Səbail rayonunda “Fitnə” sənədli filminə ictimai baxış keçirildi

Dekabrın 21-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Fitnə” sənədli filminə ictimai baxış keçirildi.

Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Hadı Rəcəbli, millət vəkili Cavanşir Paşazadə, Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, din xadimləri, partiya fəalları, Səbail rayonu ictimaiyyət nümayəndələri, rayon sakinləri və gənclər iştirak etdilər.

İlk əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, ssenari müəllifinin Nadir Bədəlov, məsləhətçilərin Gündüz İsmayılov və Siyavuş Heydərov olduğu, ekspert qismində isə Milli Məclisin deputatı Elman Nəsirovun çıxış etdiyi “Fitnə” sənədli filmi nümayiş olundu.

Çıxış edən Şəmsəddin Hacıyev dəvəti qəbul edib tədbirə gəldiklərinə görə qonaqlara təşəkkür etdi və qeyd etdi ki, bu gün 250 nəfərlik auditoriyada nümayiş olunan “Fitnə” filmi çox ibrətamiz film olmaqla ürəkağrıdıcı və təəssüf doğurucu məqamlarla doludur. Cihad adı ilə din pərdəsi altında aparılan çirkin siyasətə qarşı Azərbaycan gənclərinin maarifləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan millət vəkili qeyd etdi ki, tarixən din amilindən siyasi məqsədlər üçün istifadə olunub. Bu gün də İslamın mahiyyətinin təhrif edilməsi və müsəlman ölkələrinin inkişafının qarşısının alınması üçün dini radikalizmdən istifadə edilir. Gənclərimizin belə fitnə-fəsadlara uyması, yoldan çıxması və ölümə getməsi faktlarının filmdə din xadimləri və siyasi ekspertlər tərəfindən təqdim olunan şərhlərlə çox gözəl göstərildiyini xüsusi qeyd edən Ş.Hacıyev bildirdi ki, “Fitnə” filmində çox tutarlı faktlar var, lakin bəzi gizli məqamlar sətiraltı verilib. Bu işi davam etdirmək, yeni filmlər çəkmək, bu kimi nəticələrə səbəb olan faktorları incəliyinə qədər təhlil etmək və geniş ictimaiyyətə çatdırmaq lazımdır. İslam dini birmənalı şəkildə günahsız insanların öldürülməsinə, savadsızlığa qarşıdır. Dini radikalizmlə və xurafatla mübarizə aparmaq üçün gənclərimizin elmli olmaları vacib şərtlərdəndir. Hər birimiz düzgün informasiya ilə silahlanmalıyıq, işlədiyimiz, çalışdığımız, olduğumuz bütün auditoriyalarda bunlar haqqında danışmalıyıq, maarifləndirmə işini genişləndirməli və sürətləndirməliyik, gənclərimizi, insanlarımızı düzgün yola dəvət etməliyik. “Fitnə” və bu mövzuda çəkilən digər filmlər mərkəzi televiziyada, bütün telekanallarda nümayiş olunmalı, mütəmadi şəkildə məktəblərdə, bütün ictimai təşkilatlarda, rayonlarda, hər yerdə göstərilməlidir.

Eldar Əzizov çıxışında dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filminin bu mübarizədə önəmli təsir gücünə malik olduğunu bildirdi. O, filmin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdi.

Mübariz Qurbanlı bildirdi ki, bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr var. Bu radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edən komitə sədri maarifləndirici sənədli filmlərin də radikal qruplara qoşulanların sayının azalmasına təsir göstərəcəyini dedi. Qeyd olundu ki, dini radikalizmin qurbanı olan insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilən şəxslərin timsalında bu problemin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğu “Fitnə” filmi vasitəsilə dolğun şəkildə göstərilir. Eyni zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olan birlik və bərabərlik, xalqımızın tolerantlıq ənənələri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılır. M.Qurbanlı dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdən danışaraq qeyd etdi ki, bununla bağlı respublikanın bütün bölgələrində çoxsaylı seminarlar, görüşlər keçirilir, həmçinin müxtəlif kitablar və digər çap materialları nəşr edilərək yayılır.

Tədbirə yekun vuran Şəmsəddin Hacıyev qeyd etdi ki, dini radikalizmi, dini fanatizmi yaradan çox amillər var, bunları gələcək filmlərdə nəzərə almaq lazımdır. Savadsızlıq cəhalətə aparan yoldur. Cəhalət radikalizm törədir, radikalizm fanatizm, separizm, terrorizm törədir. Bu kimi hallara qarşı təbliğatı ən aşağı siniflərdən başlamaq lazımdır.

Bu kimi hadisələrin Azərbaycandan çox da uzaq olmayan coğrafiyada baş verməsi və ölkəmiz üçün təhditlər yaratması faktına diqqət çəkən deputat bildirdi ki, ölkəmizdə həm din sahəsində, həm digər sahələrdə aparılan düşünülmüş siyasət nəticəsində Azərbaycanda nümunəvi sayıla biləcək səviyyədə siyasi, iqtisadi sabitlik təmin olunub, vətəndaş cəmiyyəti qurulub. Bu sabitlik möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan praqmatik siyasətin bilavasitə nəticəsidir. Sonda, üç gündən sonra ölkə rəhbərinin doğum günü olduğunu qeyd edən Ş.Hacıyev tədbir iştirakçıları adından cənab Prezidenti təbrik etdi, ona uzun ömür və cansağlığı arzuladı. Allah Prezidentimizi qorusun və ona bundan sonra azı otuz il daha ölkəyə rəhbərlik etməyi nəsib etsin!

Tədbirin videoyazısı
MədəniyyətTV
İTV
SəsTV