YAP Səbail “Mahnı teatrı” ərazi ilk partiya təşkilatı təsis edildi

18 aprel 2017-ci il tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.

İclasda YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov və teatrın məsul əməkdaşları iştirak etdilər.

Yığıncaq iştirakçılarını salamlayan Z.Bayramov yaranması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının (YAP) 25 illik fəaliyyəti ərzində keçdiyi əzəmətli və şərəfli yol haqqında bəhs edərək, qeyd etdi ki, YAP bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük, qüdrətli partiyasına çevrilmişdir. Belə ki, 1992-ci ilin noyabrın 21-də keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransında 550 nəfər nümayəndə iştirak etmişdisə, bu gün böyük fəxarətlə və qürurla qeyd etməliyik ki, cəmiyyətimizin siyasi avanqardı, əsl xalq partiyası sayılan YAP öz sıralarında 700 minə yaxın siyasi həmfikirlərini cəmləşdirir. Azərbaycanda son dövrdə ciddi sosial-iqtisadi islahatlar həyata keçirilir, genişmiqyaslı çoxşaxəli işlər görülür, ölkənin ictimai-siyasi həyatı günü-gündən zənginləşir. Bu islahatlar səmərəliliyi onun ideoloji, siyasi, mədəni təminatından asılıdır. Biz Səbail ərazisində yerləşən bütün idarə və müəssisələrdə müasir dövrün tələblərinə uyğun işləməliyik, ölkə rəhbərinin, partiya Sədrinin siyasətinin mahiyyətini ictimaiyyətə çatdırmalıyıq. Bu işdə ərazi ilk partiya təşkilatlarının üzərinə mühüm və məsul vəzifələr düşür. Hazırda YAP Səbail rayon təşkilatının qeydiyyatında 110 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir, 25 min üzvümüz var, bir sözlə, Səbail rayon əhalisinin xeyli hissəsi YAP üzvüdür. Rayon təşkilatımız öz intellektual potensialı, eləcə də kəmiyyət və keyfiyyət tərkibi baxımından seçilir. Rayon üzrə bələdiyyələrdə 8 nəfər, Milli Məclisdə 9 nəfər YAP üzvü təmsil olunur. Ali təhsilli üzvlərin sayı 9021 nəfərdir, onlardan elmlər namizədi 496, elmlər doktoru isə 110 nəfərdir.

Əminik ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında özək təşkilat yaratmaq ictimai-mədəni potensialımızın yüksəlməsinə böyük töhfə olacaqdır. Partiya Nizamnaməsinə uyğun olaraq, Mahnı Teatrında ərazi ilk partiya təşkilatı yaratmaq üçün burada kifayət qədər üzv var. Beləliklə, yetersay əsasında YAP Səbail “Mahnı Teatrı” ərazi ilk partiya təşkilatının təsis olunması münasibətilə hamınızı təbrik edirəm, siyasi fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm. Heç şübhə etmirik ki, yaxın zamanda bu ərazi təşkilatının tərkibi xeyli genişlənəcək və görülən partiya işlərinin keyfiyyəti yüksələcəkdir.

Yığıncağın davamında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestrinin konsertmeystri Mövsümova Zülfiyyə xanım yeni ərazi təşkilatının sədri seçildi.

Z.Mövsümova ona göstərilən etimada görə təşəkkürünü bildirərək, qeyd etdi ki, biz “gənclərin dostu” olan cənab Prezident İlham Əliyevin Sədri olduğu partiyaya üzv olmaqla qürur duyuruq və partiya tapşırıqlarını hər zaman layiqincə yerinə yetirməyə hazırıq.