Səbail rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edildi
28.04.2017Bu gün YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilən yığıncaq keçirildi. Səbail rayonunda yerləşən “Xüsusi Müalicə Sağlamlıq Kompleksi”nin konfrans zalında baş tutan tədbirdə kompleksin baş direktoru Afaq Abdullayeva qonaqları salamlayaraq bildirdi ki, bugünkü tədbir nəcib insan, insanların gözlərinə şəfa verən bir xanım – Zərifə Əliyevanın anadan olmasının ildönümü ilə bağlıdır: “YAP Səbail rayon təşkilatı tərəfindən təşkil olunan bugünkü yığıncağın məhz bizim müəssisəmizdə keçirilməsi bizi çox sevindirir. Buna görə YAP Səbail rayon təşkilatına müəssisəmiz adından təşəkkür edirik”.
Yığıncaqda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videofilm nümayiş etdirildi.
Filmdən sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı professor Şəmsəddin Hacıyev bildirdi ki, bu tədbirin məhz tibb ocağında keçirilməsi təsadüfi deyil. Yüksək mənəvi-əxlaqi dəyərlərə malik olan, gözəl insan, həssas xanım kimi yaddaşlara həkk olan Zərifə xanım eyni zamanda Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alimdir. Qısa həyat yolu ərzində genişmiqyaslı işlər görmüş Zərifə xanım eyni zamanda böyük bir missiyanı da yerinə yetirmişdir. Heydər Əliyev kimi dahi şəxsiyyətin etibarlı, dəyanətli, şəfqətli və cəsur həyat yoldaşı olmaq məhz ona nəsib olmuşdur. Onların həyat yolu gənclərimiz üçün, bütün insanlar üçün böyük nümunədir.
Dünyada bir qadının həyatını iki prezidentlə bağlaması çox nadir hallardandır deyən millət vəkili diqqətə çatdırdı ki, hər bir insanın formalaşmasında iki təməl sahə mühüm rol oynayır. Bunlardan biri elm-təhsildir, hansıki insanın mənəviyyatını formalaşdırır və digəri səhiyyə sahəsidir ki, burada da insan sağlamlığı təmin olunur. Təsadüfi deyildir ki, Zərifə xanım məhz, bu iki sahədə həm müəllim, həm də həkim kimi fəaliyyət göstərmiş və hər zaman insansevərliyi, qayğıkeşliyi, ədalətliliyi ilə fərqlənmiş, intellektli, savadlı və dövlətçiliyimizə bağlı mütəxəssislər yetişdirməyi hər şeydən üstün tutmuşdur. Yalnız savadlı həkim, əsl pedaqoq və güclü psixoloq olan insan bu mənəvi hissləri özündə cəmləşdirə bilərdi.
Zərifə xanım Əliyevanın elmi fəaliyyəti haqqında ətraflı bəhs edən YAP Səbail rayon təşkilatı sədri qeyd etdi ki, Zərifə xanımın tibb elminin ən çətin və az tədqiq edilmiş sahələrindən biri olan oftalmologiyanı seçməsi də təsadüfi deyildi. Zərifə xanım müharibənin ən qızğın vaxtında Tibb İnstitutuna daxil olmuşdu. Həmin dövrdə oftalmologiya tibb elminin ən ciddi tədqiqatlara ehtiyac olan sahələrindən biri idi, dünyada 400 milyondan çox traxoma xəstəsi var idi, onlardan 80 milyon nəfəri xəstəliyin müalicəsinin olmaması səbəbiylə kor olmuşdular. Zərifə xanımın bütün elmi fəaliyyəti bu sahənin həll olunmamış problemlərinin tədqiqi ilə bağlı olmuş və o, bu sahədə çox böyük nailiyyətlər əldə etmişdir. Təkcə onu demək kifayətdir ki, onun bu elmi yenilikləri oftalmologiya sahəsində ən yüksək mükafata layiq görülmüşdür. Belə ki, Zərifə xanım Əliyeva SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın alim olmuşdur.
Elmi həyatına kiçik elmi işçi olaraq başlayıb akademik elmi dərəcəsinə qədər yüksələn Zərifə xanım eyni zamanda sədaqətli, qədirbilən həyat yoldaşı, qayğıkeş ana idi. O, bu gün dünyada sayılıb-seçilən, söz sahibi olan möhtərəm Prezidentimiz, partiya Sədrimiz cənab İlham Əliyev kimi görkəmli şəxsiyyətin tərbiyəsində, formalaşmasında misilsiz rol oynamışdır. Elə bu nümunədə deyə bilərik ki, Zərifə xanım analıq vəzifəsinin öhdəsindən də çox şərəflə gəlmişdir.
Ş.Hacıyev əlavə etdi ki, Zərifə xanım Əliyeva onun tanıyanların, yetirmələrinin, bütün Azərbaycan xalqının yaddaşında əbədi iz qoyub. Azərbaycanın dövlətçilik tarixində çox görkəmli dövlət başçıları, siyasətçilər olub, ancaq onların arasında yaşadığı dövrdə öz xalqı üçün gördüyü işlərin miqyası etibarilə Heydər Əliyev kimi xalqına xidmət edən, xalqını yüksəkdə tutan ikinci bir şəxsiyyət tanımıram deyən deputat xüsusi vurğuladı ki, bu görkəmli dövlət başçısının, diplomatın, siyasətçinin, filosofun həyat yoldaşı olmaq Zərifə xanımın böyüklüyünü göstərən amildir və bu bəlkə də onun alın yazısı idi. Zərifə xanım ən çətin məqamlarda da Heydər Əliyevə dəstək olmuş, onun yanında durmuşdur. Bütün bunlar Zərifə xanımın necə mətanətli, dəyanətli, cəsur bir Azərbaycan-türk qadınına xas xüsusiyyətlərə malik olduğunu bir daha sübut edir. Onun yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqına, xüsusilə qadınlarımıza və gənc qızlarımıza nümunədir. Milli Məclisin deputatı çıxışına Ulu Öndər Heydər Əliyevin akademik Zərifə Əliyeva haqqında söylədiyi fikirlərlə yekun vurdu: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib. Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib.”
Daha sonra YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı, müstəqillik dövründə ilk dəfə nəşr olunmuş “Zərifə Əliyeva” adlı kitabın müəllifi Hüseynbala Mirələmov çıxış etdi. İlk növbədə müəllifi olduğu və Moskvada çapdan çıxmış olan “Zərifə Əliyeva” adlı kitab haqqında məlumat verən deputat qeyd etdi ki, sözügedən kitab 12 dildə nəşr olunub: “Artıq bu kitab bütün dünyada geniş yayılıb”.
Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyəti haqqında danışan deputat bildirdi ki, görkəmli oftalmoloq hər zaman tələbələri ilə danışanda vicdanın hər şeydən üstün olduğunu bildirirdi: “Zərifə xanım “Əqidə” kitabında əsl həkim olmağın mahiyyətini açıb. Həkimin ən böyük hakimi vicdanı olmalıdır, həkimin xəstələrini müalicə etmək üçün əxlaqi daranışları və mənəviyyatı baxımından mənəvi haqqı olmalıdır. Zərifə xanım oftalmologiya sahəsində SSRİ-də ilk mükafat alan xanımdır. Bu gün göz həkimləri onun metodlarından istifadə edirlər. Zərifə xanım Əliyeva həm də gözəl, qayğıkeş ana və həyat yoldaşı olub. O, Ulu Öndərimizin həm mənəvi, həm siyasi kursunu davam etdirən hazırki Prezident İlham Əliyev kimi oğul yetişdirib. Zərifə xanım haqqında çox danışmaq olar. Zərifə xanım qısa ömür yaşamasına baxmayaraq, çox mənalı ömür sürüb. Bu gün ailə quran gənclərimiz ilk xeyr duanı Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyevadan alırlar”.
Yığıncaqda “Xüsusi Müalicə Sağlamlıq Kompleksi”nin həkim-oftalmoloqu Bahar Mustafayeva çıxış edərək, qeyd etdi ki, fitri istedadı olan və novator tədqiqatçı həkim kimi tanınmış Zərifə xanım Əliyevanın keçdiyi şərəfli yol hər bir azərbaycanlı üçün kamillik və müdriklik məktəbidir. Dünya şöhrətli bir çox oftalmoloqun haqqında yüksək fikirlər söylədiyi Zərifə xanımın həyat tərzi xeyirxahlıq idi. Zərifə xanımın xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaqdır.
Çıxış edən YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü, “Səs” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Ulu Öndər Heydər Əliyevin fikrinə istinad edərək bildirdi ki, Azərbaycan xanımları dünyanın ən gözəl xanımlarıdır və bu gün Azərbaycan xanımının ən gözəl nümunəsi məhz tibb aləminin tanınmış siması Zərifə xanım Əliyevadır. Bu gün Zərifə xanım haqqında danışarkən Onun portretini yaratmağa çalışırıq. Lakin Zərifə xanımla bağlı ən gözəl portret məhz özü tərəfindən yaradılıb. Azərbaycan ailəsi modeli Ulu öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyeva tərəfindən yaradılıb. Zərifə xanım Əliyeva Prezident İlham Əliyevin fenomenal və xarizmatik lider kimi yetişməsində analıq missiyasını yüksək səviyyədə yerinə yetirib. Zərifə xanımın elmi ixtiraları bu gün də araşdırılır.
Sonda Şəmsəddin Hacıyev yekun nitqi ilə çıxış edərək qeyd etdi ki, Zərifə xanım Əliyeva kimi şəxsiyyətlər Azərbaycan qadının nə qədər dəyanətli və ləyaqətli olduğunu göstərir. O əlavə etdi ki, bu gün dünyada böyük liderlərə ehtiyac var. Bizim xoşbəxtliyimiz bu gün möhtərəm Prezidentimiz İlham Əliyev kimi liderimizin olmasıdır. Məhz ölkə rəhbərimizin cəsarətli, düşünülmüş, qabaqlayıcı və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan hər gün dünyada fərqli rakursdan təqdim olunur. Bu, bizim qürurumuzdur.
Tədbirin videoyazısı:
LiderTV
AzərTAC
SəsTV