YAP Səbail rayon “Pedaqoqlar” ilk ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi

Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon “Pedaqoqlar” ilk ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.

Yığıncaqda ADPU-nun rəhbərliyi, YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı professor Şəmsəddin Hacıyev və ilk ərazi partiya təşkilatının üzvləri iştirak etdilər.

İlk öncə Azərbaycanın Dövlət Himni səsləndirildi.

Yığıncağı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirdi ki, bu gün universitetimizin həyatında əlamətdar bir gündür. Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Sədri olduğu YAP ölkəmizin aparıcı siyası qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır. 700 minə yaxın üzvü olan YAP böyük və şərəfli inkişaf yolu keçib. Bu partiya Azərbaycanı hərc-mərclikdən, böhrandan, tənəzzüldən xilas edərək sürətli inkişafa aparıb. Cəmiyyətimizin avanqard qüvvəsi olan YAP-ın üzvləri kimi bizim üzərimizə mühüm vəzifələr düşür. ADPU tarixən Azərbaycançılıq ideyalarına sadiq təhsil müəssisidir, 91-lərin 11 nəfəri “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının üzvləri olublar. Biz ADPU-nun müasir tələblərə uyğun şəkildə fəaliyyətini təmin etmək üçün əzmlə çalışmalı, təhsilin keyfiyyətini yaxşılaşdırmalıyıq. Ali savadlı, təhsilli, bacarıqlı mütəxəssislər cəmiyyəti irəli aparır, inkişaf etdirir. Müasir dövr bilik və bacarıqlara olan tələbatı daha da artırıb. ADPU Azərbaycanın etibarlı gələcəyini təmin edən ən vacib faktorun – məktəblərdə tədris prosesi ilə məşğul olan savadlı kadrların yetişdirilməsi kimi şərəfli və məsuliyyətli vəzifəni layiqincə yetirə yetirir. Azərbaycan cəmiyyətinin ziyalı təbəqəsi kimi biz gənclərimizə müsbət nümunə olmalıyıq. Biz bundan sonra da öhdəmizə düşən bütün vəzifələri şərəflə, ləyaqətlə yerinə yetirəcək və ölkəmizin inkişafı üçün var gücümüzlə çalışacağıq.

Rektor qeyd etdi ki, təhsilimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın Sədr müavini, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi xalqımızın həyatında böyük və mühüm hadisədir. Mehriban xanım Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsi həyatımızın bütün sahələrində, o cümlədən təhsil sahəsində həyata keçirilən islahatların sürətlənməsinə, böyük miqyas almasına, dövlətçiliyimizin daha da gücləndirilməsinə xidmət edəcəkdir. Rektor universitetin kollektivi adından Mehriban xanım Əliyevanı bu təyinat münasibətilə təbrik etdi, şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

YAP Səbail rayon təşkilatının “Pedaqoqlar” ilk ərazi partiya təşkilatının sədri, professor Himalay Qasımov təşkilatın 2015-2016-ci illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış etdi. Professor H.Qasımov hesabat dövründə görülən işlər, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı danışdı. Bildirildi ki, YAP güclü və mütəşəkkil siyasi partiya olaraq Azərbaycanın strateji hədəflərinin müəyyən olunmasında, ölkəmizin dünya miqyasında tanınmasında dövlətimizin mühüm dayağına çevrilib. “Pedaqoqlar” ilk ərazi partiya təşkilatı üzvlərinin sayına görə rayon miqyasında ən böyük ilk partiya təşkilatıdır. Hesabat dövrü ərzində partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edənlərin sayı ötən illərə nisbətən xeyli yüksəlmişdir. Hər birimiz cənab Prezident İlham Əliyevin sədrlik etdiyi partiyanın üzvü olmağımızla fəxr edirik, bundan sonra da partiya sıralarının istər kəmiyyət, istərsə də keyfiyyət baxımından zənginləşdirməyə davam edəcəyik.

Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev qeyd etdi ki, “Pedaqoqlar” ilk ərazi partiya təşkilatı hər zaman xüsusi fəallığı ilə seçilmişdir və ADPU tarixi əhəmiyyət daşıyan siyasi xidmətlərinə görə Səbail rayon idarə və təşkilatları arasında ən şərəfli mövqedə duran təşkilatlardan biridir. ADPU-nun kollektivi yüksək potensiallı, təcrübəli, əqidəli, Heydər Əliyevin Azərbaycançılıq ideyalarına bağlı olan müəllim-professor və tələbə heyətindən ibarətdir. Dövlətçiliyinə bağlı mütəxəssis formalaşdırılmasının və gələcək nəslin təlim-tərbiyəsinin təminatçısı olan müəllimlərin yetişdirilməsinin universitetin iki əsas missiyası olduğunu diqqətə çatdıran sədr bildirdi ki, YAP böyük bir siyasi məktəbdir, partiyamıza sağlam əqidəli daha çox gənclərimizi, tələbələrimizi cəlb etməliyik. Bir sistem yaradılması üçün partiyamızda əlverişli abu-hava mövcuddur, YAP cəmiyyətimizə siyasi mədəniyyət, siyasi plürializm gətirib, demokratik idarəçilik nümunəsi göstərib. YAP-ın gördüyü işlər o qədər genişşaxəlidir və bu siyasət o qədər xalqın mənafeyinə xidmət edir ki, digər bütün partiyalar kölgədə qalıb. Bu nailiyyətlər ölkə rəhbərimiz cənab İlham Əliyevin düşünülmüş, cəsarətli, məqsədyönlü, milli mənafelərə söykənən siyasətinin nəticəsidir və bu siyasət bizi daha böyük uğurlara aparacaqdır. Sonda hər kəsi Prezidentimiz ətrafında sıx birləşməyə və ölkəmizdə formalaşmış möhkəm xalq-iqtidar birliyini daha da gücləndirməyə xidmət etməyə çağıran Ş.Hacıyev “Pedaqoqlar” ilk ərazi partiya təşkilatının fəaliyyətini yüksək qiymətləndirdi və təşkilat üzvlərinə yeni uğurlar arzuladı.

Yığıcaqda professor Vilayət Əliyev, professor Buludxan Xəlilov, professor Ədalət Fərəcov çıxış edərək hesabatı qənaətbəxş qiymətləndirdilər.

Sonra təşkilatın sədri və sədr müavinləri, İdarə Heyətinin üzvləri, Səbail rayon təşkilatının XI konfransına nümayəndələr seçildi, eləcə də partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edildi.