YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi

20 dekabr 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

Rayon təşkilatının İdarə Heyəti üzvlərinin, ərazi ilk partiya təşkilatları sədrlərinin və rayon təşkilatının aparat üzvlərinin iştirak etdiyi iclasa YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev sədrlik edirdi.

İlk öncə YAP Səbail rayon təşkilatının Nəzarət-təftiş komissiyasının sədri Səbuhi Gülməmmədov Komissiyanın 2016-cı il ərzində gördüyü işlər barədə hesabatla çıxış etdi. İl ərzində Komissiya tərəfindən ərazi ilk partiya təşkilatlarında keçirilmiş yığıncaqların protokolların mövcudluğu, üzvlük haqqı cədvəllərinin və üzvlük haqlarının ödənilməsi vəziyyəti, YAP sıralarına qəbulun vəziyyəti, YAP-a qəbul haqda ərizə və anketlərin vəziyyəti, uçot vərəqələrinin mövcudluğu və vəziyyəti, üzvlərin siyahısının mövcudluğu, uçota gələnlər və uçotdan çıxan üzvlərin sənədlərinin vəziyyəti üzrə araşdırmalar aparıldığını bildirən S.Gülməmmədov vurğuladı ki, aparılan araşdırmalar nəticəsində ərazi ilk partiya təşkilatlarının fəaliyyətində əvvəlki illərlə müqayisədə çox ciddi müsbət yönümlü dönüşlər qeydə alınmışdır. Hesabatla bağlı aparılan müzakirələrdən sonra YAP Səbail rayon təşkilatının Nəzarət-təftiş komissiyasının 2016-cı il üçün hesabatı səsə qoyuldu və yekdilliklə qəbul olundu.

Daha sonra rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənildi. “Komediya yaradıcıları” (Azərbaycan Dövlət Musiqili Teatrı) ərazi ilk partiya təşkilatının sədr müavini Vəfa Mühacirova, “Gəmi təmirçiləri” (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodu) ərazi ilk partiya təşkilatı sədri Əbülfət Əsədov“Mənzil istismarçıları” (Səbail rayon MKTB) ərazi ilk partiya təşkilatının sədri Anar Hüseynov təşkilatlarında görülən işlər haqqında məlumatlarla çıxış etdilər. Məlumatlar səsə qoyularaq yekdilliklə qəbul olundu.

İclasın davamında itirilmiş YAP üzvlük vəsiqələrinin bərpası ilə bağlı müraciətlərə və digər cari məsələlərə baxıldı.

Çıxış edən Sədr bu iclasın İdarə Heyətinin bu il üçün son iclası olduğunu qeyd edərək bildirdi ki, YAP Səbail rayon təşkilatının İdarə Heyəti bu il ərzində çox məhsuldar işləmiş və iş planına əsasən qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Təşkilatımız bu il bir çox yeniliklər, innovasiyalarla yadda qalmış və fəaliyyəti ilə digər rayon partiya təşkilatlarından seçilmişdir.

Bir neçə gün sonra ölkə Prezidenti İlham Əliyevin doğum günü olduğunu qeyd edən Ş.Hacıyev möhtərəm Prezidentimizi YAP Səbail rayon təşkilatının İdarə Heyətinin bütün üzvləri adından ürəkdən təbrik edərək ona möhkəm cansağlığı arzuladı. Allah onu Azərbaycana, xalqımıza çox görməsin. Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin sözün əsl mənasında formalaşmasında Prezidentimizin misilsiz xidmətləri vardır. Azərbaycanın nüfuzu bu gün region miqyasını aşıb, ardıcıl olaraq həyata keçirilən müstəqil xarici siyasət nəticəsində ölkəmizin regionda və beynəlxalq aləmdə nüfuzunun və təsirinin artması məhz möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Bütün dövlət başçıları, siyasi politoloqlar, müstəqil ekspertlər təsdiq edirlər ki, Azərbaycan bu gün “sabitlik adası”dır, tolerantlıq modeli nümunəsidir. Cənab Prezidentin Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində gördüyü işlər və yorulmaz fəaliyyəti hər birimiz üçün böyük nümunədir. Arzu edirik ki, İlham Əliyev ölkəmizə hələ azı 30 il də rəhbərlik eləsin.

İclasa yekun vuran Sədr qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün Yeni Azərbaycan Partiyası üzvlərini təbrik etdi, hamıya cansağlığı, uzun ömür və işlərində uğurlar arzuladı.