Səbail rayonunda Xocalı soyqırımının 25-ci ildönümü anıldı

Respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Səbail rayonunda da Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilir.

Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, orta və ali məktəblərində faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri, sərgilər keçirilir, mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər təşkil olunur. Fevralın 24-də  rayonun orta və ali məktəblərində  ilk dərslər Xocalı faciəsinə həsr olunmuşdur.

Faciənin ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində  Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış  ailələrin nümayəndələri ilə görüş keçirilmişdir. Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki,  bu faciənin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərinə çatdırılması məqsədilə işlərə başlanmışdır.

E.Əzizov bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.

Tədbirdə çıxış edən Xocalılar  ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirmişlər.

Daha sonra rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, Xocalıdan məcburi köçkünlərlə birgə «Sahil bağı»nda rayon orta məktəblərinin şagirdlərinin Xocalı faciəsinin ildönümü ilə əlaqədar təşkil olunmuş rəsm müsabiqəsinə təqdim olunan rəsmlərdən ibarət sərgi ilə tanış olmuşlar.  Şagirdlər müxtəlif rəngli boya, quaş, akvarel, qələmlərlə çəkdikləri rəsmlərdə faciənin müxtəlif məqamlarını əks etdirmişlər. Sərgi çox böyük maraqla izlənilmiş, Xocalıların da daxil olduğu münsiflər heyətinin qərarı ilə qaliblər müəyənləşdirilmiş, onlar  və müsabiqədə fərqlənən bir qrup məktəbli Diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkünlərinə rayon İcra Hakimiyyəti tərəfindən  maddi və ərzaq yardımları  göstərilmişdir.

Tədbirin videoyazısı
AzTV
SəsTV