Səbail rayonunda “Müasir Azərbaycan – gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirildi
22.12.2016Dekabrın 22-də Səbailli gənclərin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Müasir Azərbaycan – gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirildi. Rayonun bütün sahələrində çalışan gənclərin təmsilçilərinin iştirakı ilə keçirilən tədbiri açıq elan edən Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov qeyd etdi ki, son illərdə ölkəmizdə əldə olunan uğur və nailiyyətlərin əsası məhz Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulmuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti bu gün də uğurla davam etdirir. Dünyada həqiqi lider kimi tanınan Azərbaycan rəhbəri dövlətçilik maraqlarımızın qorunmasında, əhalinin rifahının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş etdirir. Məhz buna görə də rayon fəallarının, müxtəlif təşkilatlarda çalışan və ali məktəblərdə təhsil alan gənclərin təşəbbüsü ilə Səbaildə “Müasir Azərbaycan – gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilməsinə qərar verilmiş, bununla bağlı yaradılmış təşkilat komitəsinə rayon gəncləri tərəfindən Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif sahələrini əhatə edən 45 monoqrafiya təqdim olunmuşdur.
Dəyirmi masa çərçivəsində məqalə müəlliflərinin çıxışları maraqla dinlənildi, müəlliflər iştirakçıların çoxsaylı suallarını cavablandırdılar.
Maraqlı diskusiya şəklində keçən tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, Ulu Öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyevin müasir Azərbaycan tarixindəki rolu öz əhəmiyyəti ilə heç nə ilə müqayisə oluna bilməz. Ona görə bu iki dahi insanın siyasətini öyrənib təbliğ etmək vacib məsələdir. Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi cənab Prezident artıq ölkə tarixində “Qurucu İlham” kimi təsdiq olunub. Bu gün Prezident İlham Əliyevin siyasi xətti hazırki mürəkkəb dövrdə yeganə və alternativsiz siyasətdir və bu siyasət Azərbaycanımızın gələcək inkişaf və tərəqqisinə təminat verir.
“Dəyirmi masa”nın işində iştirak edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev ölkədə aparılan dövlət gənclər siyasətindən, ölkə Prezidentinin bilavasitə təşəbbüsü və himayəsilə yaranmış və uğurla fəaliyyət göstərən Gənclər Fondundan, cari ilin sentyabrında Konstitusiyamıza növbəti dəyişikliklərlə bağlı keçirilmiş Referendumdan danışaraq qeyd etdi ki, fərəhləndirici haldır ki, Konstitusiyamıza təkilf olunan əlavə və dəyişikliklərin əksəriyyəti məhz gənclərimizlə bağlıdır. Mövcud Konstitusiyamıza görə gənclərimizin karyera inkişafında, müəyyən vəzifələrə seçilməsində yaş senzi məhdudiyyətləri var idi. 26 sentyabrda uğurla baş tutan Referendum nəticəsində Yeni Konstitusiya qüvvəyə mindi. Artıq 18 yaşı tamam olan hər bir Azərbaycan gənci seçkili orqanlarda təmsil oluna bilər. Bu, ölkə rəhbəri tərəfindən gənclərimizə göstərilən yüksək etimadın ən bariz nümunəsidir. Ölkəmizdə gənclərimizin özünüinkişafı, bir neçə xarici dil bilən, qabaqcıl texnologiyalar barədə məlumatı olan bacarıqlı mütəxəssislər kimi formalaşmaları üçün hər cür imkan və şəraitin yaradıldığını xüsusi vurğulayan millət vəkili bildirdi ki, biz bu gün çox dəyişkən, dinamik, ziddiyyətli dünyada yaşayırıq, informasiya əsrindəyik, gənclərimiz cəmiyyət üçün yararlı, faydalı vətəndaş kimi formalaşmaq üçün daim oxumalı, öyrənməli, biliklərini inkişaf etdirməlidirlər. Cəmiyyətin inkişafı ilə əlaqədar müəyyən problemlərin ortaya çıxması təbiidir, inkişaf varsa problem də olacaqdır. Gənclərimiz özlərində məsələlərə tənqidi yanaşmanı inkişaf etdirsələr yaxşı olar, problemləri göstərmək və həll yollarını araşdırmaq lazımdır.
Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrün siyasi, iqtisadi, sosial aspektlərinə toxunan Ş.Hacıyev xüsusi vurğuladı ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı inkişaf yoluna çıxartdı, cəmiyyətin bütün sütünlarını formalaşdırdı, yeni qanunvericilik bazası, institutlar yaratdı. Ölkədə 2004-cü ildən başlayaraq ötən dövr ərzində bütün makroiqtisadi göstəricilər üzrə ciddi irəliləyişlər əldə olundu, yoxsulluq, işsizlik səviyyəsi azaldıldı, təhsil, səhiyyə, iqtisadi inkişaf səviyyəsi xeyli yüksəldildi, Azərbaycana cəlb olunan investisiyaların həcmində yüz dəfədən çox artım qeydə alındı, regionaların sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar uğurla icra olundu, Azərbaycan dünyanın ən möhtəşəm qurumunun – BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu gün Azərbaycan dünyaya tamamilə yeni keyfiyyətdə təqdim olunur. Post-neft dövrünə qədəm qoyan Azərbaycan gələcəyə inamla baxır, buna “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında öz əksini tapan vəzifə və məqsədlər, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə qeyd olunan makro və mikro səviyyələrdəki strateji hədəflər ciddi əsaslar yaradır. Qeyd olunan bütün bu nailiyyətlər möhtərəm Prezidentimiz İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə əldə olunmuşdur. Əminik ki, bu strateji hədəflərin reallaşması həm Azərbaycanımızı çox böyük qələbələrə aparacaq, həm müdafiə qüdrətimizi yüksəldəcək, eyni zamanda gənclərimiz üçün çox daha yaxşı şəraitin yaradılmasına səbəb olacaqdır.
Çıxış edən Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov və başqaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarına və gələcək perspektivlərinə həsr olunmuş məqalələrin əhəmiyyəti, onların gələcək nəslin tərbiyəsi və maarifləndirilməsi istiqamətindəki rolundan danışdılar.
“Dəyirmi masa”nın sonunda təşkilat komitəsi tərəfindən seçilmiş monoqrafiyaların bir daha işlənilərək kitab şəklində çap olunması qərara alındı və Səbail gəncləri adından Azərbaycan gənclərinə BƏYANAT qəbul olundu.
Tədbirin videoyazısı
AzTV
İTV
SpaceTV