YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi

18 may 2017-ci il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

İclasa YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev sədrlik edirdi.

Sədr Azərbaycan üçün mühüm tarixi və ictimai-siyasi əhəmiyyəti olan IV İslam Həmrəyliyi Oyunlarının 12 may tarixində keçirilmiş möhtəşəm açılış mərasimindən danışaraq qeyd etdi ki, bütün müsəlman aləmi və dünya ictimaiyyəti tərəfindən yalnız idman yarışı kimi yox, eyni zamanda ciddi siyasi tədbir kimi qiymətləndirilən bu Oyunlara ev sahibliyi etməklə Azərbaycan bir daha qədim tarixini, zəngin mədəniyyətini bütün dünyaya nümayiş etdirmək imkanı qazandı. Bu vəsilə ilə artıq güclü regional faktora çevrilən Azərbaycan, eyni zamanda İslam dininə kölgə salmağa çalışan, bu mütərəqqi dini başqa rakursda təqdim edən qüvvələrə qarşı tutarlı cavab verdi – islam sivilizasiyanın daşıyıcısı olan ölkələri bir araya gətirmək kimi çox məsuliyyətli və şərəfli missiyanın öhdəsindən layiqincə gəldi. IV İslam Həmrəyliyi Oyunlarının təşkilat komitəsinə rəhbərlik edən Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti xanım Mehriban Əliyevanın möhtəşəm təşkilatçılıq qabiliyyətini xüsusilə vurğulayan Ş.Hacıyev qeyd etdi ki, məhz Mehriban xanımın bilavasitə rəhbərliyinin təcəssümü olan açılış mərasimində ölkəmizin gücünü, dünyadakı mövqeyini, qədim tarixini və mədəniyyətini, müasir standartlarını, qonaqpərvərliyini, keçmişlə bu günümüzün sintezini nəinki bizlər, eləcə də bütün dünya ictimaiyyəti və İslam aləmi görə bildi. Bu Oyunların “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən ən möhtəşəm tədbir olduğunu qeyd edən Sədr bildirdi ki, Bakıda 12-22 may tarixlərində baş tutan bu Oyunlar sözsüz ki, siyasi, iqtisadi, mədəni və mənəvi əhəmiyyəti baxımından yeni tariximizə qızıl hərflərlə həkk olundu.

Daha sonra Sədr Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə rayon təşkilatı tərəfindən cari ilin aprel-may ayları ərzində nəzərdə tutulmuş tədbirlər planının icrası barədə məlumat verdi. Qeyd olundu ki, son iki ayda rayon təşkilatı tərəfindən altı tədbir keçirilmişdir. Rayon partiya təşkilatının Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsi, Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə keçirdiyi tədbirlər haqqında məlumat verən Ş.Hacıyev qeyd etdi ki, YAP Səbail rayon təşkilatının təşəbbüsü, Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə 05 may tarixində YAP Səbail rayon təşkilatının qərargahında Ümummilli Liderin əziz xatirəsinə həsr olunan qanvermə aksiyası keçirilmişdir. Qanvermə aksiyasında 150-dən çox rayon sakini, eləcə də rayon təşkilatının İdarə Heyəti üzvləri, aparat işçiləri, rayon idarə və təşkilatlarının nümayəndələri, gənclər, tələbələr yüksək fəallıq göstərərək könüllü surətdə qan vermişlər. Daha sonra Sədr xüsusi qeyd etdi ki, YAP Səbail rayon təşkilatının qeydiyyatında olan bütün ərazi ilk partiya təşkilatlarında Ulu Öndərin xatirəsinə həsr olunmuş yığıncaqlar təşkil olunmuşdur, təşkilat rəhbərliyi respublika və rayon tədbirlərində iştirak etmişdir, eyni zamanda ölkə mətbuatında YAP Səbail rayon təşkilatının İdarə Heyəti üzvlərinin Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş xeyli məqalə və müsahibələri dərc olunmuşdur.

Sədr diqqətə çatdırdı ki, partiyanın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq YAP Səbail rayon təşkilatı partiya sıralarını dövlətçiliyimizə, Vətənimizə, Prezidentimizə sədaqətli gənclər hesabına genişləndirməyi və real təbliğatı mütəmadi olaraq gücləndirməyi davam etdirir. Cari ilin yanvar ayından bu günədək rayon partiya təşkilatı nəzdində 7 yeni ərazi ilk partiya təşkilatı təsis olunmuş və partiya sıralarına böyük əksəriyyəti gənclər olan 814 nəfər yeni üzv qəbul olunmuşdur.

Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv olunması barədə qərarı haqqında danışan Ş.Hacıyev qeyd etdi ki, strateji tərəfdaşımız olan Rusiya tərəfindən Azərbaycana qarşı belə bir addımın atılması təbii ki, bizi çox mütəhəssir etdi və düşündürməyə vadar edir. Azərbaycanla Rusiya arasında mövcud olan strateji əməkdaşlığın son illərdə daha da inkişaf edərək genişləndiyini diqqətə çatdıran millət vəkili bildirdi ki, belə bir qərarın qəbul edilməsində iki ölkə arasında yeni geoiqtisadi və geosiyasi formatlarda möhkəmlənən münasibətləri birmənalı şəkildə qəbul etməyən qüvvələrin, xüsusilə erməni lobbisinin, eləcə də Rusiyadakı ermənipərəst qüvvələrin müstəsna rolu olmuşdur. Hazırda Bakıda yaşayan 200 mindən çox rus əsilli vətəndaşa qarşı heç bir zaman ayrı-seçkiliyin olmadığını vurğulayan deputat diqqətə çatdırdı ki, Azərbaycan və Rusiya arasında humanitar sahədə yüksək səviyyədə əməkdaşlıq mövcuddur – artıq beş ildir ki, Azərbaycan Respublikasının Prezidenti və onun həmkarı, Rusiya Federasiyasının Prezidentinin təşəbbüsü və birgə təşkilatçılığı ilə Bakı Beynəlxalq Humanitar Forumu keçirilir, Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı dövlətimizin bilavasitə dəstəyi ilə uğurla fəaliyyət göstərirlər. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrdən başlayaraq ali təhsil müəssisələrinə qədər bütün təhsil pillərində rus bölmələri mövcuddur, hər il ali məktəblərə tələbə qəbulunda rusdilli ixtisaslar ciddi paya sahib olur və s. Rusiya tərəfindən Azərbaycana qarşı belə bir addımın atılmasının yalnız təəssüf doğurduğunu qeyd edən Ş.Hacıyev bildirdi ki, əminik ki, Rusiya dövləti bu işə lazımi müdaxilə edəcək və çıxarılan bu yanlış qərar ləğv ediləcəkdir. Bütün bu hadisələr göstərir ki, Azərbaycan xalqı ölkə rəhbərimiz, möhtərəm Prezidentimizin ətrafında sıx birləşməlidir, bütün vətəndaşlarımız dövlətçiliyimiz, Vətənimiz uğrunda həmrəy olmalıdır ki, müstəqilliyimizi, ölkəmizdəki əmin-amanlığı, ictimai-siyasi sabitliyi qoruya bilək.

Daha sonra ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənildi. “Neft-qaz çıxaranlar” (Bibiheybət NQÇİ) ərazi ilk partiya təşkilatının sədri Mahmudova Təranə [Bibiheybət NQÇİ_Məruzə mətni]“Poçt xidməti” (“Azərpoçt”MMC) ərazi ilk partiya təşkilatının sədri Rəhmanov Adil [”Azərpoçt” MMC_Məruzə mətni] təşkilatlarında görülən işlər haqqında məlumatlarla çıxış etdilər. Məlumatlar səsə qoyularaq yekdilliklə qəbul olundu.

İclasın davamında yeni təsis olunmuş ərazi ilk partiya təşkilatları “Caspian International Hospital”, “Naftalan Sağlamlıq Mərkəzi”, “Multikultural” və “Mahnı Teatrı” ərazi ilk partiya təşkilatları rayon təşkilatının qeydiyyatına alındı və “Caspian International Hospital” ərazi ilk partiya təşkilatı sıralarına yeni qəbul olunmuş partiya üzvlərinə üzvlük vəsiqələri təqdim olundu.

İclasın davamında İdarə Heyəti üzvləri YAP Siyasi Şurasının üzvü, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Rizvan Vahabovu 70 illik yubileyi münasibətilə və “Müalicə-diaqnostika” (Xüsusi Müalicə Sağlamlıq Kompleksi) ərazi ilk partiya təşkilatının sədr müavini Asif Abdullayevi 65 illik yubileyi münasibətilə təbrik etdilər. “Pedaqoqlar” (Azərbaycan Dövlət Pedaqoji Universiteti) ərazi ilk partiya təşkilatının sədr müavini Sultanəli Qurbanov rayon təşkilatının ictimai-siyasi həyatında göstərdiyi xüsusi fəallığa və yaxından iştiraka görə Fəxri Fərmanla təltif olundu.

Sonda cari məsələlərə baxıldı.