YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının 2017-ci il üçün fəaliyyət planı təsdiqləndi

31 yanvar 2017-ci il tarixində YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının İdarə Heyətinin iclası keçirildi.

Çıxış edən rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova Qadınlar Şurasının 2017-ci il üçün ilkin variantda tərtib olunmuş fəaliyyət planı haqqında məlumat verərək qeyd etdi ki, biz, qadınlar – siyasi mədəniyyətimizi, siyasi iradəmizi ortaya qoyaraq, fəaliyyətimizi rayon partiya təşkilatının tərkib hissəsi kimi icra edirik. Rayon təşkilatının təsdiq olunmuş iş planına əsasən yeni təqvim ili üçün hazırlanmış fəaliyyət planımızda cəmiyyətin ictimai-siyasi həyatının bütün sahələri öz əksini tapıb. 2016-cı ildə olduğu kimi 2017-ci ilin də yüksək siyasi dinamikliyə malik olacağı gözlənilir. Bu il rayon təşkilatımızın XI Konfransı keçiriləcəkdir. Bununla əlaqədar olaraq, partiya təşkilatının bütün ilk ərazi təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir. YAP Səbail rayon təşkilatı hər zaman əməli işləri, keçirdiyi tədbirləri, partiya rəhbərliyinin verdiyi tapşırıqların dolğun icrası ilə seçilmişdir. Əminik ki, təşkilatımız bu il də gözəl işlərə, yeniliklərə imza atacaqdır. Biz də təşkilatın qadınlar qolu olaraq öz növbəmizdə üzərimizə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gələcəyik.

2017-ci ilin ölkə rəhbəri möhtərəm cənab Prezident İlham Əliyevin sərəncamı ilə “İslam həmrəyliyi ili” elan olunması haqqında danışan T.Kərimova diqqətə çatdırdı ki, cənab Prezidentin apardığı siyasi ideologiya xəttinə uyğun olaraq bu il də ölkəmiz islam dünyasında həmrəylik ideyalarının möhkəmləndirilməsinə, islam ölkələri arasında ticarət-iqtisadi əlaqələrin daha da güclənməsinə öz töhfələrini verəcəkdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasi xətt müstəqil və modern dövlətimizi bundan sonra da qüdrətləndirəcəkdir.

Sonra YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının 2017-ci il üçün fəaliyyət planı maddələr üzrə müzakirə olundu və yekdilliklə təsdiq olundu.