Səbail rayon İcra Hakimiyyəti, YAP Səbail rayon təşkilatı və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə rayon ictimaiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olundu

Səbail rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilməyə davam edir.

Bu münasibətlə növbəti tədbir mayın 4-də Milli Azərbaycan Tarixi Muzeyində keçirildi. Səbail rayon İcra Hakimiyyəti, YAP Səbail rayon təşkilatı və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə baş tutmuş tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, “Səs” qazetinin baş redaktoru, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Bəhruz Quliyev, rayon partiya təşkilatının İdarə Heyətinin üzvləri, veteranlar, gənclər, eləcə də rayon ictimaiyyəti nümayəndələri, çoxsaylı qonaqlar iştirak etdilər.

YAP Səbail rayon təşkilatının sədri prof. Ş.Hacıyevin sədrliyi ilə keçən tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olundu, daha sonra Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevə həsr olunmuş videofilm nümayiş olundu.

Çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, bu günlərdə Azərbaycanın bütün bölgələrində, dünya azərbaycanlılarının yaşadığı hər yerdə Azərbaycanın böyük oğlu Heydər Əliyevin əziz xatirəsi yad olunur. Azərbaycan və Heydər Əliyev sözləri vətənpərvər insanlarımız üçün eyni məna daşıyır. Bəşər tarixində özünəməxsus yeri olan görkəmli dövlət xadimi Azərbaycanı anarxiyadan sabitliyə, iqtisadi inkişaf yoluna çıxartdı. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə üç ay gec gəlsəydi, bugünkü müasir Azərbaycanın olub-olmamağı sual altında olacaqdı. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır. Azərbaycanda bu gün hüquqi dövlət qurulub, ölkədə sabitlik, dinamik iqtisadi inkişaf müşahidə olunur. Partiyamızda gənclərlə daha çox işləmək, Ulu Öndərimizin siyasi irsini uşaqlarımıza, gənclərimizə təbliğ etmək lazımdır. Azərbaycan bu gün inkişaf edir, günəş kimi parlayır. Həydər Əliyev, İlham Əliyev siyasəti nəticəsində biz bu gün Azərbaycan vətəndaşı olmağımızla fəxr edə bilərik. Allah Heydər Əliyevə rəhmət eləsin! Allah möhtərəm Prezidentimiz cənab İlham Əliyevi qorusun! Amin!

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı çıxışında həm Heydər Əliyev, həm İlham Əliyevin tarixə, xüsusilə Milli Azərbaycan Tarixi Muzeyinə olan hörmətindən, məhəbbətindən bəhs edərək qeyd etdi ki, Heydər Əliyevin necə bir tarixi şəxsiyyət olduğu dillər əzbəridir. Bu dahi insanın zəngin dövlətçilik irsi gənclərimiz tərəfindən geniş öyrənilməli və təbliğ olunmalıdır. Hələ sağlığında qəlblərdə özünə abidələr ucaldan Heydər Əliyevin əziz xatirəsi xalqımız tərəfindən əbədiyyən yaşadılacaqdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin mahiyyətinin hələ də tam açılmadığını vurğulayaraq bildirdi ki, Ümummilli Liderimizin illər öncə müəyyənləşdirdiyi strateji inkişaf istiqamətlərinin ilkin nəticələrini biz bu gün artıq görürük. Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı xilaskarlıq və quruculuq missiyası daşıyırdı. Heydər Əliyev xalqımızın təəssübkeşi idi, Azərbaycan deyəndə ürəyi əsirdi. O, elə bir natiq idi, elə alovlu nitqlər söyləyirdi ki, bütün zal ayaqüstündə onu alqışlayırdı. Ulu Öndərin hər zaman ən ümdə vəzifəsi xalqımızın maraqlarının təmin olunması olmuşdur və o, bütün həyatı boyunca bu amala sədaqətlə xidmət etmişdir.

“Səs” qazetinin baş redaktoru, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Bəhruz Quliyev çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına ən böyük bəxşişi möhtərəm Prezidentimiz İlham Əliyevdir. Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini xatırladan B.Quliyev vurğuladı ki, bu ifadə artıq özünü tamamilə doğruldub. Bu gün Azərbaycan hüquqi-demokratik dövlət kimi tanınır, ölkəmiz eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatı, həm Avropa Şurasının üzvüdür. Elə bu fakt özü sübut edir ki, Azərbaycan şərq dəyərlərini, milli adət-ənənələrini, öz tarixi köklərini yaşadaraq modernləşir. Ölkəmiz bu gün ümumdünya forumlarının mərkəzinə çevrilib, Azərbaycan bu gün məhz Heydər Əliyevin istədiyi Azərbaycan kimi formalaşıb. Nə qədər Azərbaycan var, Heydər Əliyevin ölməz ideyaları da Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

YAP Səbail rayon gəncləri adından çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı, YAP Səbail “Əhməd Cavad 12” ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri Aygül Ağayeva vurğuladı ki, müstəqil Azərbaycanın memarı, qurucusu Heydər Əliyevin həyatı gənclərimizə böyük nümunədir. Bu gün gənclər siyasəti mahiyyətcə və keyfiyyətcə yeni mahiyyət daşıyır. Səbail gənclərinin, xüsusilə YAP gənclərinin iştirak etdiyi ideoloji, mədəni-kütləvi, sosial maarifləndirmə layihələrindən danışan A.Ağayeva qeyd etdi ki, Azərbaycan gəncliyi bundan sonra da tariximizi, mənəvi dəyərlərimizi, Ulu Öndərimixin əziz xatirəsini daim uca tutacaqdır.

Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin anadan olduğu gün bütün dünya azərbaycanlıları tərəfindən bayram günü kimi qeyd olunur. Bugünkü tədbirdə Heydər Əliyevlə birlikdə çalışmış, onun rəhbərliyi altında fəaliyyət göstərmiş partiya veteranlarının da iştirak etdiyini diqqətə çatdıran deputat vurğuladı ki, belə bir dahi şəxsiyyətlə işləmək, bu kamillik məktəbini keçmək hər adama nəsib olmayan fərqli bir taledir. Heydər Əliyev çox gənc yaşlarından savadı, intellekti, zəkası, düşüncəsi, hadisələri düzgün qiymətləndirmək bacarığı, müdrikliyi və uzaqgörənliyi ilə seçilirdi. Məhz bu yüksək şəxsi bacarıqları və mənəvi insani keyfiyyətlərinə görə Heydər Əliyev həmkarları arasında tamamilə seçilirdi. Həyat fəaliyyətinə təhlükəsizlik orqanlarında başlayan Heydər Əliyev çox keçmədi ki, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifəyə təyin olundu və general rütbəsinə qədər yüksəldi. 1969-cu ildə o, Azərbaycan Kommunist Partiyasının birinci katibi, başqa sözlə desək Azərbaycanın birinci şəxsi oldu. Heydər Əliyev 12 il kimi qısa bir müddət ərzində çox geridə qalmış ölkə olan Azərbaycanı SSRİ respublikaları arasında ən sürətlə inkişaf edən və əsas sosial-iqtisadi göstəricilərinə görə aparıcı respublikalar sırasına çıxartdı. 1982-ci ildə Azərbaycan müttəfiq respublikaları arasında özünü tam təmin edən üç respublikadan biri oldu. Heydər Əliyevin 12 illik fəaliyyət dövründə Azərbaycan iqtisadiyyatına ümumilikdə 20 mlrd. rubl həcmində sərmayə qoyuldu ki, bu məbləğ də Azərbaycan SSRİ-nə 50 il ərzində qoyulmuş bütün investisiyaların həcmindən 2 dəfə çox idi. Bu dövr ərzində ölkədə minlərlə zavod, fabrik, yeni iş yerləri açıldı, neft sənayesi, neft maşınqayırması, yüngül və yeyinti sənayesi, xüsusilə kənd təsərrüfatı sahəsində misilsiz uğurlar əldə olundu. Bütün bu nailiyyətlər və iqtisadi inkişaf göstəriciləri isə ilk növbədə Heydər Əliyev şəxsiyyətindən, onun müdrik siyasəti, xüsusi qabiliyyətləri və yüksək idarəçilik məharətindən irəli gəlirdi.

Heydər Əliyevin bütün qəlbiylə, varlığıyla Allaha inandığını xüsusilə vurğulayan Ş.Hacıyev bildirdi ki, biz onun taleyinin ayrı-ayrı mərhələlərini müqayisəli təhlil etsək görə bilərik ki, belə bir həyat yolu yalnız Allah tərəfindən seçilmiş şəxsiyyətlərə nəsib ola bilər. O, həmişə Allahın nəzər-diqqətində idi. Heydər Əliyev dühasının taleyinə daha bir müqəddəs missiya – xilaskarlıq missiyası düşmüşdü. Xüsusilə, Azərbaycanın ikinci dəfə müstəqillik qazandığı dövründə Ulu Öndərin bu missiyası daha da qabarıq şəkildə nəzərə çarpdı. Çox vaxt sual verilir ki, Heydər Əliyev olmasaydı Azərbaycanın taleyi necə olacaqdı? Birmənalı şəkildə deyə bilərik ki, Heydər Əliyev o tarixi məqamda ölkə rəhbərliyinə gəlməsəydi Azərbaycan müstəqilliyini itirmiş və parçalanmış olardı. Müasir Azərbaycanın müstəqil dövlət kimi formalaşması məhz Heydər Əliyev dühasının xidmətidir. Bu görkəmli dövlət xadiminə yalnız 3 il lazım oldu ki, ölkəmizdə bir siyasi-iqtisadi quruluş tamamilə yeni siyasi-iqtisadi quruluşla əvəzlənsin, ölkədə bazar iqtisadiyyatının əsas islahatları başlasın və dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycanın iqtisadi inkişafının əsas bünövrəsini təşkil edən “Əsrin müqaviləsi” kimi nəhəng bir müqavilə imzalansın. Bu gün Azərbaycanın simvoluna çevrilən Ulu Öndər Azərbaycanı dünyaya tanıtdı, dünyanı da Azərbaycana tanıtdı.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında daha bir misilsiz xidməti möhtərəm Prezidentimiz İlham Əliyevin simasında öz siyasi varisini müəyyənləşdirməsi və Azərbaycanın, dövlətçiliyimizin, xalqımızın taleyini çox etibarlı əllərə təqdim etməsi oldu. Hadisələrin sonraki gedişatı göstərdi ki, Heydər Əliyev bu müdrik seçimində də yanılmadı. Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Bu gün ölkə iqtisadiyyatımız 1995-ci illə müqayisədə 6 dəfə, 2003-cü illə müqayisədə isə 3,2 dəfə artıb. Azərbaycanın dünyada mövqeləri möhkəmlənir, biz beynəlxalq aləmdə layiqli yerimizi tutmuşuq, Azərbaycan özünü beynəlxalq münasibətlərdə layiqli tərəfdaş kimi təsdiqləyib. Heydər Əliyev, İlham Əliyev siyasətinin başlanğıc nöqtəsində də, son məqsədində də insan faktoru və milli-mənəvi dəyərlərimiz dayanır. Biz sosial yönümlü iqtisadiyyat formalaşdırmışıq, Azərbaycan iqtisadiyyatı tamamilə yeni dövrə qədəm qoyub, post-neft dövründə də əsas məqsədimiz elə bir iqtisadiyyat yaratmaqdır ki, xaricdən asıllığımız minimum səviyyədə olsun. Allah Heydər Əliyevə rəhmət eləsin. Onun əbədiyaşar ideyaları Azərbaycan xalqı tərəfindən daim uca tutulacaqdır. Yolumuz Heydər Əliyev yoludur, yolumuz İlham Əliyev yoludur, Allah Prezidentimizi və Azərbaycanımızı qorusun!

Sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Rizvan Vahabov Heydər Əliyev haqqında xatirələrini bölüşdü.

Tədbirin rəsmi hissəsinə yekun vuran Ş.Hacıyev qeyd etdi ki, Heydər Əliyev bütün həyatı ilə, istər Prezident, istər dövlət xadimi, istər ata, istər həmkar, istərsə də həyat yoldaşı kimi hər mənada hamımız üçün böyük nümunədir. Heydər Əliyev əsrdə bir dəfə dünyaya gələn elə bir şəxsiyyət idi ki, ona rəqibləri belə qibtə edir, həsəd aparırdı. Azərbaycanın dövlətçilik tarixində çox görkəmli dövlət xadimləri olsa da, Heydər Əliyev gördüyü işlərin, xalqa göstərdiyi xidmətlərin əzəmətinə görə, nəhəngliyinə görə, böyüklüyünə görə nəinki Azərbaycan, bütün bəşər tarixində tamamilə müstəsna yerə malikdir. O, hakimiyyətdə olduğu hər dövrdə bütün gördüyü işləri Azərbaycan xalqı üçün etmişdir. Bu gün də Azərbaycanda bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyevin simasında uğurla davam edir. Ölkəmizdə möhkəm, sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. İlham Əliyev siyasəti bütün xalqımız tərəfindən bəyənilir və dəstəklənir. Allah Prezidentimizi qorusun! Yaşasın qədirbilən Azərbaycan xalqı, yaşasın müstəqil və qüdrətli Azərbaycan dövləti!

Çıxışlar dinlənildikdən sonra tədbir bədii hissə ilə davam etdi. Bədii hissədə Bül-bül adına orta ixtisas müsiqi məktəbinin şagirdləri, Azərbaycan Milli Konservatoriyasının tələbələri, Milli Azərbaycan Tarixi Muzeyinin “H.Z. Tağıyev klubu”nun üzvlərinin ifasında müxtəlif musiqi nömrələri səsləndirildi.

Tədbirin videoyazısı:
AzTV
SəsTV