YAP Gənclər Birliyinin 2016-cı ildəki fəaliyyətinin yekunlarına və “2 fevral – Gənclər Günü”nə həsr olunan tədbir keçirildi

Yanvarın 28-də  Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi 2016-cı ilin yekunları və “2 fevral-Gənclər Günü”nə həsr olunmuş tədbir keçirdi. Tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – İcra katibi Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, dövlət və hökumət rəsmiləri, deputatlar, partiyanın gənc üzvləri iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra Azərbaycanda dövlət gənclər siyasəti və YAP Gənclər Birliyinin fəaliyyəti haqqında geniş məlumat verildi və YAP GB-nin 2016-cı ildəki fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirildi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov gəncləri “2 fevral-Gənclər Günü” münasibətilə təbrik etdi. Əli Əhmədov bildirdi ki, Azərbaycan 2016-cı ili uğurla başa vurub və 2017-ci ilə böyük ümidlərlə daxil olmuşuq: «İnanıram ki, 2017-ci il Azəraycanın həyatında, inkişafında çox əhəmiyyətli dəyişikliklərin növbəti başlanğıc nöqtələrindən birinə çevriləcək».

YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirən Əli Əhmədovun sözlərinə görə, 2016-cı ildə də gənclərimizin fəaliyyəti geniş olub. O qeyd etdi ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda Gənclər Birliyinin də rolunun artması sevindiricidir: «Məmnunluq hissi ilə demək istəyirəm ki, partiyamızın sıralarında gənclərin sayı artır və özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, həm də gələcəyi ilə bağlı böyük perspektivlərə malik olduğunu ifadə edir. Getdikcə daha çox fəal, intellektual, vətənpərvər, sağlam ruhlu gənclər öz talelərini YAP-la bağlayırlar və Heydər Əliyev idyalarına sadiqliyi, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər. Eyni zamanda, gənclər partiyamızın üzvü olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına  əhəmiyyətli bir təminat əldə etmiş olurlar».

Son illər Azərbaycanın böyük uğurlar əldə etdiyini deyən Baş nazirin müavini qeyd etdi ki, ölkəmizdə mühüm yeniliklər, dəyişikliklər baş verib. Onun fikrincə, ən vacib dəyişikliklərdən biri yüksək intellektli, vətənpərvər, sağlam iddialı gənc nəslin formalaşdırılmasıdır. Azərbaycanın qarşısında yeni hədəflərin dayandığını xatırladan Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə islahatların, bütövlükdə inkişafın yeni mərhələsinin başlandığını vurğuladı. YAP Sədrinin müavini partiyanın gənclərinə inkişafın yeni mərhələsi ilə əlaqədar həyata keçirilən genişmiqyaslı tədbirlərin ictimaiyyət arasında geniş təbliği prosesində fəal iştirak etməyi tövsiyə etdi. Əli Əhmədov YAP Gənclər Birliyinə gələcək fəaliyyətində uğurlar arzuladı.

Tədbirdə daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, YAP təqaüdçüsü Məcid Nəcəfli, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin üzvü Tehranə Qasımova, BDU-nun tələbəsi, YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü Zeyvə Tağızadə və YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvü Tamerlan Əkbərov çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin uğurları, Yeni Azərbaycan Partiyasının gəncliyin inkişafı istiqamətində reallaşdırdığı  tədbirlərin əhəmiyyətini vurğuladılar.

Sonra tədbirdə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş bir qrup idmançıya YAP-ın üzvlük vəsiqələri, ötən il YAP Gənclər Birliyinin fəaliyyətində aktivliyi ilə seçilmiş gənclərə fəxri fərman və hədiyyələr təqdim olundu.

Tədbir bədii hissə ilə davam etdi.

Tədbirin videoyazısı
AzərTAC
SəsTV