“İslam sivilizasiyası qlobal proseslər müstəvisində” mövzusunda gənclərlə “dəyirmi masa” keçirildi

Mayın 17-də YAP Səbail rayon təşkilatının qərargahında “İslam sivilizasiyası qlobal proseslər müstəvisində” mövzusunda gənclərlə “dəyirmi masa” keçirildi.

“Dəyirmi masa”nın işində YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Səbail rayonunun ali məktəblərini və idarə-müəssisələrini təmsil edən gənclər, eləcə də partiyanın gənc fəalları iştirak etdilər.

Tədbir iştirakçılarını salamlayan prof. Şəmsəddin Hacıyev məlumat verdi ki, “İslam Həmrəyliyi ili” çərçivəsində rayon partiya təşkilatı tərəfindən çoxsaylı tədbirlər nəzərdə tutulmuşdur. Bu silsilədən olan ilk tədbiri məhz gənclərlə təşkil etdiklərinin heç də təsadüf olmadığını qeyd edən Sədr vurğuladı ki, dinimizi terrorizm, radikalizm, fanatizm kimi qeyri-insani dəyərləri təbliğ edən bir din kimi qələmə vermək cəhdlərinin artdığı müasir dünyamızda gənclərimiz İslam dininin mahiyyətini, İslam sivilizasiyasının dəyərlərini daha dərindən öyrənməli, bəzi qərb dairələri tərəfindən təşviq edilən islamofobiya, ksenofobiya çağırışlarına qarşı fundamental biliklərlə silahlanmalıdırlar. Bununla əlaqədar olaraq, İslam dininin son dərəcə dərin və dünyəvi köklərə malik olması, dünyada haqqı, ədaləti, bərabərliyi, azadlığı, əsl demokratiyanı və s. təbliğ etməsi haqqında vətəndaşlarımızı, xüsusilə gənclərimizi maarifləndirmək üçün bu səpkidə “dəyirmi masa”ların təşkilinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən Ş.Hacıyev diqqətə çatdırdı ki, bu kontekstdə dünyada və Avropadakı geosiyasi vəziyyətin son dərəcə gərgin olması və günbəgün daha da dərinləşməsi fonunda multikultural dəyərlərin həyat tərzinə çevrildiyi Azərbaycan bu gün bütün İslam dünyasını bir araya gətirmək kimi çox mühüm və ülvi bir missiyanı öz üzərinə götürmüşdür. Sədr bildirdi ki, İslam ölkələri həmrəyliyinin bariz təzahürü kimi “IV İslam Həmrəyliyi Oyunları” istər idman yarışları, istərsə də ciddi əhəmiyyətə malik olan siyasi tədbir kimi bütün müsəlman aləminin, eləcə də dünya ictimaiyyətinin diqqət mərkəzindədir və bu Oyunların məhz Bakıda keçirilməsi bizim üçün böyük fəxarət və qürur mənbəyidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İslam Həmrəyliyi Oyunlarının təşkilat komitəsinə rəhbərlik etməsinin bu Oyunların çox incə zövqlə və yüksək peşəkarlıqla təşkil olunmasındakı müstəsna rolunu, ölkəmizin beynəlxalq tədbirlərin təşkili sahəsində böyük təcrübəyə malik olması faktını xüsusi vurğulayan deputat gənclərimizin bu mötəbər tədbirdə könüllü kimi iştirak edərək qazandıqları təcrübəni də yüksək qiymətləndirdi.

Ş.Hacıyev qeyd etdi ki, IV İslam Həmrəyliyi Oyunlarının bu dərəcədə möhtəşəm təşkil olunması bir daha bütün dünyaya Azərbaycan xalqının və dövlətinin gücünü, millətimizin ölkə rəhbərinə göstərdiyi yüksək etibarını və rəğbətini nümayiş etdirir. Bu Oyunların ölkəmiz üçün istər siyasi, iqtisadi, istərsə də idman sahəsində böyük əhəmiyyəti var. IV İslam Həmrəyliyi Oyunları ölkəmizi tanıtmaq, malik olduğumuz qədim mədəniyyətimizi təbliğ etmək və müasir dəyərlərimizi dünya ictimaiyyətinə nümayiş etdirmək üçün çox gözəl fürsətdir.

Müasir dövrdə ən müqəddəs dəyərimiz olan dövlət müstəqilliyimizin qorunub saxlanılmasının və daha da möhkəmləndirilməsinin başlıca vəzifəmiz olduğunu xüsusilə qeyd edən millət vəkili bildirdi ki, ərazisinə, əhalisinin sayına, iqtisadi inkişaf səviyyəsinə və hərbi gücünə görə beynəlxalq münasibətlər sistemində “o qədər də böyük olmayan ölkə” kimi tanınan Azərbaycan müstəqillik dövründə, xüsusilə 2003-cü ildən sonra cəmiyyət həyatının bütün sahələrində əldə etdiyi misilsiz uğurlar sayəsində tamamilə müstəqil, cəsarətli, məqsədyönlü, uzaqgörən siyasət yürüdən bir ölkəyə çevrilmişdir. Bu da onu göstərir ki, bu gün Azərbaycanın güclü və müdrik rəhbəri, partiyamızın və xalqımızın vahid Lideri var. Rayon partiya təşkilatının sədri vurğuladı ki, bu gün hər bir vətəndaşımızın, xüsusilə gənclərimizin müqəddəs borcu dövlətimizin, ölkə rəhbərinin siyasətinə sadiq olmaq və dövlətimizə vicdanla təmənnasız xidmət etməkdən ibarətdir. Yeni Azərbaycan Partiyası milli-mənəvi dəyərlərimizi və xalqın mənafeyini hər şeydən üstün tutan partiyadır, Azərbaycanımızın əldə etdiyi bütün uğurlarda partiyamızın çox böyük xidmətləri var. Partiyanın hər bir üzvünün borcu partiyaya saf əqidə və prinsipiallıqla xidmət etməkdən ibarətdir. Öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da sıralarımızı dövlətçiliyimizə, Vətənimizə, Prezidentimizə sədaqətli gənclər hesabına genişləndirməli və real təbliğatımızı mütəmadi olaraq gücləndirməliyik.

“Mənəviyyatımızı formalaşdıran mühüm amil olan İslamı əsaslı şəkildə dərk edən, mahiyyətinə yiyələnən və İslam dəyərlərini qəlbində yaşadan insan hər şeyə qadirdir” deyən millət vəkili diqqətə çatdırdı ki, dünyəvi dinlər arasında istənilən rakursdan baxsaq, islam dini ən mütərəqqi və mənəviyyatı sözün əsl mənasında hər şeydən üstün tutan sülh, əmin-amanlıq, haqq-ədalət və qardaşlıq dinidir. Azərbaycanda bu zamana qədər qazanılmış uğurları davam etdirmək və daha da böyük zəfərlərə imza atmaq üçün gənclərimiz tariximizi, milli, mədəni, mənəvi dəyərlərimizi dərindən bilməlidirlər, Vətəninə, dövlətinə layiqli şəkildə xidmət edən vətəndaşlar, şəxsiyyətlər kimi formalaşmalıdırlar.

Çıxış edən rayon partiya təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin İslam dünyası üçün yüksək mənəvi, mədəni əhəmiyyət kəsb etdiyini vurğuladı. Dünyada “xristian klubu” tərəfindən açıq şəkildə anti-islam təbliğatı aparılır, qədim islam sivilizasiyaların, ümumbəşəri dəyərlərin formalaşdığı, yaşadıldığı müsəlman şəhərləri dağıdılır, ölkələrdəki ictimai-siyasi vəziyyət xarici qüvvələr tərəfindən gərginləşdirilir. M.Nağıyev qeyd etdi ki, bu mötəbər tədbirə ev sahibliyi etməklə, biz dünyaya öz mövqeyimizi göstərmək istəyirik ki, müsəlman dünyası birlikdə çox şeylərə nail ola bilər. Biz güclü olmalıyıq, iqtisadi, hərbi qüdrətimizi davamlı surətdə artırmalıyıq, özümüzü mənəvi cəhətdən gücləndirməli və Yeni Azərbaycan Partiyasının üzvləri olaraq, partiya ideologiyamıza, partiya Sədrinin siyasətinə sadiqliklə xidmət etməliyik. Allah Azərbaycanımızı qorusun, Allah Prezidentimizi qorusun! Amin!

YAP Səbail “Əhməd Cavad 12” ərazi ilk partiya təşkilatının sədr müavini Sona Həmidova İslam dininin mükəmməlliyi, İslam maarifinin elmə, mədəniyyətə, cəmiyyətin formalaşmasına olan təsiri, ölkəmizdə formalaşmış dini tolerantlıq mühiti haqqında geniş məruzə ilə çıxış etdi. Azərbaycanda İslam dininin yayılması, Müsəlman İntibahının bərqərar olması tarixinə toxunan S.Həmidova qeyd etdi ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. Bu bizim ölkəmizin tanınmasında, həmdinlərimizlə münasibətimizin yüksəldiləsinə müsbət təsir göstərəcəkdir.

YAP Səbail rayon təşkilatının baş məsləhətçisi Bəyim Nəbiyeva İslam dininin insanın mənəvi tərbiyəsindəki rolundan söz açaraq, bildirdi ki, müsəlman dünyasının bir parçası olan Azərbaycan gəncliyi sözün əsl mənasında vətəndaş, şəxsiyyət və mütəxəssis olaraq formalaşmaq, İslam dəyərlərini lazımınca yaşatmaq üçün dinimizin möhtəşəmliyini tam dərk etməyə, İslam əxlaqını, mənəviyyatını dərindən öyrənməyə çalışmalıdırlar. “Azərbaycanda anadan olmuş hər bir müsəlman özünə sual verməlidir ki, görəsən mən, İslam müdrikliyini dərk edərək müsəlmanlığı qəbul edən bir xristian qədər, dinimin qüdrətinin fərqindəyəmmi?”, “Görəsən biz, cənnət mükafatı gözləntimiz olmasa, “Allah üçün” dediyimiz əməllərimizə davam edəcəyikmi?” və ya “Cəhənnəm əzabı kimi bir cəza qorxumuz olmasa, bu qorxu ilə çəkindiyimiz əməllərdən çəkinmək iradəsini özümüzdə tapa biləcəyikmi?” və s. bu kimi bir neçə tezisi təhlil edən B.Nəbiyeva “dəyirmi masa”da dinləyici kimi iştirak edən tələbələrə bu məsələlər barədə düşünməyi və qəlbən, ruhən hiss etdikləri Allah inancını gündəlik həyatlarında və fəaliyyətlərində əks etdirməyə çalışmağı tövsiyə etdi.

Gənclərin böyük marağına səbəb olan “dəyirmi masa” çərçivəsində mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı.

Tədbirin videoyazısı