YAP Səbail rayon “Əmək normaçıları” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

07 fevral 2017-ci il tarixində YAP Səbail rayon “Əmək normaçıları” (SOCAR-ın Əmək şəraitinin və normalarının işlənmə idarəsinin baş ofisi) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.

Ərazi ilk partiya təşkilatının sədri Telman Məhəmmədov hesabat məruzəsi ilə çıxış etdi. İdarədə çalışan 90 nəfər əməkdaşdan 58 nəfərinin Yeni Azərbaycan Partiyasının üzvü olduğunu diqqətə çatdıran sədr qeyd etdi ki, üzvlərin 31 nəfəri qadınlardır. Fəaliyyət göstərdiyi müddət ərzində təşkilat sıralarının istər kəmiyyət, istərsə də keyfiyyət baxımından xeyli genişləndiyini xüsusi vurğulayan T.Məhəmmədov bildirdi ki, “Əmək normaçıları” ilk təşkilatının üzvləri ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər, rayon və respublika səviyyəli tədbirlərdə təmsil olunurlar, Prezident, Milli Məclis, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyalarında xüsusi fəallıqları ilə seçilirlər. “Biz müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin partiyasının sıralarında olmağımızla fəxr edirik. Partiya sədrimiz möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətini dəstəkləyirik. Gənclərimiz, qadınlarımız partiya sıralarında təqdirəlayiq işlər görürlər. Sevindirici haldır ki, təşkilat üzvlərimiz dəfələrlə rayon rəhbərliyi tərəfindən təşəkkürnamələr, xüsusi fərmanlarla təltif olunublar. Azərbaycan vətəndaşı və partiya üzvü kimi öhdəmizə düşən vəzifələri, tapşırıqları bundan sonra da layiqincə yerinə yetirməyə hazırıq.”

Çıxış edən “Əmək normaçıları” ilk təşkilatının üzvü Qasım Qasımov böyük siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının xalqın istəyi, dəstəyi ilə yaranmış partiya olduğunu qeyd etdi. Mərkəz-sağçı partiya olan YAP nəinki respublikada, regionda belə ən mütəşəkkil siyasi qüvvədir.  Ölkədə sosial yönümlü bazar iqtisadiyyatı quruculuğu, qeyri-neft sektorunun çoxşaxəli inkişafı, əhalinin rifahının yüksəldilməsi məqsədilə reallaşdırılan sosial proqramlar məhz tədrici, dayanıqlı və davamlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Ölkə rəhbərinin SOCAR-ı beynəlxalq şirkətə çevirmək məqsədinin reallaşdırılması üçün şirkət əməkdaşlarının bu istiqamətdəki fəaliyyəti haqqında danışan Q.Qasımov bildirdi ki, 2008-ci ilin “İKT ili” elan olunmasından başlayaraq şirkətdə bütün maliyyə-iqtisadi əməliyyatlar beynəlxalq standartlara uyğun aparılır, şirkət tərəfindən bir çox beynəlxalq proqram və layihələr icra olunur, “Əmək normaçıları” ilk təşkilatının üzvləri, YAP üzvü olan mütəxəssislər bu layihələrdə yaxından iştirak edirlər, rəhbərliyin bütün tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirirlər. SOCAR yüksək intellektuallı gənclərin xarici təcrübə qazanması üçün təqdirəlayiq işlər görür və şirkətdə gənclərin bilik və bacarığından, potensialından istifadə üçün gözəl əmək şəraiti yaradılmışdır.

Gənclər adından çıxış edən “Əmək normaçıları” ilk təşkilatının üzvü Kərim Qocayev bildirdi ki, təşkilat üzvləri YAP Səbail rayon təşkilatı tərəfindən təşkil olunan bütün siyasi-ideoloji, mədəni-kütləvi əhəmiyyətli rayon tədbirlərində yaxından iştirak edirlər, respublika səviyyəli tədbirlərdə təmsil olunurlar. “Biz, gənclər, Gənclərin dostu olan Prezidentimiz cənab İlham Əliyevlə, onun sədrlik etdiyi partiya ilə fəxr edirik. Gənclər adından söz veririk ki, bu zamana qədər partiyanın ictimai-siyasi həyatında necə fəal iştirak etmişiksə, bundan sonra da bizə göstərilən etimadı ən yüksək səviyyədə doğruldacağıq.”

Yığıncaqda ilk partiya təşkilatının yeni İdarə Heyətinin üzvləri, sədri, sədr müavini, eləcə də YAP Səbail rayon təşkilatının XI Konfransına nümayəndələr seçildi.

YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev adından yeni seçilən tərkibi təbrik edərək, onlara uğurlar arzulayan rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev çıxışında qeyd etdi ki, YAP bu gün istər ölkəmizdə, istər bütün Zaqafqaziya regionunda kəmiyyət və keyfiyyət tərkibinə görə ən yüksək mövqe tutur. Bu gün Yeni Azərbaycan Partiyasının bu səviyyədə inkişafı məhz böyük siyasət üstadı, dahi şəxsiyyət Heydər Əliyevin, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Azərbaycanın müttəfiq respublikaları sırasında bütün sosial-iqtisadi göstəricilərə görə geridə qalan respublika olduğunu qeyd edən M.Nağıyev diqqətə çatdırdı ki, Heydər Əliyev istər Sovetlər dövründə, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu müddət ərzində ölkədə ciddi islahatlar həyata keçirtdi, Azərbaycanı dünyaya tanıtdı, ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdi və Azərbaycanı bundan sonra da parlaq gələcəyə apara biləcək praqmatik lider İlham Əliyevə etibar etdi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, xüsusilə ordu quruculuğu sahəsində görülən işlərdən geniş bəhs edən sədr müavini əminliyini ifadə etdi ki, Azərbaycan bundan sonra da parlaq qələbələrə, böyük uğurlara imza atacaqdır. Bunun üçün hər birimiz fəal olmalı və xalqımızın etibarlı gələcəyi üçün ölkəmizdə formalaşmış ictimai-siyasi sabitliyi, xalq-iqtidar-ordu birliyini bundan sonra da qorumalıyıq.