YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi

09 mart 2017-ci il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

İclasa YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev sədrlik edirdi.

Sədr YAP Səbail rayon təşkilatının 25 minlik partiya üzvləri, rayon təşkilatının İdarə Heyətinin üzvləri adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə ürəkdən təbrik etdi, ona möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işində uğurlar arzuladı. Mehriban xanımın bu təyinatını çox qürurlandırıcı və fərəhləndirici hadisə olaraq qiymətləndirən prof. Ş.Hacıyev Mehriban Əliyevanın martın 7-də Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında iştirakını və iclasda dərin məzmunlu çıxışını xüsusi qeyd etdi. Mehriban xanımın Milli Məclisdə 12 ilə yaxın müddətdəki uğurlu və çoxşaxəli fəaliyyətindən danışan Sədr vurğuladı ki, Mehriban xanım bu dövr ərzində dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak etmiş, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında böyük işlər görmüş, geniş xeyriyyəçilik, abadlıq-quruculuq fəaliyyəti ilə məşğul olmuşdur. Onun rəhbərliyi ilə ötən dövr ərzində saysız-hesabsız təhsil, səhiyyə ocaqları yenidən təmir olunmuş, yeni məktəblər, bağçalar tikilərək istifadəyə verilmiş, aztəminatlı ailələrə, sağlamlıq problemləri olan uşaqlara yardım olunmuş, mədəniyyət abidələri bərpa olunmuşdur. Mehriban xanımın bu yeni, yüksək məsuliyyət tələb edən vəzifəyə təyin olunması dövlət idarəçiliyində yeni dövrün başlanğıcı olacaqdır. Prof. Ş.Hacıyev bildirdi ki, mən bir neçə dəfə Mehriban xanımın gördüyü işlərlə bağlı hesabatlarının təqdimində iştirak etmişəm və həmişə də çıxışlarımda qeyd etmişəm ki, Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinə baxdıqda bir daha əmin oluruq ki, həll olunmayacaq heç bir problem yoxdur, əsas məsələ işinə məsuliyyətlə yanaşmaq və əlindən gələni etməkdən ibarətdir. Millət vəkili kimi fəaliyyəti dövründə Mehriban xanım dörd amnistiya aktına imza atmışdır, 50 minə yaxın vətəndaşımızı, minlərlə ailəni sevindirmişdir. Humanizm Azərbaycanın birinci xanımının gördüyü işlərin ana xəttini təşkil edir. Mehriban xanımın bu yüksək vəzifəyə təyin olunması həm Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldəcək, həm də Azərbaycan qadınının cəmiyyətdəki rolunu artıracaqdır.

Daha sonra Sədr “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə partiyanın bütün qadınlarını təbrik etdi, onlara cansağlığı, işlərində uğurlar arzuladı. Sədr qeyd etdi ki, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, Heydər Əliyev siyasətinin davam etdirilməsinə, Ulu Öndərin ideyalarına sədaqətin qorunmasına, Azərbaycanın milli təhlükəsizliyinə təminat verilməsinə və əhalinin rifahının yüksəldilməsinə xidmət edən bu sərəncamı alqışlayırıq və Mehriban xanımı bir daha bu təyinat və “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edirik.

YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Adilə Abbasova Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsini qadınlar olaraq böyük fərəh hissi ilə qarşıladıqlarını qeyd edərək, bildirdi ki, Mehriban xanım hər zaman cəmiyyətimizin ən həssas təbəqələrini diqqət mərkəzində saxlamış, talassemiya, şəkər, vərəm xəstəliyindən əziyyət çəkən insanlara, aztəminatlı ailələrə yardım göstərilməsi, nigaha daxil olan gənclərin məcburi tibbi müayinəsinin təşkili, məişət zorakılığının qarısının alınması haqqında çoxsaylı təşəbbüslər, təkliflər ilə çıxış etmiş, qanunvericilikdə bu istiqamətlər üzrə müsbət dəyişikliklərə nail olmuşdur. Biz Prezidentimizlə fəxr edirik, ona minnətdarıq ki, birinci vitse-prezident kimi məsul vəzifəni belə möhkəm iradəli, güclü, bacarıqlı qadına etibar etdi.

Sonra YAP Səbail rayon təşkilatının “31 mart – azərbaycanlıların soyqırımı günü”nün anılması ilə əlaqədar hazırlanmış tədbirlər planı müzakirə olundu və yekdilliklə təsdiq olundu.

İclasın davamında ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının gedişatı haqqında məlumat verildi və müzakirələr aparıldı.

Cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vuran Sədr YAP Səbail rayon təşkilatının bütün üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi, hamıya cansağlığı və ailə səadəti arzuladı. Biz ölkəmizdə formalaşmış olan xalq-iqtidar birliyini göz bəbəyimiz kimi qorumalıyıq. Yeni Azərbaycan Partiyasını, partiya Sədrimizin siyasətini dəstəkləyirik, gələcəyə nikbin baxırıq və əminik ki, günü-gündən inkişaf edən Azərbaycan gələcəkdə bundan da böyük uğurlara imza atacaqdır.

İclasın videoyazısı