Səbail rayonunda “2 Fevral – Gənclər Günü” münasibətilə tədbir keçirildi

Fevralın 1-də Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “2 Fevral – Gənclər Günü” münasibətilə tədbir keçirildi.

Tədbirdə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov iştirak etdilər.

İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Təbrik iştirakçılarını salamlayan Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov bu əlamətdar gün münasibətilə bütün Azərbaycan gənclərini təbrik etdi. 2 fevral tarixinin “Gənclər Günü” kimi qeyd olunmasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan V.Mürsəlov qeyd etdi ki, o, sovetlər dövründə də Azərbaycanda hakimiyyətdə olduğu illərdə gəncləri daim diqqətdə saxlamış, onlara xüsusi qayğı göstərmişdir. Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra “Gənclər Günü”nün MDB məkanında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlanılması, ölkəmizdə dövlət gənclər siyasətinin əsasının qoyulması, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması da məhz bu diqqət və qayğının bariz nümunələridir. Bu siyasi kurs möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olunmuş, Gənclər Fondu təsis olunmuş, gənclərimizin inkişafı ilə bağlı xüsusi dövlət proqramları icra olunmağa başlanılmışdır. Fərəhləndirici haldır ki, Azərbaycan gəncliyi cənab Prezidentin gənclərə olan diqqətini, qayğısını yüksək qiymətləndirirlər və ölkə rəhbəri ətrafında sıx birləşərək, möhtərəm Prezidentimizin siyasətini dəstəkləyirlər.

Çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev rayon rəhbərliyi adından gəncləri təbrik etdi. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın mürəkkəb siyasi-iqtisadi vəziyyətindən və dövlətçiliyimiz üçün yaranmış təhlükələrdən bəhs edən E.Ağayev vurğuladı ki, Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, müstəqil Azərbaycan dövləti dirçəlməyə başladı. Günümüzün reallıqları, dünyada və regionda gedən proseslər, yeni dövrün problem və çağırışları haqqında gənclərə ətraflı məlumat verən natiq qeyd etdi ki, Azərbaycan dərin islahatlar mərhələsindədir ölkəmizdə əmin-amanlıq, iqtisadi-siyasi sabitlik hökm sürür, biz gələcəyə inamla gedirik. Ölkəmizdə dünya standartlarına uyğun təhsil almaq, özünü yüksək səviyyəli mütəxəssis kimi yetişdirmək üçün gənclərimizə hər cür şərait yaradılmışdır. Gənclərimizi bu imkanlardan istifadə etməyə çağıran E.Ağayev bu yolda hamıya uğurlar arzu etdi.

“2 Fevral – Gənclər Günü” münasibətilə gəncləri ürəkdən təbrik edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bu əlamətdar günün tarixindən danışdı. Görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1996-cı ildə baş tutmuş Azərbaycan Gənclərinin I Forumunun keçirilməsinin tarixi əhəmiyyətinə diqqət çəkən sədr bildirdi ki, bu Forumun keçirilmə gününün Azərbaycanda hər il “Gənclər Günü” kimi qeyd olunması xüsusi önəm kəsb edir. Bu gün Azərbaycan gəncliyi qürur duyulacaq səviyyədə inkişaf etmiş bir gənclikdir. Cəmiyyətdə həyata keçirilən bütün müsbət dəyişikliklər hər zaman gənclərin adı ilə bağlı olmuşdur. Əminik ki, bu gün ölkəmizdə formalaşmış savadlı, kreativ gənclər bizi uğurlu gələcəyə aparacaqlar, cəmiyyətin inkişafına töhfə verən layiqli vətəndaşlar olacaqlar, Vətənimizə, dövlətimizə canla-başla xidmət edəcəklər.

Ölkəmizdə Gənclər Gününün qeyd olunması, Gənclər Fondunun uğurla fəaliyyət göstərməsi, gənclərimiz üçün Prezident mükafatının təsis olunması, gənclərin inkişafı üzrə dövlət proqramlarının qəbul olunaraq müvəffəqiyyətlə icra olunması, Gənclər və İdman Nazirliyinin yüksək səviyyəli fəaliyyəti haqqında ətraflı bəhs edən millət vəkili qeyd etdi ki, ölkəmizdə ən müasir tələblərə, standartlara cavab verən məktəblər, təhsil və səhiyyə ocaqları fəaliyyət göstərir, bu da gənc nəslin, uşaqlarımızın cəmiyyət üçün faydalı gənclər, vətəndaşlar kimi formalaşmasına əvəzsiz töhfələr verir. Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə möhtərəm Prezident İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 26 yanvar 2015-ci il tarixində imzalanmış sərəncam bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir.

Dünya siyasəti və iqtisadiyyatının mürəkkəb konyukturasından danışan Ş.Hacıyev bildirdi ki, dünyada artıq yeni beynəlxalq münasibətlər sistemi formalaşır, ölkələr arasındakı beynəlxalq ticari-iqtisadi əlaqələrdə xaosa bənzər tendensiyalar müşahidə olunmağa başlayıb, əvvəllər inteqrasiyaya, sərhədlərin silinməsinə can atan dünyada indi dezinteqrasiya prosesləri gedir, Avropa İttifaqı üzvləri arasında “domino effekti”nə səbəb ola biləcək siqnallar nəzərə çarpır və s. Bu qeyri-konstruktiv qlobal proseslərin fonunda Azərbaycan cəmiyyəti stabil inkişaf edir, multikultural dəyərlər Konstitusiyamızda təsbit olunmaqla yanaşı, artıq hər birimizin həyat tərzinə çevrilmişdir. Azərbaycan tamamilə yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə neftsiz iqtisadiyyat formalaşdırılır, qeyri-neft sektoru inkişaf etdirilir, neft gəlirləri ilə makroiqtisadi dayanıqlılıq artırılır, əhalinin rifah səviyyəsinin yüksəldilməsi üçün sosial proqramlar reallaşdırılır. Bugünki gündə ən ümdə vəzifəmizin ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyi qorumaq olduğunu xüsusi vurğulayan deputat sonda bütün Azərbaycan gənclərini bayram münasibətilə bir daha təbrik etdi, qüdrətli, zəngin və modern Azərbaycan naminə gənclərimizi daha da fəal, dinamik, yenilikçi olmağa çağırdı və gənclərimizə Vətəninə, dövlətinə, Prezidentinə xidmət edən fəaliyyətlərində uğurlar arzuladı.

Gənclər adından çıxış edən İkram Əliyev və başqaları cənab Prezident İlham Əliyevə gənclərə göstərdiyi yüksək etimad, qayğı və diqqətə görə təşəkkür etdilər, ölkə rəhbərinin siyasətini dəstəklədiklərini və müstəqil dövlətçiliyimizin keşiyində bundan sonra da dayanmağa hazır olduqlarını bildirdilər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında xüsusi fəallığı ilə seçilən gənclər Fəxri Fərmanlar və qiymətli hədiyyələrlə təltif olundular.

Tədbirin videoyazısı