Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirildi

Fevralın 25-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirildi.

Tədbirdə əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

YAP Sədrinin müavini – İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Xocalı faciəsinin Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Soyqırımı nəticəsində 613 Xocalı sakini vəhşicəsinə öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlardır. O müdhiş gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyini deyən Baş nazirin müavini qeyd edib ki, Xocalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib.

Əli Əhmədov diqqətə çatdırıb ki, bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Baş nazirin müavini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının bu istiqamətdə böyük rolunun olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, artıq bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər.

Tədbirdə daha sonra YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, YAP Xocalı rayon təşkilatının sədri Arif Əliyev və YAP Sabunçu rayon Gənclər Birliyi İdarə Heyətinin üzvü Nəbi Hacıyev çıxış edərək Xocalı faciəsi və bu faciənin beynəlxalq miqyasda tanıdılması istiqamətində atılmış addımlardan bəhs etdilər.

Tədbirin videoyazısı
AzTV
SəsTV