian, yəhudi icmalarla bağlı görülən genişmiqyaslı işlər, rayon sakinləri, gənclər arasında bu istiqamətdə keçirilən maarifləndirici tədbirlər, eləcə də ötən illər ərzində rayon ərazisində təmir olunmuş və yeni tikilmiş məscidlər barədə məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli ölkəmizdə ənənəvi olaraq mövcud olan multikultural, tolerant dəyərlərin dahi Nizami, Füzulinin əsərlərində də öz əksini tapmasını vurğulayaraq qeyd etdi ki, Azərbaycanda siyasi, ictimai sabitliyin qorunub saxlanmasında hərbiçilərin, müharibə veteranlarının da böyük rolu var. Torpaqlarımız uğrunda gedən döyüşlərdə müsəlman azərbaycanlıları ilə yanaşı, xristian, yəhudi vətəndaşlar şəhid olmuşlar, xalqımız bu fədakarlığı, qardaşlığı heç bir zaman unutmamışdır, və bizə dost, qardaş münasibəti bəsləyən bütün millətlərə, müxtəlif din nümayəndələrinə dərin hörmətlə yanaşmışdır. Bu gözəl ənənələr bundan sonra da daima yaşadılacaqdır. “Azərbaycandakı multikulturalizmin bariz nümunələri Qarabağ döyüşlərində də yaşanıb. Yəhudilər, ruslar, ukraynalılar və digər millətlərin nümayəndələri Azərbaycan naminə çiyin-çiyinə erməni işğalçılarına qarşı birlikdə döyüşüblər, yaralanıblar, şəhid olublar. Biz işğal altında olan torpaqlarımızı da mütləq geri qaytaracağıq. O gün olsun bu kimi tədbirləri Xankəndində keçirək!”.
Sonda, Əfqanıstan Müharibəsi Veteranları Birliyinin sədri Məhəmməd Vəliyev müharibə veteranları, döyüşçülər adından çıxış edərək bugünkü tədbirin təşkilatçılarına, millət vəkillərinə və digər qonaqlara öz minnətdarlığını bildirdi.
Konfransa yekun vuran Ş.Hacıyev qeyd etdi ki, əhalinin bütün sosial qrupları arasında bu səpkidə maarifləndirici tədbirlərin, müzakirələrin aparılması çox vacibdir. Əks təqdirdə yaranan cəhalət cəmiyyətdə ekstremizmə, dini zəmində münaqişələrə və ölkədə ictimai sabitliyin pozulmasına yol açır. Bütün bunların qarşısının alınması üçün ölkə rəhbəri tərəfindən əməli işlər görülür. Prezident Administrasiyası nəzdində Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti, dünyada yeganə nümunə təşkil edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və təqdirəlayiq fəaliyyəti, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması və uğurlu fəaliyyəti, Qafqaz Müsəlmanları İdarəsinin həyata keçirdiyi gözəl işlər bu deyilənlərin ən əyani sübutudur. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin dinlər və millətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini, Milli Məclisin ictimai birliklər və dini qurumlarla bağlı qanunvericilik fəaliyyətini və komitələrində görülən işləri yüksək qiymətləndirən Ş.Hacıyev ölkənin ictimai-siyasi fəaliyyətində yaxından iştirak etdikləri üçün müharibə veteranlarına təşəkkür etdi və onların sosial problemlərinin müsbət həlli istiqamətində Milli Məclisin deputatları olaraq bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini diqqətə çatdırdı.