Ulu Öndər Heydər Əliyev YAP Səbail rayon təşkilatında anıldı

Dekabrın 9-da YAP Səbail rayon təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.

Rayon ictimaiyyəti nümayəndələrinin, partiya fəallarının, rayon partiya təşkilatı üzvlərinin iştirak etdiyi mərasimdə ilk öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ümummilli Lider Heydər Əliyevin mənalı və şərəfli ömür yolunu, çoxşaxəli siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.

Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev çıxış etdi. Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, memarı olan Heydər Əliyevin türk dünyasının ən nəhəng şəxsiyyətlərindən biri olduğunu qeyd edən sədr diqqətə çatdırdı ki, sözün əsl mənasında Azərbaycanın simvoluna çevrilən Heydər Əliyev artıq 13 ildir ki, fiziki mənada bizdən ayrı düşsə də, onun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında, hər bir azərbaycanlının qəlbində yaşayır, Ulu Öndərin doğum günü və anım günləri Azərbaycanın bütün bölgələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində də geniş qeyd olunur, Heydər Əliyevin xatirəsi dərin ehtiramla, kədərlə, eyni zamanda şərəflə, yüksək fəxarət hissi ilə yad edilir. Heydər Əliyevin bütün həyatını xalqımıza, millətimizə, dövlətçiliyimizə həsr etdiyini xüsusi qeyd edən deputat Ulu Öndərin zəngin və şərəfli həyat fəaliyyətindən geniş bəhs etdi. Ş.Hacıyev bildirdi ki, Heydər Əliyev böyük missiyalar yerinə yetirmək üçün Tanrı tərəfindən seçilmiş nadir şəxsiyyətlərdəndir. O dövrdə heç kim düşünə bilməzdi ki, Naxçıvanda böyümüş, təhsil almış bir azərbaycanlı, türk oğlu bir gün SSRİ kimi nəhəng dövləti idarə edən Siyasi Büronun üzvü seçiləcəkdir. Heydər Əliyev sovetlər dönəmində də, sonradan müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə də hər zaman xalqı üçün misilsiz işlər görmüşdür. Azərbaycanda tikilmiş bütün zavodlar, fabriklər, elektrik stansiyaları, inşa olunmuş binalar, yollar və s. məhz Heydər Əliyevin yorulmaz əməyi, cəsarətli siyasəti, fərdi qabiliyyətləri və yüksək intellekti nəticəsində ərsəyə gəlmişdir.

Çıxışının davamında 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından danışan sədr qeyd etdi ki, bu bəhs edilən dövrdə Azərbaycan faktiki olaraq dağılmaq təhlükəsi ilə üzləşmişdi. Heydər Əliyev çox qısa müddətdə ölkədəki siyasi böhranı aradan qaldırdı, ölkə müstəqilliyini əsaslı şəkildə möhkəmləndirdi, Azərbaycanda tam yeni ictimai-iqtisadi quruluşun bərqərar olmasına, ölkəmizə külli miqdarda investisiya qoyuluşunun reallaşdırılmasına nail oldu. 20% ərazisi işğal olunmuş, 1 milyon qaçqını olan, əhalisinin 50%-inin yoxsul vəziyyətdə yaşadığı və xəzinəsi boş olan ölkəyə gələn kapital isə yalnız Heydər Əliyev şəxsiyyətinə qoyulumuş investisiyalar idi. Ölkədə aparılmış bütün sosial-iqtisadi islahatlar məhz Heydər Əliyevin adı ilə bağlıdır və onun gələcəyə yönəlik, bizim bu günümüzə, sabahımıza yönəlik praqmatik siyasətinin nəticəsidir. Bura neft strategiyası, ordu quruculuğu, Konstitusiyanın qəbulu, ölkədə bazar iqtisadiyyatının fundamental əsaslarının qurulması və s. işlər daxildir. Heydər Əliyevin Azərbaycan xalqına daha bir mirası varisini hələ sağlığında seçməsidir. Heydər Əliyev seçimlərində heç vaxt yanılmamışdır, bu dəfəki qərarında da yanılmadı. Azərbaycanın 2004-cü ildən etibarən daha da dinamik və sürətli inkişaf dövrü başladı, ölkəmiz beynəlxalq aləmdə tanındı. Bu uğurlu siyasət bu gün də qətiyyətlə davam etdirilir. Cənab Prezidentin son sərəncamlarında iqtisadiyyatın bütün sahələri üzrə strateji inkişafın yol xəritələrinin qəbul olunması bu dediklərimizə dəlalət edir. Belə bir rəhbəri olan ölkədə yaşamaq hər birimizdə fəxarət hissi doğurur. Təbii ki, bütün bunların yaradılmasında Ulu Öndər Heydər Əliyevin rolu olduqca böyükdür, misilsizdir, danılmazdır. Heydər Əliyev haqqında çox əsərlər yazılıb, onun üçün çox heykəllər, büstlər ucaldıb, ancaq Heydər Əliyevin ən böyük heykəli hər bir azərbaycanlının qəlbində, ürəyində elə onun özü tərəfindən ucaldılıb. Ulu Öndər elə bir iz, elə bir miras qoymuşdur ki, bu izi silmək mümkün deyildir. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, nə qədər ki, Azərbaycan dövləti, milləti var, Heydər Əliyev də var olacaq, yaşayacaqdır. Allah ona qəni-qəni rəhmət eləsin, ruhu şad olsun!

Çıxış edən şair-publisist, sabiq deputat Minayə xanım Əliyeva və digərləri Ümummili Liderlə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşdılar. Qeyd olundu ki, Ulu Öndərin ucalığı, dahiliyi illər, əsrlər keçdikcə yaşayacaq, bu zaman məsafəsi çoxaldıqca Heydər Əliyev ilə canından çox sevdiyi Azərbaycan xalqı, hər bir azərbaycanlı arasındakı qəlb məsafəsi azalacaq, onun əbədiyaşar ideyaları daim var olacaq və aktuallığını qoruyacaqdır.

Allah rəhmət eləsin!