YAP Səbail rayon təşkilatının təsis edilməsinin 24-cü ildönümünə və 2016-cı ildə görülmüş işlərin yekunlarına həsr edilmiş tədbir keçirildi
22.02.2017Fevralın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təsis edilməsinin 24-cü ildönümünə və 2016-cı ildə görülmüş işlərin yekunlarına həsr edilmiş tədbir keçirildi.
“Monolit Plaza” otelində keçirilmiş tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, rayonun idarə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti nümayəndələri, partiya təşkilatının Rayon Şurası və İdarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiyanın gənc fəalları, tələbələr və çoxsaylı qonaqlar iştirak etdilər.
Qonaqları salamlayan Şəmsəddin Hacıyev partiya təşkilatının təsis olunmasının 24-cü ildönümü münasibətilə partiya təəssübkeşlərini təbrik edərək, qeyd etdi ki, YAP Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ildə təsis olunduqdan sonra ilk yaranan rayon təşkilatlarından biri Səbail rayon təşkilatı olmuşdur. Ötən dövr ərzində partiya təşkilatının keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolundan bəhs edən sədr diqqətə çatdırdı ki, YAP Səbail rayon təşkilatı partiya siyasətinin təbliğində hər zaman avanqard rol oynamış və bu istiqamətdə uğurla fəaliyyət göstərmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf edərək mühüm nailiyyətlər qazandığını vurğulayan Ş.Hacıyev bu uğurlarda üzvlərinin sayı 700 minə çatan YAP-ın mühüm rol oynadığını bildirdi. Diqqətə çatdırıldı ki, bu gün YAP böyük ictimai-siyasi qüvvə olmaqla yanaşı, regionun ən böyük, qüdrətli və mütəşəkkil partiyasıdır. 2016-cı ildə dünyada yaşanan qlobal maliyyə və iqtisadi böhranın Azərbaycana da təsirsiz ötüşmədiyini diqqətə çatdıran Ş.Hacıyev qeyd etdi ki, buna baxmayaraq, ölkəmizdə siyasi və iqtisadi sabitliyin təmin olunması mühüm nailiyyətlərdən biridir. Ölkəmizdə formalaşdırılmış möhkəm xalq-iqtidar-ordu birliyi ən böyük uğurumuz və gələcəyimizin təminatıdır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrdə iqtisadiyyatın bütün sahələrində mühüm islahatlar həyata keçirilir. Qeyri-neft sektorunun inkişafını nəzərdə tutan və 12 sahəni əhatə edən, uzun müddətə hesablanan “Strateji yol xəritələri”nin qəbul olunması mühüm hadisədir. Ötən il ölkəmizin həyatında ən mühüm ictimai-siyasi hadisələrindən biri kimi referendumun önəmini qeyd edən Ş.Hacıyev bu prosesdə YAP-ın, o cümlədən təşkilatın da fəal iştirak etdiyini vurğuladı.
Bayram tədbirinin çox əlamətdar tarixə təsadüf etdiyini bildirən sədr Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın Sədr müavini, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edərək, ona bu şərəfli və məsuliyyətli işində böyük uğurlar arzuladı. Bu təyinatın Yeni Azərbaycan Partiyasının da böyük nailiyyəti kimi qiymətləndirən Ş.Hacıyev əminliklə qeyd etdi ki, zəfərlər partiyası olan YAP ölkə rəhbəri cənab İlham Əliyevin sədrliyi ilə gələcəkdə daha da parlaq uğurlara imza atmağa davam edəcəkdir. Biz Prezidentimizlə fəxr edirik, qürur duyuruq ki, Azərbaycanın beynəlxalq nüfuzunu günü-gündən yüksəldən və ölkəmizi dünyada sayılıb-seçilən dövlətə çevirəcək qədər cəsarətli siyasət aparan siyasi liderimiz var.
Sonra YAP Səbail rayon təşkilatının 2016-cı il ərzindəki fəaliyyətinin yekunlarını əks etdirən təqdimat nümayiş olundu. Hesabat məruzəsində qeyd edildi ki, YAP Səbail rayon təşkilatının üzvlərinin sayı 24 min 509 nəfərdir. Bunlardan 13 min 725-i qadınlar (56%), 16 min 169 nəfəri (66%) isə gənclərdir. Hesabat dövründə partiyaya 499 nəfər üzv olub ki, onun da 369-u gənc, 270-i isə qadın olub. Rayon təşkilatı bələdiyyələrdə 8, Milli Məclisdə isə 9 üzvlə təmsil olunur. Ali təhsilli üzvlərin sayı 9021 nəfərdir ki, onlardan da 496-sı elmlər namizədi, 110-u isə elmlər doktorudur. Partiyanın “Qızıl Fondu” adlandırılan 91-lərdən 20 nəfəri rayon partiya təşkilatının üzvləridir. Ötən il YAP Səbail rayon təşkilatı ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak ediblər, müxtəlif konfrans, seminar, “dəyirmi masa” və müsabiqələr keçiriblər.
Milli Məclisin sədr müavini Bahar Muradova tədbirdə çıxış edərək xalqımızın qədim və zəngin tarixinin, ölkəmizin uğurlarının təbliğində YAP-ın, o cümlədən partiyanın Səbail rayon təşkilatının üzvlərinin, xüsusən də gənclərin rolunu yüksək qiymətləndirdi. Təşkilatın ötən 24 ildə ərzində fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayan B.Muradova YAP-ın bütün üzvlərinin partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin inkişafı prosesinə mühüm töhfə verdiklərini diqqətə çatdırdı. Hazırda YAP-ın bütün təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirildiyini, partiyaya yeni nəfəs gəldiyini deyən Milli Məclisin sədr müavini əldə olunan uğurlarda partiyanın veteranlarının mühüm rolunu qeyd etdi, qarşıdakı illərdə təşkilatın üzvlərinə uğurlar arzuladı.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əlamətdar gün münasibətilə təşkilatın üzvlərini təbrik etdi. YAP-ın regionda ən böyük siyasi qüvvəyə çevrildiyini vurğulayan E.Əzizov partiyaya yeni üzvlərin, xüsusən gənclərin cəlb olunması istiqamətində geniş təbliğat işinin aparılmasının, Heydər Əliyev irsinin, İlham Əliyev siyasətinin dərindən təhlil olunaraq öyrənilməsinin vacibliyini qeyd etdi. O, Ulu Öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan uğurların təbliğində partiyanın hər bir üzvünün fəal iştirak etməsinin vacibliyini diqqətə çatdırdı.
Digər çıxışlarda da YAP Səbail rayon təşkilatının ötən ildəki fəaliyyəti yüksək qiymətləndirildi. Sonda hesabat məruzəsi səsə qoyularaq təsdiq edildi.
Tədbirin videoyazısı