YAP Səbail rayon təşkilatının “Mərkəzi ərazi” ilk partiya təşkilatının iclası keçirildi
27.12.2016Dekabrın 27-də YAP Səbail rayon təşkilatının “Mərkəzi ərazi” ilk partiya təşkilatının iclası keçirildi.
İclasda YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev, “Mərkəzi ərazi” ilk partiya təşkilatının sədri Məhəmmədəli Məmmədzadə və ərazi ilk partiya təşkilatında qeydiyyatda olan partiya üzvləri iştirak etdilər.
2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda partiya ideologiyasının möhkəmləndirilməsi, partiyaya sağlam əqidəli təəssübkeşlərin cəlb olunması və partiya sıralarının kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirilməsi kimi məsələlər müzakirə olundu.
Çıxış edən YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev, “Mərkəzi ərazi” ilk partiya təşkilatının sədri Məhəmmədəli Məmmədzadə, rayon təşkilatının İdarə Heyətinin üzvü Rizvan Vahabov, partiya üzvləri Neftçi futbol klubunun məşhur futbolçusu İsgəndər Cavadov, Rəfi Qurbanov və digərləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasındakı misilsiz xidmətlərini qeyd etdilər və bu müdrik siyasi kursun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sosial-iqtisadi sahələrdə son illərdə qazanılmış nailiyyətlər haqqında danışdılar. Bildirildi ki, hər bir Azərbaycanlının mənəvi borcu müstəqil Azərbaycan Respublikasının inkişafı və beynəlxalq arenadakı bugünkü nüfuzunun qazanılmasında böyük rol oynamış ölkə rəhbəri cənab Prezident İlham Əliyev ətrafında sıx birləşmək və hər zaman, hər işdə ona dəstək olmaqdan ibarətdir. Qeyd olundu ki, Azərbaycanın etibarlı gələcəyi məhz Ulu Öndər tərəfindən bizlərə miras qoyulmuş Azərbaycançılıq ideologiyasının yaşadılması və gənc nəsillərə bu ruhun aşılanmasından asılı olacaqdır.
Sonda iclas iştirakçıları qarşıdan gələn “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramı münasibətilə rayon təşkilatının kollektivi adından Yeni Azərbaycan partiyasının sədri cənab İlham Əliyev başda olmaqla bütün partiya üzvlərini təbrik etdilər, hamıya cansağlığı, uzun ömür, işlərində uğurlar arzuladılar.