“İki Sahil” qazetində məqalə dərc olundu

“İki Sahil” qazetinin 11.05.2017-ci il tarixli sayında YAP Siyasi Şurasının üzvü, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Rizvan Vahabovun “Heydər Əliyev ideyaları və ölkəmizin dayanıqlı inkişaf strategiyası” adlı məqaləsi dərc olunub.

Məqaləni təqdim edirik:

Ümummilli lider Heydər Əliyev bütün varlığını doğma xalqına xidmətə həsr edən müdrik siyasətçi və dövlət rəhbəridir. Onun böyük zəka və idarəçilik məharəti sayəsində Azərbaycan həm keçmiş İttifaq həm də müstəqillik dövründə yüksək siyasi və sosial-iqtisadi  uğurlara nail olub. Heydər Əliyevin müəyyən etdiyi dərin islahatlar konsepsiyası Azərbaycanın hərtərəfli yüksək inkişafını təmin edib. Əbəs yerə deyildir ki, Heydər Əliyevi Azərbaycan dövlətinin qurucusu adlandırırlar.

Heydər Əliyev yaradıcı, qurucu, müasirlik, yenilikçilik və böyük islahatlar ustası idi. O, hansısa  qərarı qəbul etməzdən əvvəl hər şeyi ətraflı ölçüb-biçirdi, problemi diqqətlə öyrənirdi, mütəxəssislərlə məsləhətləşir və bundan sonra qərar qəbul edirdi. Qərarlar qəbul etdikdən sonra mütləq onların icrasına ciddi nəzarət edir və həyata keçirirdi. Buna görə də, Ulu Öndər heç vaxt səhv qərar vermirdi, həyata keçirdiyi islahtlar uğurla, yüksək nəticələrlə yadda qalırdı.

Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda bütün dövrlərdə quruculuğun, iqtisadi dirçəlişin, sabitliyin təminatçısı olub. Müasirlik Heydər Əliyevin yürütdüyü siyasətin mahiyyətində idi, yeni ideyalar və təşəbbüslərlə çıxış etmək, onu həyata keçirmək Ulu Öndər həyat fəlsəfəsi idi. Ən kiçik təsərrüfat işlərindən tutmuş ən böyük və mürəkkəb məsələlərin həllində Heydər Əliyev yeni, demokratik yanaşmalar tətbiq edirdi. Heydər Əliyev harada  çalışmasından  asılı olmayaraq həmişə dövlətə, dövlətçiliyə sədaqətlə qulluq etmiş, işinə intizamla, məsuliyyətlə yanaşmışdır. Onun böyük islahatçı, köhnəliyə qarşı barışmaz və mübariz, daim yeniliklərə nail olmasını Azərbaycana rəhbərlik etməmişdən əvvəlki dövrdə, hələ dövlət təhlükəszilik orqanlarında çalışdığı vaxtlardan aydın görmək olar. Gənc və enerjili millətsevər zabitin dövlət təhlükəsizlik orqanlarının sıralarına daxil olduğu ilk gündən amalı və məramı xalqın mənafeyinə xidmət etmək idi. Heydər Əliyev həmin vaxtlarda cəmiyyəti qorxu altında saxlayan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) idarəetmə sistemində köklü islahatlar apardı, bu sahəyə yeniliklər gətirdi. Xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunması və kadr potensialının milliləşdirilməsi geniş vüsət aldı.

Sovet rejiminin ən güclü dövrlərində bu işi görmək həqiqətən böyük əzmkarlıq, cəsarət və qorxmazlıq tələb edirdi. Milli mənafeləri qorumaq təşəbbüsləri ona heç də asanlıqla başa gəlmirdi, ciddi təqiblərə məruz qalırdı. Sistemdə kök salmış, antimilli kadrlar Heydər Əliyevin yerli kadr potensialını yeniləmək və gücləndirmək, millətini sevən gənclərin hesabına artırmaq təşəbbüslərinə mane olmağa çalışırdılar, müxtəlif üsullara əl atırdılar. Heydər Əliyev bu barədə danışarkən deyirdi ki, təhlükəsizlik orqanlarında vəziyyət çox acınacaqlı idi, milli kadrların yaranmasına imkan verilmirdi. “1950-ci illərdən başlayaraq bu imkan əldə edildi. Ancaq buna nail olmaq üçün təhlükəsizlik orqanlarında Azərbaycan xalqına zidd siyasətin həyata keçirilməsində fəallıq göstərənləri orqanlardan uzaqlaşdırmaq, kənarlaşdırmaq lazım idi. Mənim xatirimdədir, 1953-cü ildə Stalin vəfat edəndən sonra təhlükəsizlik orqanlarında müəyyən struktur dəyişiklikləri əmələ gəldi. Mən o vaxt Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsinin Əks-Kəşfiyyat İdarəsinin rəisi idim. O dövrü bu gün də xatırlayanda dəhşətə gəlirəm ki, biz kimlərlə işləyirdik”.

Heydər Əliyev xalqda DTK-nın milli təhlükəsizliyini təmin edən bir qurum olması haqqında qəti və dərin inam formalaşdırdı. Bu təşkilatdan qorxan, ehtiyatla davranan Azərbaycan vətəndaşları Ümummilli Liderin simasında təhlükəsizlik orqanlarının fəaliyyətinin cəmiyyətin və dövlətin maraqlarını müdafiə edən, xarici və daxili təhlükələrə qarşı mübarizə aparan qurum olduğunun şahidi oldular. Onun birbaşa iştirakı ilə təhlükəsizlik orqanlarında azərbaycanlıların sayı sürətlə artaraq, 1980-ci illərdə 70 faizə çatmış, bu proses dinamik, dönməz xarakter aldı. Təhlükəsizlik orqanlarında formalaşmış yeni nəsil sonralar müstəqil Azərbaycanın milli təhlükəsizlik orqanlarının kadr potensialının özəyini təşkil etdi.

Heydər Əliyevin dövlət təhlükəsizliyi sistemində çalışdığı dövrlərdə erməni millətçilərinin Azərbaycana qarşı torpaq iddialarının qarşısı alınmışdır. Ermənilər ötən əsrin 60-cı illərində torpaq iddialarını həyata keçirmək üçün Dağlıq Qarabağda müxtəlif təxribatlara əl atmışdılar. 1967-ci ilin iyul ayında Xankəndi şəhərində milli zəmində qarşıdurma yaranmış, bir neçə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi. Dövlət Təhlükəsizlik Komitəsinin sədri olan Heydər Əliyev birbaşa Xankəndinə gəlir. Dağlıq Qarabağa ezam olunan dövlət orqanı nümayəndələrinn əksəriyyəti Şuşada otursalar da Heydər Əliyev real təhlükələrə baxmayaraq, Xankəndidə DTK-nın şöbəsində əyləşir. 15 gün Xankəndidə qalaraq qısa müddət ərzində hadisənin əsl səbəblərini üzə çıxarır. Cinayəti törədənlər, təşkil edənlər layiqli cəzalarını alır, 39 nəfər erməni həbs edilir. Bu hadisələrə laqeydlik göstərmiş vilayət rəhbərləri haqqında sərt tədbirlər görülür.

Heydər Əliyevin rəhbərliyi dövründə erməni iddiaları hər zaman iflasa uğramışdır. SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 1969-cu il mayın 7-də Ermənistanla sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistana verilməsi haqqında qəbul etdiyi qərarın icrası məhz Ulu Öndərin qətiyyəti sayəsində dayandırılmışdır. Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçiləndə dərhal bu qərarın icrasını dayandırdı. Ona göstərilən təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi, bu təhlükəli planın qarşısını qətiyyətlə aldı. Bu barədə danışarkən o deyirdi: “1969-cu ilin iyul ayında mən Azərbaycanın o vaxtkı Mərkəzi Komitəsinin birinci katibi seçildim. Bir neçə gün idi ki, işləyirdim, bu məsələni gətirib mənim qarşıma çıxardılar. Moskvadan da çox böyük təzyiq edirdilər ki, qərar qəbul olunub, tez edin, icrasına sərəncam verin. Dedim, bilirsiniz, bu qərar mayda qəbul olunub, əgər iyul ayına qədər icra edilməyibsə, imkan verin, mən onu bir araşdırım. Şübhəsiz ki, mən araşdırandan sonra gördüm ki, buna razılıq verə bilmərəm. Mən razılıq vermədim. Bu da məlumdur. Nə qədər ki, mən Azərbaycanda işlədim, o qərar həyata keçmədi”.

Heydər Əliyev qanunları hər şeydən uca tutan, qanunlar əsasında qərar qəbul və icra edən rəhbər idi. Onun “ən çox sevdiyiniz insani xüsusiyyət” nədir, sualına cavabı çox qısa və konkret idi: mərdlik. SSRİ-nin xarici işləır naziri olmuş Eduard Şevardnadze deyirdi ki, Heydər Əliyev mərd insan idi, MK-da hər kəsə diqqət göstərərdi. Ümummilli Lider özü də mərd, qorxmaz, cəsur adamları sevirdi. Sədaqəti və səmimiyyəti, etibarı düzgün olan insanları sevərdi, prinsipiallığı, düzgünlüyü yüksək dəyərləndirirdi.

Heydər Əliyevin 1969-cu ilin iyul ayının 14-də Azərbaycanın siyasi rəhbərliyinə gəlməsi dövlət idarəçilik aparatının, siyasi və ictimai mühitin, iqtisadiyyatın, sosial həyatın tamamilə yeniləşməsinə səbəb oldu. Ətalətə, köhnəliyə, mühafizəkarlığa qarşı barışmaz, yenilikçi bir şəxsiyyət kimi diqqəti cəlb edən Heydər Əliyev sovet üsul-idarəçiliyində hökm sürən köhnə həyat tərzini, bürokratik aparatı dəyişməyə başladı, idarətmənin və cəmiyyətin yeniləşməsinə gətirib çıxaran islahatlar həyata keçirdi. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq dövrü kimi tarixə düşdü. Həmin dövrdə müflisləşmiş halda, böhran vəziyyətində olan Azərbaycanı ağır durumdan qurtardı və böyük sosial-iqtisadi  uğurlara nail oldu.

Aparılan dərin islahatlar sayəsində Azərbaycanı sovet respublikaları arasında geridə qalan aqrar respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olundu, neft sənayesinin inkişafında yeni mərhələ başlandı. Respublikamızda Dərin Özüllər Zavodunun istifadəyə verilməsi, neft maşınqayırması və neftayırma sənayesinin yenidən qurulması həyata keçirildi ki, bu da müstəqillik dövründə yeni neft strategiyasını uğurla həyata keçirilməsində mühüm rol oynadı.

1969-1982-ci illərdə yeni yaradılan iri, orta və kiçik müəssissələr də daxil olmaqla, sənaye müəssisələrinin sayı 1048-ə çatdırıldı. Azərbaycan qısa zamanda Sovet İttifaqında qabaqcıl kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və üzümçülük respublikasına çevrildi. 1976-1980-ci illərdə kənd təsərrüfatı məhsulunun artımına görə Azərbaycan SSRİ-də 15 müttəfiq respublika arasında birinci yerə çıxdı. Həmin illərdə Azərbaycan İttifaq miqyasında yüksək iqtisadi nəticələr göstərdiyinə görə, hər il keçici qırmızı bayraq alırdı.
Beləliklə, 1970-80-ci illərdə respublikamızın ixrac potensialı artdı, sənaye və kənd təsərrüfatı məhsulları təkcə ittifaq respublikalarına deyil, xarici dövlətlərə də ixrac olunmağa başlandı. Həmin illərdə Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Əldə olunan ən mühüm nailiyyətlərdən biri də respublikanın elektrik enerjisi ilə təminat səviyyəsinin artırılması oldu, Azərbaycanın hər kəndinə, hər evə elektrik xətti çəkildi. Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi alan ölkə idisə, 1982-ci ildə artıq o, elektrik enerjisi satan respublikaya çevrildi.

Ulu Öndər deyirdi ki, mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. “Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da – hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Həmin illərdə Bakı və respublikamızın digər şəhər və rayonlarında canlanma müşahidə edilirdi, ölkə böyük tikinti meydançasını xatırladırdı. Bakıda dünyanın ən möhtəşəm memarlıq və milli arxitektura nümunələrinin yaradılması, “Gülüstan” və “Respublika” sarayları, Bakı Məişət Kondisionerləri Zavodu, Bakı Sirki, metro stansiyalarının və digər mühüm sosial obyektlərin inşa edilməsi, “İçərişəhər” dövlət tarix- memarlıq abidələrinin tikintisi, yeni yaşayış massivlərinin, idman komplekslərinin, teatr, musiqi məktəbləri, muzeylərin tikilərərk istifadəyə verilməsi, yazıçı, şair və ictimai-siyasi xadimlərin heykəllərinin ucaldılması Bakının simasını dəyişdirdi. Yazışılara diqqət və qayğının daha bir nümunəsi olaraq Şüvəlanda Yazıçıların Yaradıçılıq və İstirahət Evi istifadəyə verildi. Paytaxtın infrastrukturunun yenidən qurulması, yeni memarlıq və şəhərsalma ənənələrinin inkişaf etdirilməsi Bakının milliləşdirilməsinə səbəb oldu.

Heydər Əliyev Bakını çox sevirdi, “Ən çox sevdiyiniz şəhər hansıdır” sualına cavabında da “Bakı” deyərdi. Bakı sakinləri ilə görüş Ulu Öndərin həyatında ən sevincli günlərindən biri idi. Mərkəzi Komitənin birinci katibi olanda həmişə şəhərə çıxar, insanlarla söhbət edər, onların qayğıları ilə maraqlanar, onlarla söhbətdən zövq alar, rahatlıq duyardı.

Ümummilli Liderin elm, təhsil və mədəniyyətlə bağlı islahatları da Azərbaycanın inkişafında böyük rol oynadı. Heydər Əliyev bildirdi: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu diqqətin nəticəsidir ki, hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdı. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Həmin illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə çatmışdı. Ölkəyə lazım olan mütəxəssis-kadrları yetişdirmək, respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, azərbaycanlılar keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində oxumağa göndərilirdi. 1975-ci ildən başlayaraq ildə 800-900 gənc Moskva, Leninqrad, Kiyev, Xarkov, Minsk və digər şəhərlərin qabaqcıl ali məktəblərinə göndərilirdi. Müqayisə üçün qeyd edək ki,1969-cu ildə bütün SSRİ-nin ali məktəblər üzrə azərbaycanlı gənclərə cəmisi 50-80 yer ayrılmışdı. Heydər Əliyevin fəaliyyəti sayəsində 1970-80-ci illərdə Azərbaycandan kənarda respublikamız üçün 15 mindən çox yüksək ixtisaslı mütəxəssis yetişdirilmişdi. Bu siyasət respublikamızın milli kadr potensialının daha da gücləndirilməsinə səbəb oldu. Həm ölkədə, həm də respublikamızdan kənarda ali təhsil almış məzunlar təyinatı üzrə işlə təmin olunurdular. O zaman Azərbaycanda İttifaq rəhbərliyi tərəfindən fəaliyyətləri yüksək qiymətləndirilən, yüksəd adlarla təltif olunan Sosialist Əməyi Qəhrəmanı alan qabaqcıl insanların bu fəxri adlara layiq görülməsində də Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.

Heydər Əliyevin ən çox diqqətdə saxladığı sahələrdən biri ordu quruculuğu olmuşdur. Hələ 1970-ci illərdə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı təhsil və elm ocaqlarına göndərildi, milli hərbi kadrlar hazırlanması üçün hər cür qayğı göstərildi. Heydər Əliyev deyirdi ki, Silahlı Qüvvələrin sıralarında xidmət etmək, xüsusən də kadr kimi, zabit kimi xidmət etmək çox şərəfli və məsul vəzifədir, xalqın böyük etimadıdır. 70-80-ci illərdə SSRI-nin 50-dən çox şəhərində 105 hərbi ali məktəbdə müxtəlif hərbi ixtisaslar üzrə 17 mindən çox azərbaycanlı zabit hazırlanaraq hərb sənətinin sirlərinə yiyələnmişdi. O dövrdə hərbi məktəbin yaradılması ideyası, milli ruhlu hərbi kadrların yetişdirilməsi böyük öndərin ən böyük arzusu idi və uzun bürokratik əngəllərə baxmayaraq Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasına nail oldu. Heydər Əliyev bu məktəbi diqqət mərkəzində saxlayır, lazımi köməkliklər edərdi. Təsadüfi deyil ki, hərbçilərə son müraciətini də yaratdığı hərbi məktəbin məzunları ilə 2003-cü il aprelin 21-də keçirilən görüşdə onların qarşısında çıxış edərək bildirdi: “Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu şərəf mənə qismət olub və mən özümü xoşbəxt hesab edirəm”. O, səhhətində yaranmış problemlərə baxmayaraq yenidən tribunaya qayıdaraq özünəməxsus görkəmi və əzəməti, təbəssümü ilə çıxışını davam etdirərək sona çatdırdı.

Heydər Əliyevin islahatlar strategiyasında ana dilimizin qorunub saxlanması mühüm yer tuturdu. Ulu Öndər totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq o vaxt Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş və 1969-cu il noyabrın 1-də keçirilən bu təntənəli tədbirdə Azərbaycan dilində nitq söyləmişdi.

1974-cü ildə Azərbaycan dilinin tədqiqinə görə bir qrup dilçi alimin dövlət mükafatlarına layiq görülməsi, o cümlədən 3 cildlik “Müasir Azərbaycan dili” dərsliyinin çapı da Ulu Öndərin ana dilinə böyük ehtiramla yanaşdığını göstərdi.

1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyası hazırlanarkən Heydər Əliyev Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasına nail olmuşdur.

Heydər Əliyev milli kökə bağlı şəxsiyyət kimi həmişə mədəni irsə qayğısını əsirgəməyib. O deyirdi ki, xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Onun göstərişi əsasında “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı tarixi və ədəbi araşdırmaların sayı çoxaldı, bu mövzuda sanballı bədii film çəkildi.  Nizaminin nəhəng yaradıcılığı, Xaqaninin, Nəsiminin, Füzulinin, Vaqifin, neçə-neçə söz sənəti bahadırlarının dahiyanə əsərləri, aşıq poeziyasının canlı nümunələri ilə bağlı araşdırmalar artdı, ədəbi mühit zənginləşdi. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi və abidəsinin ucaldılması, N.Nərimanovun Tbilisidə ev muzeyinin açılması, Ulyanovskidə büstünün qoyulması, Molla Pənah Vaqifin Şuşada məqbərəsinin açılması, İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə dair hazırlıqla bağlı qərarın qəbulu, görkəmli klassikin yubileyinin Bakıda və Moskvada təntənə ilə qeyd edilməsi, Azərbaycan Dövlət Konservatoriyasının 50 illik yubileyinin keçirilməsi, xalqın qəhrəmanlıq epopeyasını əks etdirən “Koroğlu” operasının yenidən tamaşaya qoyulması, H.Cavidin nəşinin Sibirdən doğma torpağı Naxçıvana gətirilməsi və orada dəfn edilməsi, Cəfər Cabbarlının heykəllinin ucaldılması Heydər Əliyevin humanizminin və mədəniyyət siyasətinin tərkib hissəsidir.

Bu siyasət Ulu Öndərin hakimiyətinin sonrakı mərhələsində də davam etdirildi. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin  Lüksemburqda Rusiya Federasiyası səfirliyinin binası önündə yad edilməsi, Məhəmməd Füzulinin 500 illik yubileyinin keçirilməsi mədəni irsə davamlı qayğıdır.

Heydər Əliyev sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda Azərbaycana fikir plüralizmi, demokratik və azad  düşüncə tərzi, güclü  sosial ədalət duyğusu və milli özünüdərk  hissinin vacib elementlərini gətirə bilməyi bacardı. Azərbaycanın ziyali elitasının, ictimai fikrin, düşüncənin sahibi olan insanların hamisi idi. İmperiyanın azad fikrə, milli məfkurə sahiblərinə qarşı sərt antihumanist siyasət yürütdüyü bir dövrdə yaradıcı insanlar, ziyalılar yalnız Heydər Əliyevi özlərinin müdafiəçisi görürdü. 60-80-ci illərdə heç nədən çəkinmədən milli dövlətçiliyi təbliğ edən insanları təqiblərdən, təzyiqlərdən qoruyur, sənət və incəsənət əsərlərinin, azad. milli ədəbiyyatın yaranmasında ziyalılara arxa, dayaq olurdu. Azərbaycançılıq məfkurəsini əsərlərində təbliğ etdiklərinə görə millətçilikdə günahlandırılan, təqiblərə məruz qalan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Ziya Bünyadov kimi şəxsiyyətləri ən çətin məqamlarda qoruyurdu.

Ulu Öndər həmişə Azərbaycan yazıçılarına, ədəbiyyat xadimlərinə dövlət qayğısı göstərirdi, Heydər Əliyev 1971-ci ildən başlayaraq Azərbaycan yazıçılarının bütün ali məclislərində iştirak etmişdir. Onun iştirakı heç vaxt formal olmamışdır. Proqram xarakterli geniş və dolğun nitqlərində o, Yazıçılar Birliyinin qarşısında dayanan vəzifələr, xalqın və dövlətin taleyində ədəbiyyatın yeri və rolu barəsində dəyərli fikirlər söyləmiş, söz ustalarımızı respublikamızın həyatında, onun inkişafında fəal mövqe tutmağa çağırırdı. Yazıçı sözünün dəyərinə, yazıçı mövqeyinin ölkənin ictimai həyatındakı roluna xüsusi yer verər, yazıçıların qarşısında duran vəzifələr, xalqın və dövlətin taleyində ədəbiyyatın yeri və rolu barəsində dəyərli fikirlər söylərdi.
O hakimiyyətdə olmadığı dövrlərdə, Qorbaçovun və onun əlaltıları tərəfindən təqib edildiyi 1991-ci ildə yazıçılar Ulu Öndəri təkidlə qurultaya dəvət etmişdilər. Heydər Əliyev yazıçıların dəvətini qəbul edərək onların X qurultayının işində iştirak etmişdi. Yazıçılar Onu yuxarıda Reyasət Heyətində oturmağa dəvət edirlər. Heydər Əliyev onlara təşəkkür edib dedi ki, indi aşağıda oturub yuxarıya baxmaq istəyirəm. Bu yaradıcı ziyalıların Ulu Öndərə yüksək ehtiramı, çoxillik işgüzar və səmimi münasibətlərin bariz ifadəsi idi.

Ümummilli Lider həmişə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sahələrində təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub.

Heydər Əliyev üçün Qarabağ həmişə doğma və ən sevdiyi ünvan olub. Böyük təcrübəsinə və uzun müddət Qarabağda olmasına əsaslanaraq həmişə Dağlıq Qarabağa böyük diqqət ayırırdı. Bunun nəticəsi idi ki, Ümummilli Liderin rəhbərliyi dövründə burada heç vaxt problemlər yaranmamışdı. Qarabağ respublikamıza Ondan əvvəl və sonra rəhbər olmuş şəxslərin heç birinin sanki diqqətində olmamışdı. Sovet dövründə Ulu Öndərin rəhbərliyi zamanı Qarabağ ən çox daha çox diqqət və qayğı mərkəzində olurdu. Onun təşəbbüsü ilə Ağdərə rayonunda Sərsəng Su Elektrik Stansiyasının və su anbarının tikintisi başa çatdırıldı. Həmin illərdə 600 yerlik qış kinoteatrı, 400 nəfərlik uşaq sanatoriyası kompleksi, Şuşa musiqi alətləri fabriki, Rabitə evi və s. istifadəyə verilmişdi. Şuşada M.P.Vaqifin məqbərəsi ucaldılmış, Natəvanın büstü, Ü.Hacıbəyovun heykəli qoyulmuşdu. Turşsu mineral zavodunun, tarixi abidələrimizin bərpası işlərinə başlanmışdı. Bakı – Xankəndi dəmiryol xəttinin açılışı o dövr üçün ən böyük hadisə idi. 1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu çəkilərək istifadəyə verildi. Xankəndidə Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin olunmasına, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, yerli əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaratdı. Azərbaycanlıların burada daha çox yerləşdirilməsi üçün bütün imkanlardan istifadə edirdi.

Heydər Əliyev 1982-ci il yanvar ayının 14-də Şuşaya Vaqifin məqbərəsinin açılışına gəlmişdi. Onunla birlikdə respublikamızın çoxsaylı əbədiyyat və incəsənət xadimləri, yazıçı və şairləri də təntənəli açılış mərasimində iştirak etmişdi. Şuşanın tarixində görünməyən qarlı hava şəraitinin olmasına baxmayaraq, tədbir yüksək səviyyədə keçirilmişdi. Ümummilli lider Şuşaya ikinci dəfə 1982-ci ilin iyul ayının axırında ailə üzvləri ilə gəlmişdi. Heydər Əliyev deyirdi: “Mən Şuşanı çox sevirəm. Ona görə də Şuşaya ailəmlə birlikdə gəlmişəm. Söz verirəm ki, Şuşaya tez-tez gələcəm və köməyimi də Şuşadan əsirgəməyəcəm”.

Təəssüf ki, sovet imperiyasına ermənipərəst M.Qorbaçov rəhbər seçiləndən və 1987-ci ildə Heydər Əliyev vəzifədən uzaqlaşdırıldıqdan sonra ermənilər dərhal fəallaşdılar. Ermənistan və Dağlıq Qarabağdakı millətçi və separatçı qüvvələr Moskvadakı himayədarlarına arxalanaraq haqsız iddiaları, DQMV-nin Ermənistana birləşdirilməsi, müstəqillik kimi beynəlxalq hüquqa, Azərbaycanın ərazi bütövlüyünə zidd olan addımlar atdılar.
Heydər Əliyevin o dövrlərdə Azərbaycan ictimaiyyətinə müraciəti var idi, O müraciət “Azərnəşr”in o vaxtkı direktoru Əydər Xanbabayevə göndərilmişdi, o zaman ölkə mətbuatı müraciəti dərc etmədi. Heydər Əliyev deyirdi ki, mənim dövrümdə Azərbaycanın bir qarış torpağı da ermənilərə verilmədi.  Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik edən şəxslər Dağlıq Qarabağı diqqət mərkəzində saxlamadılar. Ermənilər bu boşluqdan istifadə etdilər. Bu baxımsızlıq Qarabağda özbaşınalığa, hakimiyyətsizliyin yaranmasına səbəb oldu, bu unutqanlıq sonralar ağır peşmançılığa səbəb oldu, doğma torpaqlarımızın bir hissəsi müvəqqəti olaraq itirilməsinə gətirib çıxardı.
Heydər Əliyevin istefasından sonra özünün güclü dayağını və müdafiəçisini itirmiş Azərbaycan xalqının haqq səsini isə eşidən olmadı, Doğma Qarabağın müdafiəsinə qalxmış xalqımızın haqlı tələblərinə baxılmadı, xalq meydanda tək qaldı. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü başladı. Dağlıq Qarabağ və ətrafdakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

SSRİ Nazirlər Sovetinin sədrinin I müavini vəzifəsindən və Mərkəzi Komitənin Siyasi Bürosu üzvlüyündən istefa verdikdən sonra Ulu Öndərə qarşı təzqiqlər, ədalətsizliklər başlandı. Yerli və mərkəzi mətbuatda  əleyhinə yazılar yazılmağa başlandı. Onun rəhbər olduğu illərdə Azərbaycana qarşı hansısa addımı atmağa cürəti çatmayan qüvvələr fəallaşdılar, vaxtilə Heydər Əliyevin vəzifəyə təyin etdiyi, etimad göstərdiyi şəxslərin çoxusu Moskvaya mərkəzi hökumətə onun haqqında anonim məktublar yazırdılar, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rışkov yazırdı ki, o vaxtlar Heydər Əliyevin əleyhinə yazılmış anonim məktublardan ibarət qovluq vermişdilər. Qovluq Heydər Əliyevin özünə təqdim olunmuşdu.

Onun himayə etdiyi insanların çoxu hökumətdən istefa verəndən sonra təzyiqlərdən qorxaraq Ulu Öndəri mübaizə meydanında tək qoydular. Amma Ulu Öndər xalqın ən çətin günlərində həmişə yanında oldu. Heydər Əliyevin 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı xalqa başsağlığı müraciəti vardı, həmin vaxt “Azərnəşr”in direktoru Əjdər Xanbabayev və mən (R.Vahabov) müraciətin oxunması üçün “Azadlıq” meydanına getmişdik, müraciəti mitinqi aparanlara təqdim etdik və başsağlığının oxunmasını gözlədik, amma müraciəti oxumadılar. Əjdər Xanbabayev deyirdi ki, Heydər Əliyevin başsağlığı müraciətinə də qısqanclıqla yanaşırlar. Həmin vaxt Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı, Heydər Əliyevin müraciətinin nə televiziya, nə də, senzuranın olması səbəbindən mətbuat vasitəsilə xalqa çatdırılması mümkün olmadı.

Həmin illərdə respublikamızın uzaqgörən ictimai xadimləri, ziyalıları hakimiyyətə Heydər Əliyevin gəlməsi ilə ölkəni fəlakətdən qurtarmağın mümkün olacağını deyirdilər. Onlar Heydər Əliyevin mütləq Azərbaycana qayıdacağını gözləyirdilər. Həmin vaxt ölkənin rəhbəri olan Əbülfəz Elçibəy çətin vəziyyətdə olan ölkəni xilas etmək üçün Heydər Əliyevin arxasınca təyyarə göndərdi, Ulu Öndər ölkədə qardaş qırğınının, vətəndaş müharibəsinin baş verməsinin qarşısını almaq üçün ölkəyə rəhbərliyi qəbul etdi. Heydər Əliyev təbii ki, xalqın çətin günündə heç vaxt kənarda qala bilməzdi. Onun “Mən ölkənin bu ağır günündə kənarda qala bilməzdim” fikri xalqa, dövlətə olan hədsiz məhəbbətini göstərdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Milli Məclisə gələrək oradan birbaşa Gəncəyə yollandı. Qısa müddətdə qardaş qırğınının, ölkənin parçalanmaq təhlükəsinin qarşısı alındı. Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtardı. Hakimiyyətə “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm” əqidəsi ilə qayıdan Heydər Əliyev ömrünün sonunadək bu əqidəyə sadiq qaldı.

Rusiyanın məşhur televiziya jurnalisti Andrey Karaulov «Russkoe Solniçe” kitabında Heydər Əliyevin güclü siyasət nəhəngi olduğunu qeyd edir. Heydər Əliyevin siyasət nəhəngi olduğunu xatırladan telejurnalist bildirir ki, O hakimiyyət ustasıdır.  Rusiyanın digər məşhur telejurnalisti Mixail Qusman isə Heydər Əliyev haqqında danışarkən bildirib ki, Heydər Əliyev, əlbəttə, əfsanəvi siyasətçi idi. Andropov bir neçə il yaşasaydı, Heydər Əliyev sovet hökumətinin başçısı ola bilərdi. Heydər Əliyev irsinin tarixçilər üçün zəngin xəzinə olduğunu deyən Qusman bu böyük tarixi şəxsiyyətin həyat və fəaliyyətinin həmişə araşdırılıb öyrəniləcəyini, gələcək nəsillər üçün böyük örnək olacağını, Heydər Əliyev irsinin dərindən tədqiq olunacağını bildirib.
Heydər Əliyev həmişə dövlətə, dövlətçiliyə sədaqətlə qulluq etmiş insanlara dəyər verər, sədaqətli kadrlara rəğbət bəsləyərdi. Özümü xoşbəxt hesab edirəm ki, onun kadrlarından biri kimi mənə də etimad göstərib. 1995-ci ildə məni (R.V) vəzifəyə təyin edəndə dedi ki, sənin sədaqətin və səmimiyyətinə şübhə ola bilməz. Həmişə çalışmışam ki, Ulu Öndərin verdiyi tapşırıqları ləyaqətlə yerinə yetirim, vicdanla çalışım və  xalqa xidmət edim, Onun etimadını layiqincə doğruldum. Ola bilsin ki, çalışdığım dövrdə müəyyən çətinliklər səbəbindən işimi yüksək səviyyədə görə bilməmişəm, amma həmişə sədaqətlə və səliqə-sahmanla işləmişəm. Verilən taspşırığın, göstərilən etimadın öhdəsindən gəlmişəmsə, özümü xoşbəxt hesab edirəm.

Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə də ən böyük diqqət yetirdiyi sahə məhz ordu quruculuğunun formalaşdırılması oldu. Heydər Əliyev dağıdılmış, nizamsız və komandasız ordunu tezliklə bərpa etdi, yeni ordu quruculuğuna başladı, Müdafiə Nazirliyinə tabe olmayan müxtəlif siyasi ambisiyalı, döyüş qabiliyyəti aşağı olan, nizam-intizamsız hərbi hissələri ləğv edildi, vahid və güclü nizami ordu yaradıldı.
1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası bazar iqtisadiyyatının təmin olunması, iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyalar, azad sahibkarlıq üçün şərait yaradılması və onun mənafelərinin qorunması, xüsusi mülkiyyətin inkişafının təmin olunması, yerli biznesin Avropa bazarlarına çıxışı üçün əlverişli imkanlar yaratdı.
Heydər Əliyev bazar iqtisadiyyatının əsas tələbi olan özəlləşdirmə siyasətini həyata keçirdi, 1995-1996-cı illlərdə aparılan aqrar islahatlar nəticəsində bütün vətəndaşlar torpaq mülkiyyətçisi oldular. 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə bağlı Dövlət Proqramı həyata keçirildi.

Heydər Əliyev həmin illərdə xaricdən əldə olunan kreditlərin müvəqqəti xarakter daşıdığını, ölkənin özünün güclü maliyyə ehtiyatlarının formalaşdırılmasını vacib sayırdı. Azərbaycanın inkişafında əsas milli sərvət olan neft ehtiyatlarının hasil olunması və nəqli üçün Qərb şirkətləri ilə əməkdaşlığı zəruri hesab edirdi və neft şirkətləri ilə danışıqlar intensivləşdirildi. Həmin vaxtlar xarici neft şirkətləri Azərbaycandan daha çox sərvət qoparmaq istəyirdilər və 1992-ci ildə hazırlanmış müqavilənin qəbul olunmasına çalışırdılar. Heydər Əliyev əvvəlki danışıqlarda əldə olunmuş bəndlərin Azərbaycan üçün sərfəli olmadığını nəzərə alaraq müqavilə şərtlərinin tamamilə yeni formatda hazırlanmasına qərar verdi. O dövr ABŞ-m energetika nazirinin müavini olmuş U. Uayt qeyd edirdi ki, biz müqaviləyə tezliklə qol çəkilməsini istəyirdik, çünki protokolda strateji maraqlarımızı əks etdirmişdik. Amma Heydər Əliyev dühası, uzaqgörənliyi, siyasi möhtəşəmliyi onların bu planlarının üstündən xətt çəkdi.

Beləliklə, 1994-cü il sentyabrın 20-də böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi” imzalandı. Bununla da, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Bu layihə Azərbaycanın gələcək yüksək iqtisadi inkişafını təmin etməklə bərabər, siyasi təhlükəsizliyinə təminat verən mühüm faktorlardan biri oldu.

1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşü çərçivəsində Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəqlinə dair saziş imzalandı. Beləliklə, regionda geniş əməkdaşlıq və siyasi sabitliyin möhkəmlənməsi üçün dərin zəmin yarandı.  2002-ci il sentyabrın 18-də BTC-nin təməli qoyuldu. Azərbaycan qazının qərb bazarına ixracının təmin olunması üçün Ulu Öndərin şəxsi təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı.

Heydər Əliyev üçün ali bir məqsəd var idi: “Neft Azərbaycanın milli sərvətidir”. Neft xalqa məxsusdur. O böyük məsuliyyətlə xalqın milli sərvəti olan neft gəlirlərinin gələcək nəsillər arasında ədalətli bölüşdürülməsi üçün şəffaf bir strategiyanın əsasını qoydu. Dövlət Neft Fondunun yaradılması dahi rəhbərin böyük uzaqgörənliyinin, gələcək nəsillərə diqqətinin nümunəsi idi.

Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı,  30-a yaxın dövlət proqramı təsdiq edildi.

Heydər Əliyevin  müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Bu baxımdan Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə də milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Bu məqsədlə Böyük İpək Yolu, Şimal-Cənub nəqliyyat dəhlizi yaradıldı. Nəticədə Azərbaycan Xəzər regionunda nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli neft-qaz tranziti ölkəsinə çevrildi.

Heydər Əliyev demokratiyanın əsas inkişaf göstəricilərindən biri olan söz və fikir  azadlığına, plüralizmə geniş meydan verirdi. O, mətbuata hədsiz dərəcədə açıq idi. Ulu Öndər mətbuatı mütərəqqi ictimai idealların carçısı hesab edir, xalqımızın azadlıq və müstəqilliyə, mənəvi tərəqqiyə nail olmaq səylərinin gücləndirilməsində, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşdırılmasında mühüm rol oynadığını bildirirdi. Azərbaycan mətbuatını hüquqi və dünyəvi dövlət quruculuğunun mühüm bir vasitəsi kimi qiymətləndiridi. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün lazım olan bütün addımları atırdı. Onun KİV-ə olan xüsusi diqqət və qayğısının nəticəsində Azərbaycanda senzura ləğv olundu, sonrakı illərdə KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırıldı, onların müstəqilliyi inkişaf etdirildi, maddi-texniki bazası möhkəmləndirildi. Məsələ ondadır ki, mətbuata həmin dövrdə ən çox tənqid olunan Heydər Əliyevin özü idi. O, bunu demokratiyanın bir forması hesab edir, tənqidə qarşı dözümsüz və  müxalifət nümayəndələrinə bildiridi ki, tənqid sağlam cəmiyyətin, demokratiyanın bir formasıdır.

Ulu Öndərin uğulu islahatlar strategiyasını davam etdirən Prezident İlham Əliyevin çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilməkdədir. Dövlət başçısının davam etdirdiyi tədbirlər sayəsində 2006-ci ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2008-ci ildə regionda ən mühüm nəqliyyat dəhlizinin – Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin əsası qoyuldu. 2011-ci ildə Azərbaycan və Türkiyə Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinə dair anlaşma memorandum, 2013-cü ilin iyun ayında isə TransAdriatik qaz kəməri (TAP) layihələrinə dair dövlətlərarası sazişlər imzalandı, 2013-cü il sentyabrın 18-də “Şahdəniz-2” layihəsinə sanksiya verildi. 2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peyki orbitə çıxarıldı.

2004-cü ildən tətbiqinə başlanılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi inkişafına yol açdı, paytaxtla bölgələr arasındakı fərqin azamasına səbəb oldu. Proqram regionların sosial-iqtisadi inkişafına yol açmaqla yanaşı, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına təkan verdi. Ölkəmizdə yeni 2004-2016-ci illərdə 72 mindən çox müəssisə, 1,6 milyona yaxın iş yeri açıldı. Ölkəmizdə güclü milli biznes sinfinin iqtisadiyyatda rolu artdı, ÜDM-də özəl bölmənin payı 80, məşğulluqda isə 75 faizə çatdı.

Respublikamızın keçid dövrünü başa vuraraq  yeni inkişaf mərhələsinə qədəm qoydu. Neft gəlirlərinin sosial infrastrukturun və qeyri-neft sahələrinin inkişafına yönəldilməsi, iqtisadiyyatın şaxələndirilməsi, “qara” qızıl”ın elmi innovasiyalara, intellektual mülkiyyətə, insan kapitalına yönəldilməsi ilə bağlı layihələr həyata keçirildi. Davam etdirilən bu islahatlar dövlətin inkişafı, iqtisadi modernləşmə və postneft cəmiyyətinə keçidi təmin etməkdədir.
Artıq Azərbaycan iş adamları ölkəmizlə yanaşı, xarici ölkələrdə həyata keçirilən layihələrdə fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, xaricdə etibarlı tərəfdaş kimi tanınırlar.

Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğunu inkişaf edən, Ali Baş Komandan, Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində Azərbaycan Ordusu daha da güclənib. Bu gün güclü hərbi hazırlığa, döyüş əzmkarlığına, hərbi qüdrətinə və yüksək texniki imkanlara malik olan Azərbaycan Ordusu qarşısına qoyulan bütün  tapşırıqları yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşıb. Azərbaycan dövləti öz ərazi bütövlüyünün sülh yolu ilə beynəlxalq hüququ normaları çərçivəsində təmin olunmasını istəyir. Amma onu da bəyan edir ki, sülh danışıqıqları heç bir səmərə vermədiyi və işğalçı Ermənistan beynəlxalq hüquqa məhəl qoymamaqda davam etdiyi halda, Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınmış ərazilərini boşaltmazsa güclü Azərbaycan Ordusu öz torpaqlarını düşməndən təmizləməyə məcbur olacaq. Gündən-günə daha da möhkəmlənən və döyüş qabiliyyətini artıran Azərbaycan Ordusu düşmən üzərində qalibiyyət salnaməsi yazmağa qadirdir.

Hazırda Azərbaycanda yeni dövrün çağırışlarına uyğun olaraq iqtisadi layihələr, strateji yol xəritələri hazırlanıb. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın gələcək uğurlu inkişafının təmin olunmasında mühüm rol oynayacaq.

Beləliklə, indiyə qədər əldə olunmuş uğurların əsasında Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və müdrik siyasət dayanır.

Rizvan Vahabov,
YAP Siyasi Şurasının üzvü

“İki Sahil” qazeti