“Biznes Həyatı” jurnalında müsahibə dərc olundu

“Biznes Həyatı” jurnalının “25 Aprel – Sahibkarlar Günü”nə həsr olunmuş xüsusi buraxılışında YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı professor Şəmsəddin Hacıyevin müsahibəsi dərc olunub.

Müsahibəni təqdim edirik:

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyevlə 

M Ü S A H İ B Ə

– Hörmətli Şəmsəddin müəllim! Son vaxtlar Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlət, özəl sektor və təhsil müəssisələri birgə fəaliyyət göstərir. Tanınmış millət vəkili və elm sahəsində böyük nüfuz qazanmış alim kimi sahibkarlığın təsiri kimi paralelliyi necə izah edərdiniz və bu istiqamətdə görülən işləri necə qiymətlədirirsiniz?

– Heç bir sübuta ehtiyac yoxdur ki, rəqabətqabiliyyətli davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasında, biliklərə əsaslanan inkişafın təmin edilməsində və ümumiyyətlə postindustiral cəmiyyətin qərarlaşmasında insan kapitalının rolu əvəzedilməzdir. İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, müasir dünyada davamlı və dayanıqlı inkişafın təməlində təbii resurslar və fiziki kapitaldan daha çox innovasiyaları özündə əks etdirən insan kapitalı dayanır. Geniş mənada yanaşsaq, insan kapitalı özündə intellekti, bilik, bacarıq və vərdişləri, yenilikləri, sağlamlığı, ixtisaslı məhsuldar əməyi və həyat keyfiyyətini ehtiva etdiyindən onun formalaşdırılması və inkişaf etdirilməsi çoxşaxəli kompleks sosial, iqtisadi, hüquqi və institusional islahatların həyata keçirilməsini tələb edir. Eyni zamanda, aparılan islahatların effektivliyinin yüksəlməsində özəl sektor – sahibkarlıq ən başlıca hərəkətverici qüvvələrdən biri kimi çıxış edir. Belə ki, dövlət həm elm, təhsil, səhiyyə, idman, həyat səviyyəsi, sosial müdafiə, əmək şəraiti və s. bu kimi istiqamətlərdə sistemli sosial siyasət həyata keçirir, həm də innovasiyaya meyilli sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla insan kapitalının inkişafı üçün əlverişli münbit şərait yaradır. Sahibkarlar isə kəskin rəqabət şəraitində gəlirlərinin dayanıqlığını təmin etmək məqsədilə innovasiya yönümlü fəaliyyətlərini genişləndirməklə insan kapitalının inkişafının fasiləsiz və davamlı bir prosesə çevrilməsində mühüm rol oynayırlar. Beləliklə, ən mühüm məhsuldar qüvvə kimi insan kapitalı və sahibkarlıq bir-birinin inkişafını qarşılıqlı şəkildə dəstəkləyə bilən təsirlərə malikdirlər. Daha konkret desək, yüksək və keyfiyyətli əmək məhsuldarlığına malik olan insan kapitalından istifadə etməklə sahibkarlıq subyektləri gəlirlərinin artmasına və rəqabətqabiliyyətliliyin yüksəlməsinə nail olurlar. Eyni zamanda, əmək məhsuldarlığını və rəqabətqabiliyyətliyini yüksəltmək istəyi sahibkarları elmi araşdırmaların və tədqiqatların həyata keçirilməsinə, elm və yüksək texnologiya tutumlu məhsullar istehsalına və ixtisaslı kadrların hazırlanmasına sərmayə qoyuluşlarını artırmaqla insan kapitalının inkişafına öz töhfələrini verməyə sövq edir. Məhz iri sahibkarlıq subyektləri olan transmilli korporasiyalar arasında daima güclənən qlobal rəqabət mübarizəsinin nəticəsidir ki, hazırda dünyamız texnoloji innovasiyaların yeni dalğasına – Dördüncü Sənaye İnqilabı dövrünə qədəm qoymaqdadır. Təbii ki, texnoloji innovasiyalar həm iqtisadiyyatda, həm də əmək bazarında radikal dəyişikliklərə səbəb olur. Hər bir ölkənin, hər bir sahibkarın rəqabətqabiliyyətli inkişafının təmin edilməsi məhz, onların bu cür radikal dəyişikliklərə nə dərəcədə hazır olmasından və onun çağırışlarına nə dərəcədə cavab verə bilməsindən birbaşa asılı olacaqdır. Bu nöqteyi-nəzərdən müasir dövrdə sahibkarlıq subyektləri fəaliyyət göstərdikləri bazarlarda öz mövqelərini qoruyub saxlamaq, bazar paylarını genişləndirmək və gəlirlərinin dayanıqlığını təmin etmək məqsədilə insan kapitalının inkişafına və innovasiyalara investisiya qoyuluşlarını fəallaşdırmalıdırlar. Bu, hər şeydən əvvəl, özünü elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin və elmtutumlu istehsal sahələrinin birləşməsi əsasında texnopolislərin, sənaye klasterlərinin, birgə elm-tədqiqat mərkəzlərinin, laboratoriyaların, texnoparkların, texnoinkubatorların və s. yaradılması meyllərinin güclənməsində biruzə verir. Bütün bunlar isə bir daha təsdiq edir ki, ölkədə müasir standartlara cavab verən insan kapitalının formalaşdırılması və inkişafı elm, təhsil, istehsalat və ya sahibkarlığın effektiv inteqrasiyası olmadan qeyri-mümkündür.

Təsadüfi deyildir ki, ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi siyasətində hər zaman bu inteqrativ yanaşma diqqət mərkəzində saxlanılır. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən irəli sürülmüş “Maddi kapitalın insan kapitalına çevrilməsi”, “Azərbaycanın regionun elm və innovasiya mərkəzinə çevrilməsi” kimi çox mühüm konsepsiyaların reallaşdırılması istiqamətində kompleks işlər görülmüşdür. Son 13 il ərzində Dövlət Büdcəsindən təhsilin inkişafına ayrılan vəsaitlərin həcmi 7,5 dəfə, elmin inkişafına ayrılan vəsaitlər isə 6,6 dəfə artmışdır. Nəticədə, elm və təhsil sisteminin infrastrukturunun yenilənməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması, beynəlxalq elm və təhsil məkanına inteqrasiya, elmi-texniki potensialın inkişafı, elm, təhsil və iqtisadiyyatın inteqrasiyası və s. istiqamətlərdə mühüm nailiyyətlər əldə edilmişdir.

Bu konteksdə ölkəmizdə insan kapitalının inkişafının effektiv qanunvericilik bazasını təmin edən “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsini xüsusi qeyd etmək vacibdir. Bunlarla yanaşı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”,  “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” icra edilmiş,  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası reallaşdırılmaqdadır ki, burada da “bilik cəmiyyətinin”, “biliklərə əsaslanan yeni iqtisadiyyatın” əsas məhsuldar qüvvəsi hesab olunan intellektual insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilmiş və bu istiqamətdə geniş tədbirlər planı həyata keçirilməkdədir.

İnsan kapitalının inkişafı sahəsində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş reytinq sıralamalarında ölkəmizin əhəmiyyətli irəliləyişlərə nail olması da aparılmış islahatların uğurlarını bir daha təsdiq edir. Belə ki, mötəbər beynəlxalq iqtisadi təşkilatlardan hesab edilən Dünya İqtisadi Forumunun 2016-cı il üçün hazırladığı “İnsan Kapitalı Hesabatı”nda ölkəmiz insan kapitalı indeksinə görə 2015-ci illə müqayisədə dünyanın 130 ölkəsi arasında 9 pillə irəliləyərək 54-cü yerə yüksəlmişdir. Müqayisə üçün qeyd edək ki, Azərbaycan bu göstəriciyə görə, Braziliya, Argentina, Meksika, Çin, Türkiyə, İndoneziya kimi yeni sənaye ölkələrini xeyli qabaqlamışdır. Bunlarla yanaşı, BMT-nin İnkişaf Proqramının (UNDP) 2015-ci il üçün hazırladığı “İnsan İnkişafı Hesabatı”nda Azərbaycan 2006-cı illə müqayisədə 21 pillə irəliləyərək dünyanın 173 ölkəsi arasında 78-ci yerə yüksəlmiş və artıq bir neçə ildir ki, yüksək insan inkişafına malik ölkələr qrupunda yer almaqdadır. Yeri gəlmişkən məlumat üçün bildirirəm ki, bu reytinqlərin hesablanmasında ölkənin iqtisadi və sosial həyatını əks etdirən yüzlərcə göstəricilərdən istifadə olunur.

Eyni zamanda qeyd etmək istərdim ki,  iqtisadi inkişafımızın hazırki postneft dövrünün strateji yol xəritəsində də ölkədə dayanıqlı iqtisadi artımın başlıca mənbəyi kimi insan kapitalının inkişaf etdirilməsi öz prioritetliyini daha da gücləndirmiş, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasında, elm, təhsil və sahibkarlığın effektiv inteqrasiyası istiqamətində tədbirlərin daha da intensivləşdirilməsi nəzərdə tutulmuşdur.

Xüsusilə vurğulamaq lazımdır ki, idxal asılılığının minimuma endirilməsi, rəqabətqabiliyyətli qeyri-neft ixracı potensialının inkişafı məqsədilə qeyri-neft sektorunun innovasiya fəallığının yüksəldilməsi istiqamətində ölkəmizdə texnologiya və sənaye parklarının yaradılması prosesi geniş vüsət almaqdadır. Ölkə başçısının müvafiq sərəncamları ilə respublikamızda elm-təhsil-sahibkarlığın inteqrasiyasına geniş imkanlar təmin edə biləcək Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Yüksək Texnologiyalar Parkı, Balaxanı Sənaye Parkı, Neftçala Sənaye Məhəlləsi, Mingəçevir Sənaye Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkının, Şəmkir Aqroparkın yaradılması və s. bu faktı bir daha təsdiq edir. Eyni zamanda onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən bu cür texnologiya və sənaye parklarında fəaliyyət göstərən fiziki və hüquqi şəxslər gəlir və mənfəət, əmlak, idxal üzrə əlavə dəyər vergilərindən yeddi il müddətinə azad olunmuşlar. Şübhəsizdir ki, bütün bunlar və digər stimullaşdırıcı mexanizmlərin geniş tətbiqi sahibkarların innovasiya yönümlü fəaliyyətini və investisiya fəallığını artıracaq, postneft dövrünün yeni istehsal sahələrinin meydana gəlməsinə və şaxələndirilməsinə, bu sahələrin əmək məhsuldarlığını və rəqabətqabiliyyətliliyini təmin edə bilən insan kapitalının formalaşdırılmasına və inkişafna misilsiz töhfələr verəcəkdir.

– Bildiyiniz kimi, neftin kəskin ucuzlaşmasından sonra ölkədə diqqət qeyri-neft sektorunun inkişafına yönəlib. Ölkə başçısı keçirdiyi son müşavirələrdə qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi tapşırıqlar verib. Bununla yanaşı, cənab Prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Strateji Yol Xəritəsi” təsdiq edilmişdir. Bilmək istərdik, bu istiqamətdə hansı qanunların müzakirəsini vacib hesab edirsiniz.

– Deməzdim ki, qeyri-neft sektorunun inkişafına diqqət yalnız neftin kəskin ucuzlaşmasından sonra yönəlib. Qeyri-neft sektorunun inkişafı hər zaman dövlətimizin iqtisadi siyasətinin və inkişaf modelimizin ana xəttini təşkil etmişdir. Həmçinin, ölkəmizdə reallaşdırılan neft strategiyasının da başlıca məqsədi əldə olunmuş neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəltməklə iqtisadiyyatımızın şaxələndirilməsinə nail olmaqdır. Bu həm Dövlət Neft Fondunun fəaliyətinin, həm də  2005-2025-ci illəri əhatə edən neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın konsepsiyasından da aydın şəkildə görünür. İndiyə qədər həm regionların sosial-iqtisadi inkişaf proqramları, həm də “Turizm ili”, “İnformasiya-kommunikasiya texnologiyaları ili”, “Sənaye ili”, “Kənd təsərrüfatı ili” çərçivəsində ayrı-ayrı sahələrin inkişafı ilə əlaqədar çoxlu sayda tədbirlər planı uğurla həyata keçirilmişdir və bu sahələrdə kompleks islahatlar hazırda da davam etdirilməkdədir. Bununla yanaşı, 2007-ci ildən etibarən ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların həcmində qeyri-neft sektorunun payı üstünlük təşkil etməyə başlamışdır. Bütövlükdə, indiyə qədər ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların təqribən 64 faizi qeyri-neft sektorunun payına düşmüşdür ki, onların da xeyli hissəsini daxili investisiyalar təşkil edir. Məhz bu, islahatların uğurlu nəticəsidir ki, son 13 il ərzində  qeyri-neft sektorunda yaradılmış əlavə dəyər 3,3 dəfə artmışdır. Artıq 7 ildir ki, ölkəmizdə istehsal olunmuş ümumi daxili məhsulda qeyri-neft sektoru neft sektorunu üstələyir. Müqayisə üçün qeyd edim ki, keçən il qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 65,9 faiz təşkil etmişdir. Yəni, göründüyü kimi, neftin qiymətlərinin yüksək olduğu dövrlərdə də qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Sadəcə 2008-2014-cü illər ərzində xam neft və neft məhsullarının ixracda 90 faizdən çox paya malik olması,  neftin qiymətlərinin kəskin ucuzlaşması nəticəsində ixrac gəlirlərinin azalması, bu dövr ərzində ilk dəfə olaraq tədiyyə balansının mənfi saldo ilə yekunlaşması, o cümlədən cari əməliyyatlar balansının 2016-cı ildə təqribən 1,4 mlrd. dollar məbləğində kəsrlə başa vurulması,  manatın dəyərdən düşməsi, valyuta ehtiyatlarının və dövlət büdcəsi gəlirlərinin azalması qeyri-neft sektoruna diqqəti daha çox artırmağı, bu sektorda islahatların daha da dərinləşdirilməsini və sürətləndirilməsini zəruri etmişdir. Məqsəd isə aydındır ki, iqtisadiyyatı qeyri-neft sektoru hesabına maksimum şaxələndirmək, neftdən asılılığı mümkün olduğu qədər azaltmaq və gəlirlərimizin dayanıqlığını təmin etməkdir.

Bu istiqamətdə yalnız Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işləri nəzərinizə çatdırmaqla kifayətlənmək istərdim. Baxın, ötən 13 il ərzində Fond tərəfindən 32 mindən çox sahibkara 1,9 milyard manatdan çox güzəştli kreditlər verilmişdir. Bu kreditlərin 1,2 milyard manatı, başqa sözlə 63 faizi müasir texnologiyalara əsaslanan 420-dən çox istehsal və emal müəssisələrinin yaradılmasına yönəldilmişdir. Fond tərəfindən güzəştli əsaslarla maliyyələşdirilmiş layihələr bütövlükdə 143 minə yaxın yeni iş yerinin açılmasına imkan yaratmışdır ki, bütün bunlar da qeyri-neft sektorunun inkişafı sahəsində görülən genişmiqyaslı işlərin konkret nəticəsi kimi qiymətləndirilməlidir.

Qeyd etdiyiniz kimi, ölkə başçısı cənab İlham Əliyev həm keçirdiyi müşavirələrdə, regionlara səfərlərində, həm də təsdiq etdiyi fərman və sərəncamlarda postneft dövrünün tələblərindən irəli gələrək qeyri-neft sektorunun inkişafı istiqamətində çox ciddi vəzifələr qarşıya qoymuş, kompleks və sistemli islahatlar kursu müəyyən etmişdir. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinə” əsasən, ölkəmizdə qeyri-neft ixracının təşviq edilməsi və yeni ixrac bazarları hesabına genişləndirilməsi, idxaləvəzləyici istehsal sahələrinin inkişafı və yerli istehsalın idxal komponentlərindən asılılıq dərəcəsinin azaldılması, xarici investisiya və texnologiyaların cəlb edilməsini həvəsləndirən əlverişli investisiya mühitinin təmin edilməsi, ölkənin maliyyə sisteminin sağlamlaşdırılması və fiskal dayanıqlığının gücləndirilməsi, rəqabətqabiliyyətli və məhsuldar insan kapitalının inkişaf etdirilməsi başlıca hədəflər kimi müəyyənləşdirilmişdir. Konkret olaraq hesab edirəm ki, məhz bu istiqamətdə islahatların effektiv şəkildə həyata keçirilməsinin təmin edilməsi məqsədilə mövcud qanunvericilik bazasının da təkmilləşdirilməsi vacibdir. Qeyd etmək istərdim ki, ölkəmizin ali qanunvericilik orqanı olan Milli Məclis son illərdə məhsuldar fəaliyyəti ilə seçilmişdir və xeyli sayda qanun layihələrini geniş müzakirələrdən keçirərək qəbul etməklə ölkəmizdə həyata keçirilən yeni iqtisadi islahatlar strategiyasına əhəmiyyətli töhfələr verməkdədir. Xüsusilə, son dövrlərdə vergi, gömrük, mülki məcəllələrdə, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Lisenziya və icazələr haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında” “Əmanətlərin sığortalanması haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və s. qanunlara əlavə və dəyişikliklərin edilməsi, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” və s. qanunların qəbul edilməsi iqtisadi fəallığın nəzərəçarpacaq dərəcədə artmasına əhəmiyyətli təsir göstərəcəkdir.

– Hörmətli Şəmsəddin müəllim, artıq xeyli müddətdir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüsünüz. Komitənin növbəti iş planına sahibkarlığın inkişafı ilə bağlı hansı məsələlər daxildir?

– Məlum olduğu kimi, ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsində sahibkarlıq fəaliyyəti həlledici rol oynayır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Həqiqətən də bu gün ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf strategiyasına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ixrac potensialının genişləndirilməsi, idxaldan asılılığın azaldılması və məşğulluğun artırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin həllində sahibkarlıq başlıca hərəkətverici qüvvə kimi çıxış edir. Bu baxımdan postneft dövründə sahibkarlığın inkişafı sahəsində görüləcək işlərin sistemliliyinin daha da artırılması strateji əhəmiyyətə malikdir. Bu reallığı nəzərə alaraq, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən islahatları daha da dərinləşdirməklə yanaşı, müvafiq qanunvericilik bazasının da gücləndirilməsi olduqca vacibdir. Yeri gəlmişkən qeyd edim ki, məhz bu nöqteyi-nəzərdən beşinci çağırış Milli Məclisdə İqtisadi siyasət komitəsinin “İqtisadi siyasət, sənaye və sahibkarlıq” komitəsi adlandırılması təsadüfi olmamışdır. Bunu, eyni zamanda, gələcək dövrlərdə də sahibkarlığın inkişafı üçün zəruri olan normativ-hüquqi bazanın gücləndirilməsinin daima diqqət mərkəzində olacağına verilən zəmanətin göstəricisi kimi də dəyərləndirmək olar. Sözügedən komitənin üzvü olaraq deyə bilərəm ki, hər zaman komitənin iclaslarında sahibkarlığın inkişafı ilə bağlı məsələlər böyük həssaslıqla müzakirə edilir. Komitənin bütün üzvləri təqdim olunan qanun layihələrinin ölkədə aparılan iqtisadi islahatların konsepsiyasına uyğunluğunun təmin edilməsi və qarşıya qoyulmuş hədəflərə çatmaq üçün effektivliyinin yüksəldilməsi istiqamətində təklif və tövsiyələrini irəli sürərək müzakirələrdə fəal və məhsuldar şəkildə iştirak edirlər.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, son dövrlərdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün qanunvericilik bazasının münbitliyi daha da artırılmışdır. Konkret olaraq  göstərmək istərdim ki, ölkədə qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmış, sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayı, ödənilən dövlət rüsumlarının səviyyəsi dəfələrlə azaldılmış, lisenziyaların verilməsi prosedurları sadələşdirilmiş və müddətsiz edilmiş, investisiyaların təşviqi məqsədilə vergi və gömrük güzəştləri tətbiq edilmiş, vergi amnistiyası həyata keçirilmiş, “bir pəncərə” və “yaşıl dəhliz” mexanizmlərinin tətbiqi nəticəsində idxal-ixrac sahəsində gömrük və digər qeydiyyat-nəzarət prosedurları minimuma endirilmiş, sahibkarların hüquqlarının qorunması ilə bağlı apellyasiya şuraları yaradılmış və s. bu kimi mütərəqqi addımlar atılmışdır. Təsadüfi deyildir ki, sahibkarlığın inkişafı, əlverişli sahibkarlıq mühitinin formalaşdırılması sahəsində aparılan islahatlar beynəlxalq reytinqlərdə də yüksək səviyyədə öz qiymətini tapmışdır. Məsələn, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” hesabatında 2009-cu ildə Azərbaycan ən islahatçı ölkə, 2016-cı ildə isə dünyada daha çox islahat aparan 29 ölkədən biri olmuşdur.

Dünya İqtisadi Forumunun 2016-2017-ci illər üzrə hesabatında qlobal rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan 138 ölkə arasında mövqeyini 3 pillə də yüksəldərək 37-ci yerdə qərarlaşmışdır. Ölkəmiz sözügedən hesabatda artıq 8 ildir ki, MDB ölkələri arasında 1-ci yerdə qərarlaşmışdır və bu da böyük nailiyyət kimi qiymətləndirilməlidir. Yeri gəlmişkən, Azərbaycanın 138 ölkə arasında rəqabət qabiliyyətlilik indeksi üzrə mövqeyi 12 meyar üzrə yüzlərlə iqtisadi, sosial, demoqrafik, institusional, qanunvericilik və s. kimi ümummilli inkişafı xarakterizə edən kompleks göstəricilər sistemi nəzərə alınmaqla müəyyən edilmişdir ki, bu da ölkəmizin rəqabət qabiliyyətliliyinin güclü və zəif nöqtələrinin müəyyən edilməsinə və gələcəkdə onların nəzərə alınmasına şərait yaratmışdır. Məsələn, əgər biz maliyyə bazarının inkişafına görə 97-ci, ali təhsil və treninqlərə görə 78-ci yerdəyiksə, makroiqtisadi mühit və əmək bazarının səmərəliliyi göstəricilərinə görə müvafiq olaraq 39-cu və 26-cı yerlərdə qərarlaşmışıq. Bununla yanaşı, hesabatda ölkəmiz bir sıra göstəricilər üzrə, məsələn, “biznesə başlama prosedurlarının sayı” göstəricisinə görə 3-cü yer, “biznesə başlamaq üçün günlərin sayı” göstəricisinə görə isə 9-cu yerdə qərarlaşmışdır ki, bu da sahibkarlıq mühitinin əlverişliyini müəyyən edən əsas göstəricilərdən hesab olunur.

Hesab edirəm ki, bundan sonra da ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, inzibati prosedurların sadələşdirilməsi, vergi yükünün azaldılması, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, sağlam rəqabət mühitinin təmin edilməsi, ixrac və investisiya fəaliyyətlərinin təşviq edilməsi, daxili bazarın qorunması istiqamətində tədbirlər daha da gücləndiriləcəkdir və təbii ki, bütün bunlar, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iş planlarında da öz əksini tapacaqdır, o cümlədən rəqabət haqqında Qanun layihəsi də çox güman ki, istisna olmayacaqdır.

– Hörmətli Şəmsəddin müəllim, bildiyiniz kimi ölkə Prezidenti “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi ilə bağlı fərman imzalayıb. Bu fərmanın icrası ilə bağlı görülən  işləri necə qiymətləndirərdiniz?

– Ümumiyyətlə, son illərdə həyata keçirilən iqtisadi islahatların başlıca hədəflərini qeyri-neft məhsullarının ixracının həcmini, çeşidini, keyfiyyətini və coğrafiyasını genişləndirmək təşkil edir. Cənab Prezidentin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi məqsədilə 5 oktyabr 2016-cı il tarixində imzaladığı fərman da bu istiqamətdə aparılan islahatların tərkib hissəsi kimi çıxış edir və ölkədə qeyri-neft sektorunun ixrac potensialının artırılması istiqamətində kompleks və genişmiqyaslı tədbirlərin həyata keçirilməsini özündə ehtiva edir. Belə ki, fərmanda nəzərdə tutulmuş stimullaşdırıcı tədbirlər istehsal prosesinin ilkin mərhələsindən başlayaraq məhsul ixracının reallaşdırılmasına qədər olan bütün mərhələləri əhatə edir. Təsdiq olunmasından təqribən 5 ay keçməsinə  baxmayaraq, qısa müddət ərzində “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi ilə bağlı əhəmiyyətli tədbirlər reallaşdırılmışdır. Buna misal olaraq, xarici ölkələrə təşkil edilən ixrac missiyalarını xüsusi vurğulamaq lazımdır. İxrac missiyaları çərçivəsində sahibkarların beynəlxalq sərgilərdə, yarmarkalarda, biznes forumlarda iştirakı təmin edilmiş, Azərbaycan mənşəli məhsulların xarici ölkələrin kütləvi informasiya vasitələrində, tanınmış ticarət mərkəzlərində və digər ictimai məkanlarda təbliğ edilməsi istiqamətində ciddi işlər görülmüşdür. Bununla yanaşı, Azərbaycan mənşəli məhsulların ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi məqsədilə müxtəlif ölkələrdə ticarət evlərinin yaradılması prosesinə də başlanılmışdır. Əsasən meyvə-tərəvəz, çay, spirtli və spirtsiz içkilər, konservləşdirilmiş qida, tikinti və təmir, kimya, maşınqayırma və yüngül sənaye məhsullarının istehsalçılarının ixrac missiyalarında iştiraka cəlb edilməsi və bununla əlaqədar yaranan xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi ölkəmizin qeyri-neft ixrac potensialının artırılmasında strateji əhəmiyyət kəsb edir. Həyata keçirilən tədbirlərin nəticələri barədə onu deyə bilərəm ki, bu hər şeydən əvvəl ixrac missiyalarının keçirildiyi ölkələrə, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinə və Çinə qeyri-neft ixracının artmasında özünü göstərir.

Bununla yanaşı, cənab Prezidentin 26 yanvar 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi də qeyri-neft ixracının genişləndirilməsinə dövlətin artan dəstəyini nümayiş etdirir. Burada da əsas məqsəd xarici ölkələrlə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan məhsullarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliğ edilməsi və bu istiqamətdə görülən tədbirlərin effektivliyinin və çevikliyinin yüksəldilməsidir.

Göründüyü kimi, hazırda ölkəmizdə qeyri-neft ixracının həm əmtəə, həm də coğrafi strukturunun şaxələndirilməsi istiqamətində ardıcıl, məqsədyönlü və sistemli şəkildə islahatların həyata keçirilməsi, şübhəsiz ki, yaxın gələcəkdə ölkəmizin iqtisadi inkişafının dayanıqlığına, dünya iqtisadiyyatına səmərəli inteqrasiyasına və iqtisadi təhlükəsizliyinə müsbət töhfələrini verəcəkdir.

– Dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi tədbirlər siste­mində qanunvericiliyin daha da təkmilləşdirilməsi öz əksini tapıb. Sizin fikrinizcə, iqtisadi qanunvericilikdə hansı müasir tələblər diqqət mərkəzində olmalıdır?

– İlk növbədə onu qeyd etmək istərdim ki, ümumiyyətlə vətəndaş cəmiyyətinin qurulması və stabil hüquqi dövlətin yaradılması mürəkkəb və çoxşaxəli proses olduğundan, qanun yaradıcılığı işi də mühüm əhəmiyyət kəsb edən müxtəlif cəhətli, müxtəlif istiqamətli amilləri kompleks şəkildə nəzərə almalıdır. Hər hansı bir qanun layihəsini hazırlayarkən ciddi araşdırmalar aparılmalı, dünya təcrübəsi, ölkə reallıqları və gələcək hədəflər hərtərəfli surətdə təhlil edilməlidir. Bununla yanaşı, hazırlanacaq yeni qanun layihəsi maraqlı sosial qrupların və təbəqələrin ictimai müzakirəsindən keçməli, onların fikirləri və maraqları öyrənilməli və nəzərə alınmalıdır. Qanun yaradıcılığı prosesində elmi analitikaya və proqnozlaşdırmaya xüsusi diqqət yetirilməlidir. Qanun layihəsində təsbit olunmuş maddələr elmi cəhətdən əsaslandırılmalıdır və bu maddələrin tətbiq olunmasının hansı nəticələrə gətirib çıxaracağı əvvəlcədən müəyyən olunmalıdır.

Bununla yanaşı, qanunvericiliyin dili konkret, dolğun, səlis olmalı və hamı tərəfindən birmənalı şəkildə başa düşülməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş maddələr bir-birilə və qoşulduğumuz beynəlxalq konvensiya və sazişlərlə ziddiyyət təşkil etməməlidir. Bütün bunlarla yanaşı, əgər söhbət iqtisadi qanunvericilikdən gedirsə, edilən hər bir əlavə və dəyişikliklər, aparılan təkmilləşdirilmələr iqtisadi islahatların məqsədlərinə nail olmaq üçün lazımi hüquqi şəraiti təmin etməli, qanun layihəsində tətbiq edilməsi nəzərdə tutulmuş tənzimləyici alətlər və mexanizmlər qüvvədə olan qanunla müqayisədə daha effektiv və səmərəli olmalı, fəaliyyət prosedurları daha sadə olmalıdır. Hər şeydən əvvəl isə, iqtisadi qanunvericilik ölkədə işgüzar fəallığın artmasına xidmət etməlidir.

Ümumiyyətlə, qanunvericilik bazasının təkmilləşdirilməsi dinamik və sonsuz bir prosesdir. Cəmiyyət həyatı inkişaf etdikcə, yeni münasibətlər sistemi formalaşdıqca, qanunvericilik bazası da təkmilləşdiriləcək, əlavə və dəyişiklikləri zəruri edəcəkdir.

– Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü olan iş adamlarına tövsiyyələriniz…

– İş adamlarına tövsiyyəm, ilk növbədə ondan ibarətdir ki, ölkəmizdə tarixən formalaşmış zəngin sahibkarlıq ənənələrini layiqincə davam etdirsinlər, sosial əhəmiyyətli tədbirlərin, o cümlədən xeyriyyəçilik işlərinin həyata keçirilməsində daha fəal və həvəsli olsunlar. Hələ XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş sahibkarlar məktəblər, xəstəxanalar, teatrlar, fabriklər, zavodlar və digər təyinatlı binalar tikərək, ehtiyacı olan insanları işlə təmin etmiş, onlara maddi və mənəvi dəstək olaraq dövrlərinin böyük nüfuz sahiblərinə çevrilmişlər. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov və onlarca sahibkarın adlarını çəkmək olar ki, onların fəaliyyəti və zəngin irsi indiki sahibkarlıq nəsli üçün də əsil nümunə və məktəb kimi qəbul olunmalıdır.

Ən əsas tövsiyəm ondan ibarətdir ki, iş adamları hər zaman  milli maraqları şəxsi maraqlarından, biznes maraqlarından üstün tutsunlar. Bu prinsip onların başlıca biznes fəlsəfəsinə çevrilməlidir. Milli maraqların prioritetliyinin təmin edilməsi bütövlükdə cəmiyyətin inkişafında mühüm rol oynamaqla yanaşı, dolayısı ilə elə biznes maraqlarının da təmin edilməsinə gətirib çıxaracaq. Milli maraqların ikinici və üçüncü dərəcəli hesab edilməsi isə qətiyyən yolverilməzdir və bu, dövlətin, cəmiyyətin, xalqın, vətəndaşın, eləcə də sahibkarın nəinki inkişafına, hətta mövcudluğuna belə təhlükə yaradır.

Çox istərdim ki, sahibkarlarımız təşəbbüskarlıqlarını daha da artırsınlar, kapitallarını əsasən ölkə iqtisadiyyatına, xüsusilə real sektora, ixracyönümlü sahələrə yönəltsinlər, cəsarətli olsunlar, mövcud olan problemləri vaxtında ortaya çıxarsınlar, onların həlli istiqamətində və ümumiyyətlə ölkədə həyata keçirilən islahatların effektivliyinin yüksəldilməsi istiqamətində əsaslandırılmış təkliflər işləyib hazırlasınlar və unutmasınlar ki, daima onlara dəstək olacaq güclü və qüdrətli dövlətimiz var. Beynəlxalq bazarları, dünyanın nüfuzlu korporasiyalarının idarəçilik təcrübəsini öyrənərək, müasir texnologiyaları mənimsəyərək rəqabətqabiliyyətli ixrac məhsullarının istehsalına diqqəti artırsınlar, bu işdə heç bir riskdən çəkinməsinlər. Bu, həm dövlətin həyata keçirdiyi iqtisadi siyasətə dəstək olacaq, həm də onların özünə böyük fayda qazandıracaqdır.

Bir sözlə, hazırda dövlət necə ki, sahibkarın yanındadır, ona böyük diqqət və qayğı göstərir, sahibkar da buna adekvat cavab veməli, öz sosial məsuliyyətini lazımınca dərk etməli və reallaşdırmalıdır.

Sonda onu qeyd etmək istərdim ki, cənab Prezidentin məlum sərəncamı ilə 25 aprel tarixi ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd edilir. Artıq həmin tarixə sayılı günlər qalıb. Bununla əlaqədar olaraq, Azərbaycan Sahibkarlar Konfederasiyasını, bütün iş adamlarını səmimi qəlbdən təbrik edirəm və yeni-yeni uğurlar arzulayıram. Ümid edirəm ki, artıq 26 illik müstəqilliyimiz dövründə formalaşmış və inkişaf etmiş sahibkarlıq təbəqəsi sələflərinin miras qoyduğu zəngin ənənələri uğurla davam etdirərək cəmiyyətimizdə nüfuzlu, sayılıb-seçilən insanlar kimi öz mövqelərini daha da möhkəmləndirəcəklər.

”Biznes Həyatı” Jurnalı [PDF]

Müsahibə mətni [PDF]