YAP Səbail rayon “Neftçilər” (SOCAR) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi

06 mart 2017-ci il tarixində YAP Səbail rayon “Neftçilər” (SOCAR) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.

Təşkilatda 2015-2016-cı illər ərzində görülən işlər barədə ilk partiya təşkilatının sədri Aydın Bədəlovun məruzəsi dinlənildi. Məruzə ətrafında Təhlükəsizlik İdarəsinin İUD-nin rəis müavini B.Budaqov, Mərkəzi arxivin rəisi A.Hüseynov, Elm və texnika şöbəsinin rəisi N.Vəliyev çıxış edərək SOCAR-ın, Yeni Azərbaycan Partiyasının ölkənin uğurlarına verdiyi töhfələrdən bəhs etdilər. “Neftçilər” ərazi ilk partiyasının hesabat dövründə fəaliyyəti yığıncaq iştirakçıları tərəfindən qənaətbəxş qiymətləndirildi.

Yığıncaqda ərazi ilk partiya təşkilatının 13 nəfərdən ibarət İdarə Heyəti, sədri və sədrin müavinləri seçildi.

İdarə Heyətinin üzvü, SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə yeni seçilən heyəti təbrik edərək bildirdi ki, görülən işlər, əldə olunan uğurlar gələcək üçün stimulverici amildir. Uğurlarla kifayətlənməməli, irəliyə doğru addımlamalıyıq. X.Yusifzadə fəallığın artırılmasını məqsədə çatmaqda ən mühüm amil kimi qeyd etdi. Ölkənin aparıcı siyasi təşkilatı olan YAP-ın hər bir üzvü çalışdığı sahədə üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməklə hər dövrün tələbinin gerçəkləşməsinə dəstək ola bilər. Neft sənayesinin ölkə iqtisadiyyatının onurğa sütunu olduğunu qeyd edən X.Yusifzadə vurğuladı ki, bu gün Azərbaycanın hərtərəfli inkişafı təqdirəlayiqdir, qürurvericidir. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinin rolunu önə çəkir. Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi ölkəmizin bugünkü uğurlarının təməlidir. X.Yusifzadə SOCAR-ın həyata keçirdiyi layihələrdən bəhs etdi. Bildirdi ki, bu layihələr bütün sferaları əhatə edir. Bu onu təsdiqləyir ki, SOCAR ölkənin hərtərəfli inkişafına öz töhfəsini verməkdə maraqlıdır və uğurlu addımları buna bariz nümunədir.

Daha sonra YAP Səbail rayon təşkilatının XI Konfransına nümayəndələr seçildi.

Çıxış edən YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev Azərbaycanın uğurlarından, YAP-ın cəmiyyətdə artan rolundan danışdı. Bildirildi ki, Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir.