YAP Səbail rayon “Mədəniyyət və turizm işçiləri” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

Fevralın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı “Mədəniyyət və turizm işçiləri” (Mədəniyyət və Turizm Nazirliyi) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.

Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri, ilk partiya təşkilatının sədri Yaşar Əliyev hesabat məruzəsi ilə çıxış etdi. Y.Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğıdan, xalq qarşısında tarixi xidmətlərindən danışaraq qeyd etdi ki, ölkəmizdə neft strategiyasından kənd təsərrüfatınadək aparılan böyük siyasətin prioritetləri məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilimişdir.

Diqqətə çatdırıldı ki, Azərbaycan mədəniyyətinin dünyada yüksək səviyyədə təbliğ olunmasının bünövrəsini də Ümummilli Lider qoyub. O, istər sovet dövründə, istərsə də müstəqillik illərində mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərib. Hazırda Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir. Bu uzaqgörən siyasətin nəticəsində Azərbaycan regionun və dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.

YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev çıxış edərək, inkişaf edən ölkəmizin əldə etdiyi yüksək nailiyyətlərdə yarandığı gündən Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən Yeni Azərbaycan Partiyasının rolundan bəhs etdi. 1992-ci ildə təsis edilmiş Yeni Azərbaycan Partiyasının ağır, çətin sınaqlardan uğurla çıxdığı, Azərbaycan Respublikasının müstəqilliyinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qorunub- saxlanıldığı vurğulandı. Bildirildi ki, 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın sıralarının genişlənərək, 700 minə çatması bu partiyaya xalqın inamının bariz nümunəsidir. M.Nağıyev YAP ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirdi.

Çıxışlardan sonra gündəlikdə duran digər məsələlər nəzərdən keçirildi. Partiya üzvləri də öz fikir və rəylərini bildirdilər.

Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri, sədr müavini və İdarə Heyətinin üzvləri, YAP Səbail rayon təşkilatının XI konfransına 3 nəfər nümayəndə müəyyən olundu.

Daha sonra YAP sıralarına daxil olmaq arzusunda olan gənclərin müraciətlərinə baxıldı və müvafiq qərar qəbul edildi.