YAP Səbail rayon təşkilatının başlıca vəzifəsi – gənc nəslin vətənpərvərlik ruhunda təlim-tərbiyəsidir
21.04.2017YAP Səbail rayon təşkilatı tərəfindən “İslam həmrəyliyi ili” ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində 21 aprel 2017-ci il tarixində Bibiheybət qəsəbəsində yerləşən 50 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş olundu.
YAP Səbail rayon təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri açıq elan edən məktəbin direktoru Sədaqət Həsənova 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar tarixli sərəncamına əsasən məktəbdə görülən işlər barədə məlumat verdi. Bu baxımdan bu gün nümayiş olunacaq “Fitnə” filminin yüksək tərbiyəvi əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan S.Həsənova məktəbliləri filmə diqqətlə baxmağa, müvafiq nəticələr çıxarmağa və din pərdəsi altında müxtəlif radikal çağırışlara aldanmamağa çağırdı.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev adından məktəbliləri salamladı. “İslam həmrəyliyi ili” çərçivəsində keçirilən bu film nümayişinin əhəmiyyətindən danışan M.Nağıyev qeyd etdi ki, “Fitnə” sənədli filmində toxunulan məsələlər gənclərimizi, məktəblilərimizi dini radikalizm, ekstremizm kimi xoşagəlməz hallardan qorumaq üçün ciddi önəm kəsb edir. İslam aləmində həmrəyliyin təmin olunması bu gün bütün dünya üçün ən aktual mövzudur. Bu baxımdan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi yüksək siyasi və beynəlxalq əhəmiyyətə malikdir. Əminik ki, xalqımız, dövlətimiz bu missiyanın da öhdəsindən layiqincə gələcək və bəşəri dəyərləri özündə cəmləşdirərək bundan sonra da bütün dünyaya sülh, əmin-amanlıq mesajları verməyə davam edəcəkdir.
Tədbirin davamında məktəblilər ssenari müəllifinin Nadir Bədəlov, məsləhətçilərin Gündüz İsmayılov və Siyavuş Heydərov olduğu, ekspert qismində isə Milli Məclisin deputatı Elman Nəsirovun çıxış etdiyi “Fitnə” sənədli filminə baxdılar.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bu gözəl təşəbbüs və yaradılmış şəraitə görə YAP Səbail rayon təşkilatı və 50 saylı orta məktəbin rəhbərliyinə təşəkkürünü bildirdi. Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması zərurətinin məhz “Fitnə” filmində vurğulanan məqamlardan irəli gəldiyini qeyd edən N.Məmmədov diqqətə çatdırdı ki, din pərdəsi altında aparılan bütün bu yanlış təbliğatlar, fitnələr təhsildəki, dünyəvi elmlərin mənimsənilməsindəki boşluqlardan irəli gəlir. İslamın ana qayəsi əxlaqlı, vicdanlı, savadlı, ilk növbədə başqalarına hörmət edən insanlar yetişdirməkdir. Azərbaycan bu gün ölkədə formalaşdırılmış unikal multikultural harmoniyanı, tolerantlığı bütün dünyaya nümayiş etdirir. Tarixi Bibiheybət qəsəbəsi özü İslam tolerantlığının ən gözəl nümunələrindən biridir. Bununla belə, Azərbaycanda öz məkrli niyyətlərini həyata keçirməkdə maraqlı olan çox xarici qüvvələr var, biz də belə filmlərimizi məktəblərdə, təhsil ocaqlarında nümayiş etdirərək, gənclərimizi bu mövzularda maarifləndirmək və müxtəlif bəd niyyətlərdən qorumaq istəyirik. Bu gün müsəlman gənclərinin üzərinə böyük vəzifələr düşür. Məktəblilərimiz ilk növbədə yaxşı oxumalı, elmə, biliklərə yiyələnməlidirlər. Biz də çalışmalıyıq ki, Azərbaycan gəncləri dini radikalizmdən uzaq, yüksək təhsilli mütəxəssislər və gözəl əxlaqlı vətəndaşlar kimi formalaşsınlar.
Tədbirin videoyazısı