YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi

12 aprel 2017-ci il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

İclasa YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev sədrlik edirdi.

Sədr gündəlikdə duran birinci məsələaprel ayında görüləcək işlər haqqında məlumat verərək qeyd etdi ki, rayon təşkilatı tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyini 28 aprel tarixində geniş formatda görkəmli alimin elmi irsini araşdıran tədqiqatçıların və onu yaxından tanıyanların iştirakı ilə tədbirin keçirilməsi nəzərdə tutulub. Zərifə xanım Əliyevanın timsalında ilk öncə ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır. Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub. Bu gün onun yetişdirdiyi kadrlar insanlara sağlamlıq bəxş edir. Bütün bunlarla yanaşı, Zərifə xanım qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də qadınlar üçün nümunədir. Onun şəxsiyyəti, həyatı, keçdiyi yol daha geniş təbliğ olunmalıdır ki, bugünki qadınlarımız, xüsusilə gənc qızlarımız nümunə götürsünlər.

Eyni zamanda, rayon təşkilatı tərəfindən “İslam Həmrəyliyi ili” çərçivəsində və IV İslam Həmrəyliyi oyunları ərəfəsində silsilə tədbirlər keçiriləcəkdir. Bununla əlaqədar olaraq, “İslam sivilizasiyası qlobal proseslər müstəvisində” və “Azərbaycan – islam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi” mövzularında konfransın və “dəyirmi masa”ların təşkil olunacağını diqqətə çatdıran sədr dünyada müşahidə olunan islamofobiya meylləri, islamın terrorçuluğu təbliğ edən təhlükəli din kimi təqdim olunması cəhdləri haqqında danışdı. May ayının 12-22-si tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarının məhz Azərbaycanda keçirilməsini böyük hadisə kimi qiymətləndirən Ş.Hacıyev xüsusi qeyd etdi ki, partiya Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik qərar qəbul edərək, 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi bütün İslam aləmində dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsinə böyük töhfə verəcəkdir. İslam dünyasında birliyin, həmrəyliyin təmin olunması, müsəlman ölkələrinin dünya çapında mövqelərinin yüksəldilməsinə, terrorizm, radikalizm, ekstremizm kimi dinimizə yad məfhumların yalnız müsəlmanlara aid olunması cəhdlərinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaqdır. Bu gün İslam dünyasının bir parçası olan Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm dəyərləri İslam dininin sözün əsl mənasında ən mütərəqqi din olduğunun, İslamın sülhün, əmin-amanlığın, ədalətin, insan haqlarının daşıyıcı olduğunun ən bariz nümunəsidir. Biz, Azərbaycanın “Multikulturalizm modeli”ni, yüksək mənəvi dəyərlərimizi bütün dünyaya nümayiş etdirməliyik. Bu mənada bu oyunların keçirilməsinin müstəsna əhəmiyyəti vardır. YAP Səbail rayon təşkilatı bu istiqamətdəki fəaliyyətini ilboyu davam etdirəcək və siyasi-ideoloji təbliğat auditoriyasını, xüsusilə gənclər hesabına daha da genişləndirəcəkdir.

Sonra gündəlikdə duran ikinci məsələ ilə bağlı İdarə Heyəti üzvləri arasında aparılmış iş bölgüsünün icra intizamı haqqında məlumat verildi və məsələ ətrafında müzakirələr aparıldı. Aparat rəhbəri dos. Zəfər Bayramov, sədr müavini Əhliman Qarayev və YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Rizvan Vahabov çıxış edərək, bölgü üzrə işlərin icrasına diqqətin artırılmasının vacibliyini qeyd etdilər.

İclasın davamında gündəlikdə duran üçüncü məsələ haqqında YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov, sədr müavinləri Fərid Nəsibov və Riyad Məmmədzadə, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvləri Zenfira Məmmədova, Vilayət ƏliyevSara Xanlarova çıxış edərək, YAP Səbail rayon Gənclər Birliyinin fəaliyyəti, Səbail gənclərinin sosial şəbəkələrdə fəallığının artırılması məsələlərinə toxundular. Məsələyə münasibət bildirərək rayon gənclər təşkilatının fəaliyyəti haqqında irad və tövsiyələrini diqqətə çatdıran Sədr qeyd etdi ki, Səbail gəncləri hər zaman ölkənin ictimai-siyasi həyatında avanqard rolunu oynamışlar. Keçən müddət ərzində rayon təşkilatının Gənclər Birliyi tərəfindən müəyyən işlər görülmüşdür. Lakin son zamanlar, gənclər təşkilatımızın fəaliyyətində nisbi passivlik və müəyyən qədər də arxayınçılıq hiss olunmaqdadır. Bununla əlaqədar olaraq, rayon Gənclər Birliyinin öz fəaliyyətini tənqidi nəzərdən keçirməsi və gələcək fəaliyyətlərini bu gün ölkəmizin zəngin ictimai-siyasi həyatında baş verən çox fəal dəyişikliklərə, eləcə də dünyada gedən proseslərə adekvat olaraq günün tələblərinə müvafiq şəkildə qurmaları vacibdir. Dırnaqarası müxalifət 2018-ci ildə nəzərdə tutulmuş Prezident seçkiləri yaxınlaşdıqca bir qədər “fəallaşmağa” çalışır, öz qarayaxmalarını, şər-böhtan çıxışlarını öz mətbuat səhifələrində, sosial şəbəkələrdə yerləşdirirlər. Bununla da, ölkədə həyata keçirilən böyük miqyaslı, pozitiv proseslərə kölgə salmağa çalışırlar. Təbii ki, bütün bunlara cavab olaraq, gənclərimiz sosial şəbəkələrdə, KİV-lərdə aparılan müzakirələrdə fəal olmalıdırlar, qorxmadan, çəkinmədən sözlərini deməlidirlər, müxalifətin sərsəm çıxışlarına layiqli cavablar verməlidirlər. Çünki, bizim həqiqətən deməyə çox sözümüz var. Yaxın coğrafiyada, ümumiyyətlə dünyada geosiyasi vəziyyətin necə mürəkkəb olduğunu hamımız yaxşı dərk edirik. Bu proseslər bizim sərhədlərimizdən çox da uzaqda baş vermir və bu təhlükələrin Azərbaycana transfer olunması riski də yüksəkdir. Bu gün gənclərimiz bilməlidirlər ki, məhz partiyamızın Sədri, möhtərəm Prezidentimizin apardığı düşünülmüş, cəsarətli, tarazlı və qabaqlayıcı siyasət nəticəsində bütün bu təhdidlər Azərbaycandan yan keçir. Bütün bunlar bizə gələcəyimizə inamla baxmağa tam əsas verir. Aprelin 10-da cənab Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin proqram xarakterli çıxışında da bu məqamlar, eləcə də ölkəmizdə cari ilin birinci rübündə həyata keçirilmiş genişmiqyaslı işlər öz əksini tapmışdır. Son 13 ildə əldə etdiyimiz ən böyük dəyərimiz ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf və əmin-amanlıqdır. Bizim vəzifəmiz bu dəyərləri qoruyub saxlamaq və gələcəkdə daha da möhkəmləndirməkdən ibarətdir. Partiya mənsubiyyətindən asılı olmayaraq, özünü bu ölkənin vətəndaşı hesab edən, milli köklərimizə və dövlətçiliyimizə bağlı olan hər bir azərbaycanlı bu dəyərləri qorumaq üçün əlindən gələni etməlidir. Biz də rayon təşkilatı olaraq siyasi-ideoloji fəaliyyətimizlə bu işlərə öz töhfəmizi verməyə çalışırıq. Təşkilatımızın təşəbbüsü ilə bu istiqamətdə istər rayon, istərsə də respublika miqyasında müəyyən tədbirlər həyata keçirilir – cəbhə bölgələrinə, regionlara səfərlər reallaşdırılır, konfrans və “dəyirmi masa”lar təşkil olunur, müxtəlif teatr tamaşalarına, sənədli filmlərə ictimai baxış keçirilir, rayonun aztəminatlı ailələri, yataq xəstələri, tənha qocalar üçün müxtəlif səpkili sosial yardım aksiyaları keçirilir, xüsusi fərqlənən fəal gənclərimiz mütəmadi olaraq təltif olunurlar. Biz daim gənclərimizi vətənpərvərlik, dövlətinə, millətinə bağlılıq ruhuna istiqamətlənmiş müxtəlif təşəbbüslərlə, layihələrlə bizə müraciət etməyə dəvət edirik, hər zaman da bacarıqlı gənclərimizə təşkilati, mənəvi, maddi dəstək göstərməyə hazırıq. Çıxışının sonunda Ş.Hacıyev yeni funksional struktur bölgüsünün təşkili, ilk ərazi təşkilatlarında olan gənclərlə daha sıx əlaqələrin qurulması, yaxın günlərdə gənclər təşkilatları sədrlərinin görüşlərinin keçirilməsi istiqamətləri üzrə rayon Gənclər Birliyi qarşısında konkret vəzifələr qoydu və on gün ərzində işlərin gedişatı və icra vəziyyəti haqqında məlumat verilməsini tapşırdı.

Cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vuran Sədr diqqətə çatdırdı ki, 1993-cü ilin 10 aprel tarixində Azərbaycan mətbuatına yeni nəfəs gətirən “Yeni Azərbaycan” qazeti Yeni Azərbaycan Partiyasının rəsmi mətbuat orqanı olaraq işıq üzü görmüşdür. 24 illik fəaliyyəti dövründə “Yeni Azərbaycan” qazeti uğurlu inkişaf yolu keçmiş, Azərbaycanın ictimai-siyasi həyatında baş verən bütün hadisələrin içərisində olmuş və Azərbaycan mətbuat sistemində öz layiqli mövqeyini qorumuşdur. Bu əlamətdar təsis günü münasibətilə baş redaktor, Milli Məclisin deputatı Hikmət Babaoğlu başda olmaqla qazetin bütün əməkdaşlarını ürəkdən təbrik edən Ş.Hacıyev qazetin bütün kollektivinə, fədakar jurnalistlərimizə şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladı.