Qardaşlaşmış olan Bakının Səbail və Nyu-Yorkun Bruklin rayonları arasındakı əməkdaşlıq əlaqələri ABŞ-da müzakirə olundu
03.12.201628 noyabr – 03 dekabr 2016-cı il tarixlərində Səbail rayonunun nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdə oldular.
Səfər çərçivəsində Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Nyu-York şəhərinin əhali cəhətdən ən böyük rayonu olan Bruklin inzibati rayonunun yerli hakimiyyət rəhbəri Erik Adams və Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Mariyetta Rozental ilə görüşdülər. Görüşdə 2014-cü ildən qardaşlaşmış rayonlar olan Səbail və Bruklin arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, bu məqsədlə birgə atılacaq addımlar müzakirə olundu.
Nyu-Yorkun Bruklin inzibati rayonunun yerli hakimiyyət rəhbəri Erik Adams cari ilin sentyabrında Bakıda səfərdə olduğunu xatırladaraq paytaxtımızdan olduqca xoş təəssüratlarla döndüyünü vurğuladı və Azərbaycan tərəfinin yüksək qonaqpərvərliyini məmnuniyyətlə qeyd etdi. O, Bakıda olarkən hazırda Bruklində yaşayan Azərbaycan yəhudiləri ailəsi tərəfindən ölkəmizdəki sinaqoqlardan birinə Tövratın hədiyyə edilməsi mərasimində iştirak etdiyini bildirdi. E.Adams Azərbaycan cəmiyyətinin tolerantlığının və sülhpərvərliyinin bir daha şahidi olduğunu vurğulayaraq dedi ki, Bruklində yaşayan Azərbaycan yəhudilərinin ölkəmizə sevgisi və dəstəyi bunun bariz nümunəsidir. Bruklin və Səbail rayonları arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da genişləndirilməsinə imkan yaradacağını bildirən E.Adams vurğuladı ki, bu istiqamətdə görülən işlər ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərir.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkəmizin qədim tolerantlıq ənənələrindən söhbət açaraq bildirdi ki, Azərbaycanda buna dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Ölkə rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanda multikulturalizmlə bağlı dünya miqyaslı forumların keçirildiyini qeyd edən icra başçısı Azərbaycanın multikulturalizmin inkişafına verdiyi töhfələrin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirildiyini xüsusi vurğuladı.
E.Adams Bakıya “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-Nyu-York birbaşa reysi ilə səfər etdiyini bildirdi. Bu reysin açılmasının Bakı və Nyu-York arasında əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətini diqqətə çatdırdı.
İki rayon arasında əməkdaşlığın inkişaf potensialından danışan E.Adams universitet tələbələri və yuxarı sinif şagirdləri üçün müxtəlif mövzularda birgə proqramların təşkil olunmasını təklif etdi. Bruklin rəsmisi belə mövzulardan biri kimi həm Azərbaycanın, həm də ABŞ-ın üzləşdiyi və qlobal miqyasda problemə çevrilən qaçqın mövzusunun ola biləcəyini dedi. E.Adams ümumiyyətlə belə layihələrin amerikalı tələbə və məktəblilərə Azərbaycanın zəngin mədəniyyəti və tarixi barədə məlumat eldə etmək imkanı yaradacağını qeyd etdi.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı E.Əzizov bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirdi. Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırdı.
Görüşdə iştirak edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov amerikalı həmsöhbətlərə münaqişə barədə məlumat verdi. Azərbaycan ərazisinin 20 faizinin indiyədək Ermənistan tərəfindən işğal altında saxlandığını, təcavüzkar ölkənin bu torpaqların azad edilməsi barədə beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını bildirdi.
E.Əzizov, eyni zamanda, mədəniyyət, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq potensiallarının mövcudluğunu da qeyd etdi. Buna cavab olaraq E.Adams bu istiqamətdə əməli addımların atılması fikrinə şərik olduğunu və Bakıya səfəri zamanı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşündə mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarının da müzakirə edildiyini diqqətə çatdırdı.
Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqtisadi islahatlar ili elan edildiyini qeyd edərək bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin strateji xəttidir və bununla bağlı bir sıra proqramlar uğurla həyata keçirilir. Bruklinin inkişaf etmiş sənaye rayonu kimi tanındığını bildirən deputat rayonun bu sahədəki təcrübəsinin öyrənilməsinin faydalı ola biləcəyini vurğuladı. Eyni zamanda, o, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verdi və bunun Bruklin iş adamları üçün maraqlı ola biləcəyini diqqətə çatdırdı.
E.Əzizov Bruklində “Qafqaz İrsi Festivalı”nın keçirilməsinə və hər il may ayının bu rayonda Azərbaycan mədəniyyəti və Qafqaz irsi ayı elan edilməsinə görə Erik Adamsa minnətdarlığını bildirdi. Bu önəmli tədbirin yüksək səviyyədə təşkil olunmasında fəal iştirakına görə Bakı-Bruklin Qardaşlaşmış şəhərlər Assosiasiyası və onun prezidenti Mariyetta Rozentala da təşəkkür etdi.
Bruklindəki Azərbaycan icmasının fəallığını qeyd edən E.Adams onların rayonun ictimai və mədəni həyatına böyük töhfə verdiyini və bununla bağlı Bruklin küçələrinin birinə Bakının adının verilməsi məsələsinə baxıldığını diqqətə çatdırdı.
Daha sonra Azərbaycan nümayəndə heyəti Bruklində fəaliyyət göstərən “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzinə baş çəkib. Burada Mərkəzin rəhbəri Alyona Bədəlova və heykəltəraş Emin Quliyev tərəfindən mərkəzin fəaliyyəti barədə məlumat verildi. Qonaqlar mərkəzin tələbələri olan uşaq və gənclərin rəsm işləri ilə tanış oldular. Qeyd olundu ki, bir neçə il fəaliyyət göstərən bu mərkəz Azərbaycan mədəniyyəti və incəsənətini təşviq edir. Mərkəzin tələbələrinin Azərbaycan milli rəqslərindən ibarət rəngarəng proqramlarının Bruklində keçirilən müxtəlif bayram və festivallar zamanı nümayişi artıq ənənə halını alıb. Mərkəzdə valideynləri azərbaycanlı olan 150 məktəbli yaradıcılıqla məşğul olur.
Görüşün videoyazısı:
AzTV
AzərTAC