“Atribut” qazetində məqalə dərc olundu

“Atribut” qəzetinin N 06(240) saylı 10-17 may 2017-ci il tarixli sayında Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin “Azərbaycanın iqtisadi inkişaf modeli” adlı məqaləsi dərc olunub. 

Məqaləni təqdim edirik:

Azərbaycanın iqtisadi inkişaf modeli

Şəmsəddin Hacıyev,
YAP Səbail rayon təşkilatının sədri, millət vəkili

Bu il Ümummilli liderimizin anadan olmasından 94 il, dünyasını dəyişməsindən isə 14 il ötür. İllər keçdikcə, zaman ötdükcə Heydər Əliyev dühasının nəhəngliyi, əzəməti, böyüklüyü daha çox nəzərə çarpır. SSRİ kimi nəhəng bir fövqəldövlətin tərkibində olan Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifəyə təyin olunan və general rütbəsinə qədər yüksəlmiş ilk müsəlman və azərbaycanlı olan Heydər Əliyev son dərəcə savadlı, xarizmatik, kreativ düşüncəli, cəsarətli, dövlətçiliyinə və xalqına sədaqətli olması kimi xüsusi keyfiyyətlərə və fitri istedadı hesabına bu yüksək naliyyətləri əldə edə bilmişdi. 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev məhz müstəsna rəhbərlik və liderlik qabiliyyətləri sayəsində 15 respublika arasında sosial-iqtisadi inkişafı və həyat səviyyəsini əks etdirənəsas göstəricilərə görə sonuncu yerlərdən birində dayanan Azərbaycanı qısa müddət ərzində qabaqcıl mövqelərə və özünü tam təmin edən üç respublikadan biri olmaq səviyyəsinə yüksəltdi.

1969-1982-ci illərdə Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyan bir çox inkişaf istiqamətlərinin əsasının qoyulması və Azərbaycanın sözün əsl mənasında tərəqqi dövrünü yaşaması məhz əvəzolunmaz və müdrik dövlət xadimi kimi Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi Vətənimiz üçün mühüm dönüş nöqtəsi oldu. Parçalanmaq, yox olmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanda formalaşmış defolt vəziyyət yalnız Heydər Əliyev dühası sayəsində ardıcıl şəkildə və zərgər dəqiqliyi ilə həll olundu. O çətin dövrdə dünyanın nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi” kimi ciddi bir əməkdaşlıq müqaviləsinin imzalanmasının da yeganə zəmanət faktoru məhz Heydər Əliyev şəxsiyyətinin özü idi.

Ulu öndər Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq çox çətindir. Müstəqil Azərbaycan dövləti var olduqca, Heydər Əliyev də qəlblərdə yaşayacaq, onun xalqı üçün, dövlətçiliyimiz üçün gördüyü misilsiz işlər əbədi olaraq xalqımız tərəfindən minnətdarlıqla xatırlanacaqdır. 2003-cü ildən sonra Azərbaycanda nəzərə çarpan inkişaf, əldə olunan nailiyyətlər və ölkəmizin dünyada günü-gündən artan nüfuzu göstərir ki, Heydər Əliyev hər zamanki kimi qərarlarında yanılmamışdır. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan düşünülmüş və elmi cəhətdən əsaslandırılmış siyasət bizdə Azərbaycanın parlaq gələcəyinə dair sarsılmaz əminlik yaradır. Misilsiz xidmətləri Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuş bu böyük şəxsiyyətin zəngin irsi gənclərimiz tərəfindən əsaslı öyrənilməli və ibrətamiz nəticələr çıxarılmalıdır.

Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun bilavasitə rəhbərliyi və təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması idi. Heydər Əliyev dəfələrlə öz çıxışlarında vurğulayırdı ki, demokratik cəmiyyətlərdə hakimiyyətə gəlməyin yeganə yolu ümumxalq səsverməsidir və bunun üçün partiya yaradılması zəruridir. Müxalifət partiyası kimi yaranmış YAP Heydər Əliyevin onun qarşısında qoyduğu vəzifələri şərəflə yerinə yetirmiş və qısa müddət ərzində sivil, demokratik yolla hakimiyyətə gəlmişdir. Bu gün sıralarında 700 min partiya üzvünü birləşdirən YAP-ın nəinki Azərbaycanın və ya Cənubi Qafqazın, hətta yaxın coğrafiyanın da ən qüdrətli siyasi təşkilatıdır.

Heydər Əliyev çox gənc yaşlarından savadı, intellekti, zəkası, düşüncəsi, hadisələri düzgün qiymətləndirmək bacarığı, müdrikliyi və uzaqgörənliyi ilə seçilirdi. Məhz bu yüksək şəxsi bacarıqları və mənəvi insani keyfiyyətlərinə görə Heydər Əliyev həmkarları arasında tamamilə seçilirdi. Əmək fəaliyyətinə təhlükəsizlik orqanlarında başlayan Heydər Əliyev çox keçmədi ki, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifəyə təyin olundu və general rütbəsinə qədər yüksəldi. 1969-cu ildə o, Azərbaycan Kommunist Partiyasının birinci katibi, başqa sözlə desək Azərbaycanın birinci şəxsi oldu. Heydər Əliyev 12 il kimi qısa bir müddət ərzində çox geridə qalmış ölkə olan Azərbaycanı SSRİ respublikaları arasında ən sürətlə inkişaf edən və əsas sosial-iqtisadi göstəricilərinə görə aparıcı respublikalar sırasına çıxartdı. 1982-ci ildə Azərbaycan müttəfiq respublikaları arasında özünü tam təmin edən üç respublikadan biri oldu. Heydər Əliyevin 12 illik fəaliyyət dövründə Azərbaycan iqtisadiyyatına ümumilikdə 20 mlrd. rubl həcmində sərmayə qoyuldu ki, bu məbləğ də Azərbaycan SSRİ-nə 50 il ərzində qoyulmuş bütün investisiyaların həcmindən 2 dəfə çox idi. Bu dövr ərzində ölkədə minlərlə zavod, fabrik, yeni iş yerləri açıldı, neft sənayesi, neft maşınqayırması, yüngül və yeyinti sənayesi, xüsusilə kənd təsərrüfatı sahəsində misilsiz uğurlar əldə olundu. Bütün bu nailiyyətlər və iqtisadi inkişaf göstəriciləri isə ilk növbədə Heydər Əliyev şəxsiyyətindən, onun müdrik siyasəti, xüsusi qabiliyyətləri və yüksək idarəçilik məharətindən irəli gəlirdi.

Heydər Əliyev dühasının taleyinə daha bir müqəddəs missiya – xilaskarlıq missiyası düşmüşdü. Xüsusilə, Azərbaycanın ikinci dəfə müstəqillik qazandığı dövründə Ulu öndərin bu missiyası daha da qabarıq şəkildə nəzərə çarpdı. Çox vaxt sual verilir ki, Heydər Əliyev olmasaydı Azərbaycanın taleyi necə olacaqdı? Birmənalı şəkildə deyə bilərik ki, Heydər Əliyev o tarixi məqamda ölkə rəhbərliyinə gəlməsəydi Azərbaycan müstəqilliyini itirmiş və parçalanmış olardı. Müasir Azərbaycanın müstəqil dövlət kimi formalaşması məhz Heydər Əliyev dühasının xidmətidir. Bu görkəmli dövlət xadiminə yalnız 3 il lazım oldu ki, ölkəmizdə bir siyasi-iqtisadi quruluş tamamilə yeni siyasi-iqtisadi quruluşla əvəzlənsin, ölkədə bazar iqtisadiyyatının əsas islahatları başlasın və dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycanın iqtisadi inkişafının əsas bünövrəsini təşkil edən “Əsrin müqaviləsi” kimi nəhəng bir müqavilə imzalansın. Bu gün Azərbaycanın simvoluna çevrilən Ulu öndər Azərbaycanı dünyaya tanıtdı, dünyanı da Azərbaycana tanıtdı.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında daha bir misilsiz xidməti möhtərəm Prezidentimiz İlham Əliyevin simasında öz siyasi varisini müəyyənləşdirməsi və Azərbaycanın, dövlətçiliyimizin, xalqımızın taleyini çox etibarlı əllərə təqdim etməsi oldu. Hadisələrin sonraki gedişatı göstərdi ki, Heydər Əliyev bu müdrik seçimində də yanılmadı. Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Bu gün ölkə iqtisadiyyatımız 1995-ci illə müqayisədə 6 dəfə, 2003-cü illə müqayisədə isə 3,2 dəfə artıb. Azərbaycanın dünyada mövqeləri möhkəmlənir, biz beynəlxalq aləmdə layiqli yerimizi tutmuşuq, Azərbaycan özünü beynəlxalq münasibətlərdə layiqli tərəfdaş kimi təsdiqləyib. Heydər Əliyev, İlham Əliyev siyasətinin başlanğıc nöqtəsində də, son məqsədində də insan faktoru və milli-mənəvi dəyərlərimiz dayanır. Biz sosial yönümlü iqtisadiyyat formalaşdırmışıq, Azərbaycan iqtisadiyyatı tamamilə yeni dövrə qədəm qoyub, post-neft dövründə də əsas məqsədimiz elə bir iqtisadiyyat yaratmaqdır ki, xaricdən asıllığımız minimum səviyyədə olsun.

Əldə etdiyimiz bütün bu fundamental uğurların təməlində Heydər Əliyev dühasının dəyərləri durur. Müstəqillik ən ali dəyərdir. Müstəqil Azərbaycan isə Heydər Əliyevin şah əsəridir. Bu dövlət əbədi yaşayacaq və var olduqca da Heydər Əliyev xalqımızın yaddaşında yaşayacaq.

Məqalənin “Atribut” qazetinin saytındakı linki