YAP Səbail rayon təşkilatının və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Səbail rayon veteranları tərəfindən qeyd olundu
03.05.201703 may tarixində Səbail rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirildi. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsində keçirilmiş tədbirdə Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri prof. Hadı Rəcəbli, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Azərbaycan Respublikası Milli Qəhrəmanları tanıtma İctimai Birliyinin, Respublika Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid ailələri İctimai Birliyinin, Səbail rayon Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, rayondakı bir sıra ictimai təşkilatların nümayəndələri və digər qonaqlar iştirak etdilər.
Qonaqları salamlayan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri İlham Əliyev tədbiri açıq elan etdi.
İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri prof. Hadı Rəcəbli Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan danışaraq qeyd etdi ki, bu dahi şəxsiyyətin həyatının hər bir mərhələsi bizlər üçün, gənclərimiz üçün böyük nümunədir. Heydər Əliyev ilk növbədə hamımız üçün bir kamillik zirvəsidir, o, hər zaman fenomenal yaddaşı və intellektual səviyyəsi ilə seçilmişdir. İkincisi, Heydər Əliyev hər birimiz üçün böyük bir əzmkarlıq nümunəsidir, o, hər bir işə qələbə çalmaq əzmi ilə başlamış və çox zaman müvəffəq olmuşdur. Heydər Əliyev məktəbinin daha bir mühüm tərkib hissəsi milli-mənəvi dəyərlərimizə Ulu Öndərimiz tərəfindən bəslənilən hörmətdir. Dahi siyasətçimiz ən çətin, ən ağır illərdə də, kommunizm dövründə də hər zaman milli-mənəvi dəyərlərimizə sadiq olmuş və onları yaşatmışdır. Ulu Öndər, dahi siyasətçi Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşında yaşayacaqdır. Əminik ki, görkəmli dövlət xadiminin layiqli siyasi varisi cənab Prezident İlham Əliyev mütərəqqi idarəçiliyi nəticəsində Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaqdır.
Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Qarabağ əlillərini, müharibə veteranlarını, şəhid ailələrini də daim diqqətdə saxlamışdır. İlham Əliyev cənabları isə bu siyasəti daha da irəli aparmış və məhz onun bilavasitə diqqəti nəticəsində şəhid ailələrinə, müharibə veteranlarına verilən sosial müavinət məbləğləri fərqləndirilmişdir. Qarabağ veteranları, şəhid ailələri daim ölkə başçısının xüsusi nəzər diqqətində olan həssas sosial qruplardır və büdcəmiz imkan verdikcə, bu qrup vətəndaşlarımızın sosial müavinətlərinin artırılması bundan sonra da davam edəcəkdir.
Daha sonra H.Rəcəbli Heydər Əliyev məktəbinin bir nümayəndəsi kimi Ümummilli Lider haqqında xatirələrini və təəssüratlarını toplantı iştirakçıları ilə bölüşdü.
Veteranlar adından çıxış edən Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov bildirdi ki, ölkəmizdə formalaşmış və bütün dünyaya nümunə olan multikultural mühitin, ictimai-siyasi sabitliyin, ümumilikdə milli-mənəvi dəyərlərimizin qorunması üçün Ulu Öndərin adı ilə bağlı olan partiyanın hər bir üzvü, onun əbədiyaşar ideyalarının ətrafında birləşmiş insanlar daima vətəndaşlıq mövqelərini aktiv şəkildə nümayiş etdirməlidirlər. Allah Heydər Əliyevə rəhmət eləsin, cənab Prezidentimiz İlham Əliyevə möhkəm cansağlığı və uzun ömür bəxş etsin. Amin!
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev tarixə qısa ekskurs formatında məruzə ilə çıxış etdi və dahi siyasətçi, görkəmli dövlət xadimi və böyük şəxsiyyət olan Heydər Əliyevin şərəfli həyat yolunun müxtəlif mərhələlərini müasir dövrümüzlə müqayisəli paralellər gətirməklə təhlil etdi. Heydər Əliyevin istər dövlətə rəhbərlik dövrünə, istər ailə həyatına nəzər salsaq, əmin oluruq ki, bu dahi şəxsiyyət həqiqətən də bütün bəşər tarixində yalnız seçilmiş insanlara nəsib olan xilaskarlıq missiyasını yerinə yetirmiş və çox mənalı, şərəfli həyat yolu keçmişdir. Heydər Əliyevin hər şeydən öncə Allah tərəfindən seçilmiş, Allahın sevdiyi, qoruduğu müstəsna bir adam olduğunu vurğulayan sədr qeyd etdi ki, Heydər Əliyev Azərbaycan xalqı, dövləti üçün tarixi bir missiyanı həyata keçirtmişdir. O, harada olmasından asılı olmayaraq, Azərbaycan xalqının yanında olmuş, milli mənafelərimizi hər şeydən üstün tutmuş, haqq-ədalət tərəfdarı olmuş və öz xalqı üçün mümkün olan hər şeyi etmişdir.
Bu il Ümummilli Liderimizin anadan olmasından 94 il, dünyasını dəyişməsindən isə 14 il ötür. İllər keçdikcə, zaman ötdükcə Heydər Əliyev dühasının nəhəngliyi, əzəməti, böyüklüyü daha çox nəzərə çarpır. SSRİ kimi nəhəng bir fövqəldövlətin tərkibində olan Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifəyə təyin olunan və general rütbəsinə qədər yüksəlmiş ilk müsəlman və azərbaycanlı olan Heydər Əliyev son dərəcə savadlı, xarizmatik, kreativ düşüncəli, cəsarətli, dövlətçiliyinə və xalqına sədaqətli olması kimi xüsusi keyfiyyətlərə və fitri istedadı hesabına bu yüksək naliyyətləri əldə edə bilmişdi. 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev məhz müstəsna rəhbərlik və liderlik qabiliyyətləri sayəsində 15 respublika arasında sosial-iqtisadi inkişafı və həyat səviyyəsini əks etdirən əsas göstəricilərə görə sonuncu yerlərdən birində dayanan Azərbaycanı qısa müddət ərzində qabaqcıl mövqelərə və özünü tam təmin edən üç respublikadan biri olmaq səviyyəsinə yüksəltdi. Biz bu gün böyük qürur hissi ilə qeyd edirik ki, 1978-ci ildə Azərbaycan SSRİ Konstitusiyasının qəbul olunması, bu Konstitusiyada Azərbaycan dilinin dövlət dili elan olunması, 1969-1982-ci illərdə Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyan bir çox inkişaf istiqamətlərinin əsasının qoyulması və Azərbaycanın sözün əsl mənasında tərəqqi dövrünü yaşaması məhz əvəzolunmaz və müdrik dövlət xadimi kimi Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi Vətənimiz üçün mühüm dönüş nöqtəsi oldu. Parçalanmaq, yox olmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanda formalaşmış defolt vəziyyət yalnız Heydər Əliyev dühası sayəsində ardıcıl şəkildə və zərgər dəqiqliyi ilə həll olundu. O çətin dövrdə dünyanın nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi” kimi ciddi bir əməkdaşlıq müqaviləsinin imzalanmasının da yeganə zəmanət faktoru məhz Heydər Əliyev şəxsiyyətinin özü idi.
Ulu Öndər Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq çox çətindir deyən Ş.Hacıyev xüsusi qeyd etdi ki, müstəqil Azərbaycan dövləti var olduqca, Heydər Əliyev də qəlblərdə yaşayacaq, onun xalqı üçün, dövlətçiliyimiz üçün gördüyü misilsiz işlər əbədi olaraq xalqımız tərəfindən minnətdarlıqla xatırlanacaqdır. Heydər Əliyevin vaxtilə söylədiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərini xatırladan millət vəkili vurğuladı ki, 2003-cü ildən sonra Azərbaycanda nəzərə çarpan inkişaf, əldə olunan nailiyyətlər və ölkəmizin dünyada günü-gündən artan nüfuzu göstərir ki, Heydər Əliyev hər zamanki kimi qərarlarında yanılmamışdır. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan düşünülmüş və elmi cəhətdən əsaslandırılmış siyasət bizdə Azərbaycanın parlaq gələcəyinə dair sarsılmaz əminlik yaradır. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qarşısında baş əyirik, ona Allahdan rəhmət diləyirik. Misilsiz xidmətləri Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuş bu böyük şəxsiyyətin zəngin irsi gənclərimiz tərəfindən əsaslı öyrənilməli və ibrətamiz nəticələr çıxarılmalıdır.
Çıxışının davamında millət vəkili 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi inkişafında əldə etdiyi uğurları konkret rəqəmlərlə və digər MDB ölkələri ilə müqayisəli şəkildə toplantı iştirakçılarının diqqətinə çatdırdı.
Sonda Ş.Hacıyev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun bilavasitə rəhbərliyi və təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması idi. Heydər Əliyev dəfələrlə öz çıxışlarında vurğulayırdı ki, demokratik cəmiyyətlərdə hakimiyyətə gəlməyin yeganə yolu ümumxalq səsverməsidir və bunun üçün partiya yaradılması zəruridir. Müxalifət partiyası kimi yaranmış YAP Heydər Əliyevin onun qarşısında qoyduğu vəzifələri şərəflə yerinə yetirmiş və qısa müddət ərzində sivil, demokratik yolla hakimiyyətə gəlmişdir. Bu gün sıralarında 700 min partiya üzvünü birləşdirən YAP-ın nəinki Azərbaycanın və ya Cənubi Qafqazın, hətta yaxın coğrafiyanın da ən qüdrətli siyasi təşkilatı olduğunu bildirən rayon partiya təşkilatının sədri məxsusi YAP-ın iştirakı ilə bugünədək əldə olunmuş misilsiz uğurlardan və partiyamız qarşısında duran əzəmətli vəzifələrdən danışdı.
Azərbaycanın qəhrəmanlıq tarixində yeni səhifələr yazılmasında böyük rol oynamış müharibə veteranları, müharibə iştirakçısı olan və Vətən uğrunda döyüşlərdə iştirak edən hərbiçilərimizlə görüşməkdən hər dəfə böyük məmnunluq hissi keçirdiyini qeyd edən deputat nəzərə çatdırdı ki, YAP Səbail rayon təşkilatının fəaliyyətində müharibə veteranlarının, şəhid ailələri üzvlərinin, əlillərin və ehtiyatda olan hərbiçilərimizin həmişə xüsusi yeri vardır.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş ehtiyatda olan veteranlara, aprel döyüşlərinin iştirakçılarına və hərbiçilərə YAP üzvlük vəsiqələri təqdim olundu.
Səbail veteranları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olan partiyanın üzvü olduqları üçün fəxr etdiklərini və işğal altında olan torpaqlarımızın azad olunması üçün Ali Baş Komandanın əmrinə hər zaman hazır olduqlarını bildirdilər.
Tədbirin videoyazısı:
AzTV
SəsTV