YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi

27 yanvar 2017-ci il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

İclasa YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev sədrlik edirdi.

İlk öncə YAP Səbail rayon təşkilatının ilk sədri, partiya təşkilatının yaradıcılarından biri olan mərhum prof. Zahid Qaralovun və son aylar ərzində dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sədr YAP Səbail rayon təşkilatının 2017-ci il üçün ilkin variantda tərtib olunmuş iş planı haqqında məlumat verdi, il boyu nəzərdə tutulmuş tədbirlər və görüləcək işlər barədə fikir və təkliflərini səsləndirdi. Bildirildi ki, 33 bənddən ibarət olmaqla geniş fəaliyyət kontekstində tərtib olunmuş iş planında ənənəvi olaraq hər il keçirilən əlamətdar tarixlərə həsr olunmuş tədbirlər, o cümlədən ölkəmizin ictimai-siyasi və mədəni həyatında gedən proseslərlə bağlı siyasi, sosial və digər istiqamətli çoxsaylı tədbirlər öz əksini tapmış, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 94 illiyi və Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə xüsusi tədbirlər planı planlaşdırılmışdır. 2017-ci ilin ölkə rəhbəri möhtərəm cənab Prezident İlham Əliyevin sərəncamı ilə “İslam həmrəyliyi ili” elan olunmasını xüsusi qeyd edən Ş.Hacıyev vurğuladı ki, bununla əlaqədar olaraq, rayon və respublika səviyyəsində islam dünyasının tarixi, mədəniyyəti, siyasi-iqtisadi, dini xüsusiyyətləri ilə əlaqədar silsilə tədbirlərin təşkil edilməsi, Səbail rayon İcra Hakimiyyəti ilə birgə görüşlərin, dəyirmi masaların, elmi-praktiki konfransların keçirilməsi planlaşdırılmışdır.

Sonra YAP Səbail rayon təşkilatının 2017-ci il üçün iş planı, rayon təşkilatının Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar silsilə tədbirlərin təşkili üçün tədbirlər planı və Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə tədbirlər planı müzakirə olundu və yekdilliklə təsdiq olundu.

İclasın davamında rayon təşkilatının Nəzarət-təftiş komissiyasının 2017-ci il üçün iş planı müzakirə olundu və yekdilliklə təsdiq olundu.

Cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vuruldu.

İclasın videoyazısı