Səbail rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi
06.12.2016Hər il olduğu kimi Ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimiz əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.
Dekabrın 6-da Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin, eləcə də rayonun idarə və təşkilatlatlarının, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin təqdimatında musiqili kompozisiya səsləndirildi və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirildi.
Qeyd olundu ki, düz 13 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. O, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir.
Qeyri-adi şəxsiyyət, hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıbdır. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” deyən Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisi üçün bir insanın həyatı boyunca bir dövlət üçün edə biləcəyi hər şeyi etdi və ömrünün ən möhtəşəm əsərini – Müstəqil Azərbaycanı əmin əllərə tapşırıb rahatlıq hissi ilə dünyadan köçdü.
Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Bütövlükdə isə Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. İqtisadiyyatdan başlamış mədəniyyətə qədər müxtəlif sahələrdə yüksəliş epoxası. Təkcə sovet hakimiyyəti illərində onun göstərdiyi görkəmli fəaliyyət böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır.
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Bəli, o, bütün ömrünü Azərbaycanın indiki nailiyyətlərinə həsr etmişdi və indi gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyevin ömrünün davamıdır.
Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Bu siyasəti son 13 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir.
XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin mühtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasətin parlaq təzahürüdür.
Tədbirdə tanınmış incəsənət xadimləri – xalq artisti Murad Hüseynov, əməkdar artistlər Aygün Bəylər və Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatları Fəridə Məmmədova, Nigar Cəlilova, skripkaçı Rövşən Əmrahov çıxış etdilər. Anım mərasimi gənc və istedadlı müğənni İlham Nəzərovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə bitdi. Mərasim zamanı gənc rəssam Ella Əzizbəyova qumla Ulu Öndərin şəklini çəkdi.
Mərasim çox təsirlı və yaddaqalan keçdi. Allah rəhmət eləsin!
Tədbirin videoyazıları: