Azərbaycan Xalça Muzeyində 20 Yanvar şəhidləri İlham və Fərizəyə həsr edilən “Sədaqət” xalçasının təqdimatı keçirildi

Yanvarın 18-də Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Anım mərasimində 20 yanvar şahidi, publisist Əmir Pəhləvan, AMEA-nın Tarix İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqov, 20 Yanavar Cəmiyyətinin  sədri Sultan Əzimzadə, “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri, milli qəhrəman bacısı Naibə Behbudova, İlham Allahverdiyev və Fərizə Nəbiyeva, “Sədaqət” xalçasının müəllifi Səməd Təbrizli iştirak etdilər.

İlk öncə 20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi.

Mərasimdə çıxış edən 20 yanvar şahidi, publisist Əmir Pəhləvan həmin gün gördüyü dəhşətli hadisə haqqında danışdı: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri dinc əhaliyə divan tuturaq, yüzlərlə insan qətlə yetirilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olub. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. 20 Yanvar şəhidlərinə Allah rəhmət eləsin. Ailələrinə səbr versin. Biz onları heç vaxt unutmayacağıq”.

Anım mərasimində “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri, milli qəhrəman bacısı Naibə Behbudova, 20 Yanavar Cəmiyyətinin  sədri Sultan Əzimzadə və faciənin şahidləri çıxış edərək öz acı xatirələrini bölüşdülər.

Tədbir çərçivəsində Səməd Təbrizlinin müəllifi olduğu və 20 Yanvar şəhidləri İlham və Fərizəyə həsr edilən “Sədaqət” xalçası tədbir iştirakçılarına təqdim oldundu.

Tədbirin bədii hissəsində Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin “Şəhidlər yaşayır” adlı rəsm sərgisi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dramaturq-yazıçı Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” adlı tamaşasından bir hissə və Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdlərinin ifasında musiqili kompozisiya nümayiş olundu.