YAP Səbail “Əhməd Cavad 12” ərazi ilk partiya təşkilatının yeni üzvlərinə vəsiqələr təqdim olundu

Aprelin 14-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının “Əhməd Cavad 12” ərazi ilk partiya təşkilatının yeni üzvlərinə vəsiqələr təqdim olunub.

İclasda ilk partiya təşkilatının sədri Səyyad Salahlı, təşkilatın Gənclər Birliyinin sədri Aygül Ağayeva və partiya üzvləri iştirak ediblər.

İclas iştirakçılarını salamlayan Səyyad Salahlı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin və xalqımızın inkişafına, tərəqqisinə, dünyada yüksək imicinin formalaşmasına nail olunduğunu vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı naminə parlaq fəaliyyət göstərdiyini bildirib. Səyyad Salahlı qeyd edib ki, dövlətimizin başçısı müasir dünyada Azərbaycanın inkişaf modelinin tanınıb qəbul edilməsinə nail olub. O, bu inkişaf modelinin artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsinin və müsbət təcrübə kimi öyrənilməsinin qürurverici məqam olduğunu əlavə edib.

Səyyad Salahlı çıxışında bu ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsinin önəminə toxunub. Bu Sərəncamın müsəlman ölkələri üçün çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti olduğunu deyib. Bildirib ki, bu tarixi Sərəncamla Azərbaycan öz milli-mənəvi dəyərlərinə bağlı, eləcə də çağdaş ölkə kimi gələcəyə qardaşlıq körpüsü salır. Azərbaycanın müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsinin də əhəmiyyətini vurğulayan Səyyad Salahlı bir aydan sonra Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bütün dünyada müsəlmanlar arasında birlik və həmrəyliyin möhkənlənməsinə kömək edəcəyinə ümidvar olduğunu gənclərin diqqətinə çatdırıb.

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiyanın sıralarında təmsil olunmağın şərəfli, eyni zamanda məsuliyyətli olduğunu bildirən Səyyad Salahlı partiya üzvlərinə ölkəmizin dövlətçilik ənənələrinin, Azərbaycan həqiqətlərinin, YAP ideyalarının təbliğində fəal olmağı tövsiyə edib.

Təşkilatın Gənclər Birliyinin sədri Aygül Ağayeva çıxışında YAP Gənclər Birliyinin həyata keçirdiyi layihələrin önəmindən bəhs edib. Müxtəlif sahələri əhatə edən layihələrin gənclərin dünyagörüşünün artırılması, yeni bilik və bacarıqlara yiyələnməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. A.Ağayeva partiyanın yeni üzvlərini Azərbaycanımızın daha da qüdrətlənməsi, möhkəmlənməsi yolunda bütün səylərini birləşdirməyə çağırıb.

Sonda yeni üzvlərə partiya vəsiqələri təqdim olunub.

Partiyanın yeni üzvləri onlara göstərilən etimadı yüksək qiymətləndirərək, bu partiyaya üzv qəbul olunduqları üçün böyük qürur hissi keçirdiklərini və üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəklərini bildiriblər.