Milli Azərbaycan Tarixi Muzeyində “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olumuş tədbir keçirildi
27.12.2016Dekabrın 27-də Milli Azərbaycan Tarixi Muzeyində “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir Muzey və YAP Səbail rayon təşkilatı nəzdindəki “Azərbaycan Tarixçiləri ilk ərazi təşkilatı” ilə birgə təşkil olunmuşdu.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı 1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün əhəmiyyətindən və dövlətimizin Muzeyə olan qayğısı nəticəsində milli-mədəni irsimizin gənc nəsillərə daha yaxşı təbliğ edilmə imkanlarından danışdı.
Daha sonra YAP Səbail rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev, Ombudsman Aparatının əməkdaşı Ziba Məmmədova, 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin müdiri Bəkir Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq, xaricdə yaşayan azərbaycanlılara dövlətimizin qayğısından bəhs etdilər. Bildirildi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qəbul edilmiş qərarın nəticəsi olaraq qeyd edilən bu bayram soydaşlarımıza Vətənə məhəbbət və milli dəyərlərimizə hörmət kimi mənəvi-əxlaqi keyfiyyətlər aşılayır.
Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdi. Bədii hissədə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri, Nəsimi rayonu A.S.Loginov adına 8 saylı tam orta məktəbin şagirdləri, Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin nəzdində fəaliyyət göstərən “H.Z.Tağıyev klubu”nun “Sonalar” rəqs qrupunun üzvləri çıxış etdilər. Bədii hissədə Azərbaycana həsr olunmuş şeirlər səsləndirildi, musiqi nömrələri ifa olundu.
Tədbirdən sonra qonaqlar Milli Azərbaycan Tarixi Muzeyinin elmi-ekspozisiyası və “Qadın bəzək geyimləri” sərgisi ilə tanış oldular.