YAP Səbail rayon təşkilatında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
18.01.2017Yanvarın 18-də YAP Səbail rayon təşkilatında 20 Yanvar şəhidlərinin əziz xatirəsi anıldı. 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbirdə Səbail rayonunda yaşayan 20 Yanvar şəhidləri ailələrinin nümayəndələri, faciədə xəsarət almış əlillər, rayonun idarə və müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, partiyanın fəal gəncləri iştirak etdilər.
İlk öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev 20 Yanvar faciəsi ilə nəticələnən hadisələr, o dövrün ictimai-siyasi vəziyyəti, Azərbaycan SSR-nin və SSRİ-nin siyasi rəhbərliyinin respublikada gedən proseslərə dırnaqarası münasibətindən və xalqımızın müstəqillik uğrunda cəsarətli mübarizəsindən danışaraq qeyd etdi ki, 20 Yanvar faciəsi milli azadlıq tariximizin ən kədərli günlərindən biri olmaqla yanaşı bu faciə torpaqlarımızın ərazi bütövlüyünün qorunması uğrunda aparılan mübarizədə tamamilə yeni səhifə açdı və Azərbaycan xalqının yaddaşına əbədiyaşar qəhrəmanlıq səlnaməsi kimi həkk olundu. Topxana meşəsində baş verən məlum hadisələrdən sonra Azərbaycanda yüz minlərlə insan SSRİ rəhbərliyinə qarşı etiraz səsini ucaltdı. Bundan əvvəl keçmiş müttəfiq respublikalarından Qazaxıstanda, Gürcüstanda, Litvada da bənzər hadisələr baş versə də miqyası və vəhşəti baxımından ən böyük faciə Bakıda 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə yaşandı. Hər tərəfdən mühasirəyə alınmış Bakıda o dəhşətli gecədə əliyalın, silahsız 147 nəfər dinc sakin tam silahlanmış və əksəriyyətinin ermənilərdən ibarət Sovet ordusu və daxili qoşunların əsgərləri tərəfindən vəhşicəsinə qətlə yetirildi, 700 nəfərdən çox insan yaralandı. O dəhşətli qırğın gecəsindən sonra ölkəmizdə tamamilə yeni proseslər cərəyan etməyə başladı. Artıq on minlərlə, yüz minlərlə insan canından keçməyə hazır idi ki, Sovet rejimi dəyişsin və Azərbaycan müstəqillik əldə etsin. Hər zaman ən çətin, taleyüklü dönəmlərdə Azərbaycan xalqının yanında olan Ulu Öndər Heydər Əliyev 1990-cı ilin yanvar hadisələrində də xalqımızın səsinə səs verdi. Heydər Əliyevin yanvarın 21-də özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlişini xüsusi vurğulayan millət vəkili xalqımızın Ümummilli Liderinin beynəlxalq mətbuat nümayəndələri qarşısında çıxış etdiyi cəsarətli bəyanat haqqında ətraflı bəhs etdi. Sədr qeyd etdi ki, Heydər Əliyevin imperiyanın mərkəzində verdiyi bu bəyanatında 20 Yanvar faciəsinin əsas günahkarlarını – Azərbaycan SSR rəhbərlərini və SSRİ ali rəhbərliyini ifşa etməsi və bu dəhşətli hadisəni Azərbaycan xalqına qarşı törədilmiş cinayət adlandırması böyük cəsarət nümunəsi idi. Bu cinayətə siyasi qiymət də yalnız 1994-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasında hakimiyyətə qayıtdıqdan sonra mümkün oldu.
20 Yanvar şəhidlərinin ailə üzvlərinin və faciə zamanı xəsarət alaraq əlil olmuş vətəndaşlarımızın hər zaman ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğıyla əhatə olunması haqqında ətraflı danışan Ş.Hacıyev qeyd etdi ki, şəhid ailələri və faciə zamanı əlil olmuş bu insanlar bu gün bütün cəmiyyət tərəfindən dəstəkləndiklərini, onların qəhrəmanlıqlarının daim yaşadıldığını hiss edirlər ki, bu da qəlbində Vətən, torpaq, müstəqillik, dövlətimizə sədaqət eşqi olan hər bir vətəndaşımız, xüsusilə gəclərimiz üçün örnəkdir. Bildirildi ki, Səbail rayonunda yaşayan on iki 20 Yanvar şəhid ailəsinin üzvləri YAP Səbail rayon təşkilatı tərəfindən daim diqqətdə saxlanılırlar, bütün tədbirlərə dəvət olunurlar, onların problemləri hər zaman dinlənilir və müraciətlərin həlli istiqamətində müvafiq işlər görülür.
2003-cü ildən etibarən yeni bir inkişaf dövrünə qədəm qoyan Azərbaycanın sistemli və kompleks inkişafından danışan sədr Azərbaycanın dünyada artan nüfuzu, regionun lider ölkəsinə çevrilməsi, ölkəmizdə hüquqi vətəndaş cəmiyyətinin qurulması istiqamətində atılan addımlar və əhalinin rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən məqsədli sosial-iqtisadi proqramlar haqqında ətraflı məlumat verdi. Dünyada və yaxın coğrafiyada ciddi mövqeyə sahib olan Azərbaycanla hesablaşırlar, Azərbaycanın razılığı və iştirakı olmadan regionumuzda heç bir qlobal və regional əhəmiyyətli iqtisadi layihə icra oluna bilməz. Biz ölkəmizdə mövcud olan əmin-amanlığı, sabitliyi, xalq-iqtidar və ordu birliyini qoruyub saxlamalıyıq. Hazırda iqtisadi cəhətdən yaşanan bəzi çətinliklərdən danışan sədr, qeyd etdi ki, bu istiqamətdə ciddi işlər görülür, yeni qəbul olunmuş Strateji Yol Xəritələrinin reallaşdırılması üçün artıq əməli fəlaiyyətə başlanılmışdır. 2017-ci ildə bəzi çətinliklərin mövcud olacağı gözlənilsədə, 2018-ci ildən Azərbaycan üçün yeni iqtisadi yüksəliş illəri başlayacaqdır.
Allah şəhidlərimizə, Azərbaycanın həlak olmuş qəhrəman oğul və qızlarına qəni-qəni rəhmət eləsin, ruhları şad olsun. Allah xalqımızı, Prezidentimizi qorusun!
Tədbirdə çıxış edən 20 Yanvar şəhidlərinin ailə üzvləri, Fərman Məmmədov, Cavid Abdullayev və digərləri o məşum gecə ilə bağlı xatirələrini danışaraq bildirdilər ki, Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə uca tutulacaqdır.
Tədbirdən sonra Ş.Hacıyev Səbail rayonunda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşdü. Görüşdə iştirak edənlər onlara göstərilən yüksək diqqət və qayğıya görə şəhid ailələri və əlillər adından ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə edərək onları narahat edən problemlərdən danışdılar. Millət vəkili qeyd olunan problemləri diqqətdə saxlayacağını, müraciətlərə əsasən aidiyyati qurumlarla birgə bu məsələlərin həllinə çalışacağını və bu istiqamətdə səlahiyyətləri çərçivəsində mümkün köməklik göstərəcəyini vurğuladı.
Tədbirin videoyazısı
AzərTAC
SəsTV