YAP Səbail və Quba rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Qubada “31 mart–Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş anım tədbiri keçirildi
29.03.2017Səbail və Quba rayon İcra Hakimiyyətləri, YAP Səbail və Quba rayon təşkilatlarının birgə təşkilatçılığı ilə 29 mart 2017-ci il tarixində Səbail rayon partiya fəalları və ictimaiyyət nümayəndələri, o cümlədən rayonun idarə və müəssisələrinin əməkdaşları, veteran və gənclər təşkilatlarının üzvləri 31 mart – Azərbaycanlıların soyqırımı gününün ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər.
Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıqla tanışlıq zamanı partiya fəalları erməni qəsbkarlarının azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əyani sübut edən tarixi faktlar, sənədlər və foto şəkillərlə tanış oldular. Ziyarətçilərə məlumat verildi ki, Quba soyqırımı məzarlığı 2007-ci ilin aprelin 1-ində bu ərazilərdə torpaq işləri aparılarkən aşkar edilmişdir. Bundan sonra kütləvi məzarlıqda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılmış geniş tədqiqat işləri nəticəsində 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı aktının baş verməsi sübuta yetirilmişdir. Diqqətə çatdırıldı ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır və kompleksin 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur.
Memorial Kompleks ziyarətindən sonra YAP Quba rayon təşkilatının inzibati binasında 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunan tədbir keçirildi. Tədbirdə Milli Məclisin deputatı Yevda Abramov, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov, rayon təşkilatının İdarə Heyətinin üzvləri və çoxsaylı qonaqlar iştirak etdilər.
İlk əvvəl 31 mart soyqırımı qurbanlarının və Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açıq elan edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov bu birgə tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə YAP Mərkəzi Aparatına və YAP Səbail rayon təşkilatına minnətdarlığını bildirdi. XX əsrdə ermənilər tərəfindən Bakıda, Şamaxıda, Qubada, Qarabağda azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktları haqqında danışan sədr bildirdi ki, 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmış ki, onlardan 35-i hazırda mövcud deyil. O, Qubada yerləşən Memorial Kompleksin ərsəyə gəlməsi haqqında məlumat verərək qeyd etdi ki, Qubaya gələn bütün xaricilər bu tarixi faktları gördükcə erməni qəddarlığına və Azərbaycan həqiqətlərinə bir daha şahid olurlar. Bu səpkidə keçirilən tədbirlərin gənclərimizin vətənpərvərlik ruhunun daha da güclənməsində böyük rolu olduğunu vurğulayan Y. Abidov bildirdi ki, biz haqq səsimizi, bu faciələri bütün dünyaya çatdırmalıyıq. Azərbaycanın güclü ordusu var və biz işğal altında olan torpaqlarımızı Ali Baş Komandanımızın bir əmri ilə azad etməyə hazırıq.
Çıxış edən Milli Məclisin deputatı, YAP Quba rayon təşkilatı İdarə Heyətinin üzvü Yevda Abramov 31 mart hadisələrinin şahidi olub şəhid olan azərbaycanlıların əziz xatirəsini yad edərək, qeyd etdi ki, təəssüf ki, Azərbaycan xalqının tarixində xoş günlərdən çox acı günlər olub, çünki qonşu dövlətlərin həmişə Azərbaycan torpaqlarında gözü olub. Ancaq biz xalqımızla, millətimizlə qürur duya bilərik, çünki xalqımızın iradəsi heç vaxt sınmayıb, biz tarix boyu heç kimin qarşısında əyilməmişik və millətimizin imzası dünya millətləri içərisində həmişə olub və olacaqdır. Millət qan tökə-tökə, şəhid verə-verə millətə çevrilir. Biz hər zaman işğal olunmuş torpaqlarımızın azad olunması üçün dinc danışıqlar tərəfdarı olmuşuq, lakin bu məsələni sülh platforması üzərində həll edə bilməsək, bunun əksinə də hazır olmalıyıq. Bunun üçün də gənclərimiz tariximizi öyrənməli, bilməli və düşmənlərimizi yaxşı tanımalıdırlar.
YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov tədbir iştirakçılarını təşkilat sədri prof. Şəmsəddin Hacıyev adından salamlayaraq, 31 mart hadisələrinin baş vermə səbəbləri və faciənin miqyası haqqında məruzə ilə çıxış etdi. Mənliyini, kimliyini dərk etmək istəyən hər kəs Vətəni sevməlidir, Vətəni sevmədən vətəndaş yetişdirmək olmaz. Unutqanlıq, yaddaşsızlıq Vətənə xəyanət deməkdir. Tarixi unutmaq olmaz. Ermənilər Azərbaycanın əzəli torpaqlarında iki mindən çox qədim Azərbaycan toponimini, Dağlıq Qarabağda isə 277 toponimi dəyişdirərək, bu ərazilərin adlarını erməniləşdiriblər. Bu gün Xocalı, Laçın, Kəlbəcər, Şuşanın adları dəyişdirilib, ermənilər hər gün, hər saat, hər dəqiqə anti-türk, anti-azərbaycan təbliğatlarına davam edirlər. Erməni lobbisinin bu təbliğat maşını “Xristian klubu” ölkələri tərəfindən hərtərəfli dəstəklənir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəyanatlarında dəfələrlə qeyd edib ki, biz diplomatik-ideoloji silahlarla, faktlarla, erməni vandalizminin əlimizdə olan sübutları ilə Azərbaycan həqiqətlərini, haqq səsimizi dünyaya çatdırmaq üçün var gücümüzlə çalışmalıq. Bu məqsədlə də, hər birimiz öz işində, öz vəzifəsində Prezidentimizin siyasətini dəstəkləməli və Vətənimizə xidmət etməliyik.
Çıxış edən tarixçi-tədqiqatçı, Bakı Dövlət Univeritetinin müəllimi Nazim Tapdıq, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvləri prof. Vilayət Əliyev və Amaliya xanım Pənahova əsrin əvvəllərində ermənilər tərəfindən Qubada, Şamaxıda, Lənkəranda, Qarabağda törədilmiş qırğınlardan, əsrin sonunda Azərbaycan ərazisini işğal edən ermənilərin vəhşilik aktlarından bəhs edərək bildirdilər ki, XX əsrin 80-ci illiyinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. Nəticədə Ermənistan silahlı qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək, Dağlıq Qarabağı (4,4 min kv.km) və onun hüdudlarından kənarda yerləşən və ərazisindən 4 dəfə böyük olan 7 rayonu işğal etdi. İşğal nəticəsində 900 yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, 9 məscid məhv edilmişdir. Azərbaycan 1994-cü ildə tərəflər arasında atəşkəs imzalanan günədək 21700 şəhid verdi, 1 milyondan çox azərbaycanlı öz torpağında qaçqın vəziyyətinə düşdü. Təəssüf ki, bütün bu əyani sübutlara baxmayaraq, Azərbaycan xalqının başına gətirilmiş bu faciələr hələ də dünya ictimaiyyəti tərəfindən lazımi şəkildə qəbul olunmur, bu qətlləri törədən cinayətkarlar hələ də cəzalandırılmamışlar. Ermənilər bütün bu vəhşiliklərə, faciələrə, şəhidlərə, qurbanlara görə beynəlxalq hüquq qarşısında mütləq cavab verməlidirlər. Bunun üçün də biz, tarix boyu azərbaycanlılara qarşı törədilmiş bu faciələrin hər birini qan yaddaşımızda saxlamalı və ölkə rəhbərimizin ətrafında bir yumruq kimi birləşərək onun siyasətini dəstəkləməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah Azərbaycan xalqını, Prezidentimizi qorusun, yaxın gələcəkdə bizə böyük qələbələr və torpaqlarımızı azad etmək sevincini yaşatsın! Amin!
Ziyarətin videoyazısı:
AzTV
LiderTV
Space
SəsTV