Səbail rayonunda “Azərbaycanlıların soyqırımı” adlı kitabın təqdimatı oldu
03.04.201703 aprel 2017-ci il tarixində Səbail rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə ötən il “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda keçirilən elmi-praktik konfransın materialları əsasında nəfis tərtibatda hazırlanmış “Azərbaycanlıların soyqırımı” adlı kitabının təqdimatı oldu. Təqdimat mərasimi AMEA-nın Azərbaycan Milli Tarix Muzeyində Azərbaycanlıların soyqırımının 99-cu ildönümünə həsr edilmiş yığıncaqda keçirildi. Mərasimdə rayon ictimaiyyəti və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, elm, təhsil, incəsənət və din xadimləri, ziyalılar, gənclər, müharibə və YAP veteranları iştirak etdilər. Tədbirin əvvəlində iştirakçılar və qonaqlar rayon məktəblilərinin və gənc rəssamların Azərbaycanlıların soyqırımı ilə bağlı çəkdikləri rəsmlərin sərgisi ilə tanış oldular.
Təqdimat mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etdi ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalmışdır. Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada “Böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar.
Ötən əsrin 80-ci illərində isə SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycana qarşı birbaşa hərbi təcavüzə başladılar. 1992-ci ilin fevralında isə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədildi, daha sonra isə torpaqlarımızın 20 faizi işğal olundu.
Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi facilərə rəhbəri Heydər Əliyev olan dövlöətin verdiyi əsl tarixi qiymət idi.
Ulu Öndərin ideya və əməllərini yaşadan, dünyada yeni tipli lider kimi tanınan, bugünkü çətin və mürəkkəb dövrdə müstəqil siyasət yürüdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçilik maraqlarımızın qorunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Dövlət başçımızın yorulmaz fəaliyyəti sayəsində Azərbaycan inkişaf edib möhkəmlənərək dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutub. Qarabağ probleminin həlli istiqamətində mərhələli addımlar atılır, ölkənin iqtisadi gücü artır və siyasi nüfuzu güclənir. E.Əzizov vurğuladı ki, cənab Prezidentin yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev təqdim olunan bu yeni kitabın əhəmiyyətindən danışaraq qeyd etdi ki, ermənilər tərəfindən əsrlər boyu xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin mahiyyəti və tarixi köklərinin elmi araşdırılmasına həsr olunan kitabların yazılması və nəşr olunması, bu sahədə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Ərsəyə gələn kitabın ideya müəllifi olan Eldar Əzizova xüsusi təşəkkürünü bildirən sədr, təqdim olunan məqalələrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müxtəlif tarixi dövrlərdə məqsədli şəkildə törədilən soyqırımları haqqında tarixi faktlara və mənbələrə əsaslanan məlumatların əks olunduğunu bildirdi.
Son iki yüz ildə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü soyqırım və deportasiya siyasəti Azərbaycan xalqının tarixinə qara səhifələr kimi daxil olmuşdur. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları və tarixdə heç vaxt mövcud olmayan “Böyük Ermənistan” dövləti yaratmaq idi. Bəzi dünya dövlətlərinin, xüsusilə çar Rusiyasının bu ideologiyaya böyük dəstək verməsi nəticəsində bu siyasəti gərçəkləşdirmək məqsədilə müəyyən tarixi dövrlərdə təşkilati, ideoloji və hərbi xarakterli tədbirlər həyata keçirilmiş, müxtəlif vasitələrdən istifadə edilərək azərbaycanlılara qarşı vəhşicəsinə qırğınlar, qətliyamlar törədilmişdir.
XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanlılar öz əzəli torpaqlarından zorla çıxarılır, bu ərazilərə kütləvi şəkildə Cənubi Qafqazdan ermənilər köçürülür və Azərbaycan əhalisinin etnik tərkibi məqsədli şəkildə ermənilərin xeyrinə dəyişdirilir. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədilə genişmiqyaslı terror aktları, müharibə və ərazilərimizin işğalı – bütün bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi mənfur siyasətin qanlı səhifələridir. Bu məkirli siyasət nəticəsində tarixi Azərbaycan torpaqları zaman-zaman ermənilər tərəfindən zəbt edilmiş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, on minlərlə insanımız həlak olmuşdur.
Tarixi sənədlərə əsəsən XIX əsrin sonu XX əsrin əvvəllərində bir neçə onilliklər ərzində 200 min azərbaycanlı öz tarixi torpaqlarından departasiya edilmişdir, bura isə 124 min erməni köçürülmüşdür ki, bunlardan da 40 mini Cənubi Azərbaycandan – İrandan, yerdə qalanı isə Türkiyə ərazisindən gətirilmişdir. Erməni ailələri tarixi torpaqlarımız olan Qarabağda və Zəngəzurda, İrəvan quberniyasında, habelə Naxçıvanda və digər bölgələrdə yerləşdirildi. XX əsrin əvvəllərindən ermənilər azərbaycanlılara qarşı kütləvi qətliyamlar törətməyə başladılar. Bu qətliyamlar mərhələli şəkildə baş verdi. 1905-1907-ci illərdə, daha sonra I Dünya müharibəsi gedişində, 1918-ci illərdə azərbaycanlılara qarşı xüsusi qəddarlıq və vəhşiliklə müşahidə olunan qırğınlar törədildi, nəticədə Bakı, Gəncə, Quba, Qarabağ və digər ərazilərdə 50 mindən çox azərbaycanlı etnik zəmində qətlə yetirildi. Fevral, oktyabr aylarında bolşevik inqilablarından sonra ermənilər Azərbaycanın əzəli torpaqlarında bir erməni dövləti yaratmağa müvəffəq oldular. Ermənilər hər zaman tarixi fürsətlərdən yararlanaraq öz mənfur siyasətlərini həyata keçiriblər. Əvvəlcə, oktyabr sosialist inqilabı ərəfəsində erməni dövləti yaratmağa və bir qədər sonra Dağlıq Qarabağa muxtariyyət verilməsinə nail oldular. Əsrin sonunda isə SSRİ-nin dağılması ərəfəsində Rusiyanın, o vaxtki rəhbərliyinin – M.Qarbaçovun bilavasitə dəstəyilə Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayonunun əraziləri işğal olundu və bu təcavüz bu gün də davam etməkdədir.
Millət vəkili diqqətə çardırdı ki, bugünki tədbir əlamətdar tarixə təsadüf edir. Bir il öncə bugünlərdə Azərbaycan ordusu qüdrətini bütün dünyaya sübut etdi. Cəmi dörd gün ərzində işğal altındakı böyük bir ərazi düşmən tapdağından azad olundu və artıq həmin torpaqlara qayıdış başlayıb. Azərbaycan ordusu bu gün qüdrətli orduya çevrilib, hərbi gücümüzü daha da artırmaq üçün lazım olan bütün maddi və mənəvi imkanlarımız mövcuddur. Biz ermənilərlə təkbətək qalsaq, cəmi bir ay yetərlidır ki, nəinki Xankəndini, hətta Azərbaycanın əzəli torpaqlarını- Zəngəzuru, Göyçəni, İrəvanı da ermənilərdən azad edək. Cənab Prezident İlham Əliyevin bəyanatlarında qeyd etdiyi kimi “Biz heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın”, “Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə obyekti olmayıb və olmayacaqdır”, “Biz gec-tez öz əzəli torpaqlarımıza qayıdacağıq”.
Çıxışının sonunda Ş.Hacıyev qeyd etdi ki, azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları tariximizin ən faciəli, ən qanlı səhifələridir. Tarixi yaddaşımızın mütəmadi olaraq təzələnməsi üçün bu məsələ ilə bağlı tarixi faktlara, mənbələrə əsaslanan kitabların nəşr olunması olduqca vacibdir. Azərbaycanın haqq səsini dünyaya eşitdirməliyik və bu qanlı hadisələri yaddaşlarımıza əbədi hək etdirməliyik. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd edən millət vəkili vurğuladı ki, Xocalı soyqırımının bu gün dünyanın 13 ölkəsində, ABŞ-ın 15 ştatında və bir-neçə beynəlxalq təşkilatlar tərəfindən tanınması böyük nailiyyətimizdir. Bütün şəhidlərimizə, soyqırımı hadisələrində qətlə yetirilmiş Azərbaycan xalqının nümayəndələrinə Allahdan rəhmət diləyirik, ruhları şad olsun deyirik!
Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlər barədə danışaraq qeyd etdilər ki, çap olunmuş kitab uzun illər boyunca mənfur qonşularımızın azərbaycanlılara və digər xalqlara qarşı törətdikləri soyqırımların dərindən və hərtərəfli öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Kitab gələcək nəslin tariximizi daha dərindən öyrənmələri, onların maarifləndirilməsi istiqamətində mühüm rol oynayacaqdır.
Digər çıxışçılar bildirdilər ki, hər bir faciənin elmi cəhətdən araşdırılması və tarixi faktların dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması həmin hadisəyə obyektiv siyasi-hüquqi qiymətin verilməsinə, günahkarların layiqli cəzasına çatmasına və gələcəkdə belə halların qarşısının alınmasına həlledici təsir göstərə bilər. Bununla əlaqədar rayonun 163 nömrəli tam orta məktəbinin direktoru Sevil Cavadova məktəb kollektivi adından kitabın ingilis dilinə tərcümə edilməsi və bu işin məktəb kollektivinə həvalə olunması təklifini irəli sürdü. Təklif razılıqla qarşılandı və növbəti ildə kitabın ingilis dili variantının hazırlanaraq təqdimatının keçirilməsi və kitabın beynəlxalq ictimaiyyətə çatdırılması qərara alındı.
Tədbirin videoyazısı
SəsTV