Azərbaycan Respublikasının Energetika Nazirliyində YAP Səbail ərazi ilk partiya təşkilatı təsis edildi

Azərbaycan Respublikasının Energetika Nazirliyində YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.

Yığıncaqda YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov və Nazirliyin Aparat rəhbəri İftixar Hüseynov iştirak etdilər.

Yığıncaq iştirakçılarını salamlayan YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaranması tarixindən, o dövrün ictimai-siyasi çətinliklərindən, Partiyamızın bugünədək keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, qeyd etdi ki, fərəhləndirici haldır ki, 1993-cü ildən etibarən iqtidar partiyası olan YAP Ulu Öndərin siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında günbəgün daha da inkişaf edir və partiya sıraları vətənpərvər gənclərimiz hesabına genişlənməkdə davam edir. Azərbaycan 25 illik müstəqilliyi dövründə heç bir ölkə ilə müqayisə olunmayacaq dərəcədə böyük uğurlara imza atıb, cəmiyyət həyatının bütün sahələri – iqtisadiyyat, təhsil, səhiyyə sahəsində islahatlar aparılmaqda davam edir. Ölkəmiz bu gün nəinki bölgədə, bütün dünyada yüksək nüfuz sahibidir. Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının misilsiz rolu var. Daha sonra M.Nağıyev YAP Səbail rayon təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verərək, diqqətə çatdırdı ki, cari ilin əvvəlindən rayon partiya təşkilatı nəzdində yeddi yeni ərazi ilk partiya təşkilatı təsis olunmuşdur, hazırda 111 özək təşkilat fəal ictimai-siyasi fəaliyyət göstərir və Səbail rayon partiya təşkilatının sıralarına işgüzar və sədaqətli yeni partiya üzvləri cəlb olunmaqda davam edir. Sonda Energetika Nazirliyində yeni ərazi ilk partiya təşkilatının təsis olunması münasibətilə Nazirlik əməkdaşlarını təbrik edən sədr müavini yeni təşkilat üzvlərinə gələcək siyasi fəaliyyətlərində uğurlar arzuladı.

Çıxış edən Nazirliyin Aparat rəhbəri İftixar Hüseynov məlumat verdi ki, hazırda Nazirlik əməkdaşlarından 98 nəfər, Aparat işçilərindən isə 27 nəfər Yeni Azərbaycan Partiyasının üzvləridir. Nazirlik əməkdaşlarının hər zaman ölkənin ictmai-siyasi həyatında yaxından iştirak edərək, dövlətə, ölkə rəhbərinin siyasətinə sadiqliklə xidmət etdiklərini vurğulayan İ.Hüseynov əminliyini ifadə etdi ki, partiya üzvləri artıq yeni təşkilat nəzdində siyasi fəaliyyətlərini daha da gücləndirəcək və Səbail rayonun ictimai-siyasi, mədəni-kütləvi həyatında daha da yaxından iştirak edəcəklər.

Yığıncağın davamında yeni ərazi təşkilatının İdarə Heyətinin üzvləri, təşkilat sədri və müavini seçildi.

Təsis olunmuş yeni ərazi ilk partiya təşkilatının üzvlərini təbrik edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov yeni seçilmiş İdarə Heyəti üzvlərinə gələcək partiya işində və siyasi fəaliyyətlərində uğurlar arzuladı. Belə bir struktur qurumunda yeni ərazi ilk partiya təşkilatının təsis olunmasının çox vacib və əlamətdar hadisə olduğunu qeyd edən Z.Bayramov diqqətə çatdırdı ki, Yeni Azərbaycan Partiyası istər intellektual potensial, istər siyasi kamillik, istərsə də təşkilatçılıq nöqteyi-nəzərdən Cənubi Qafqaz regionunun ən yüksək nüfuza malik olan siyasi qurumdur.

Yeni seçilmiş təşkilat sədri İftixar Hüseynov və sədr müavini Əsəd İsmayılov onlara göstərilən yüksək etimada görə təşəkkür edərək bildirdilər ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları bundan sonra da müstəqil Azərbaycanımızın qüdrətlənməsi və dövlətimizin siyasi sütünu hesab olunan Yeni Azərbaycan Partiyasının gələcək uğurları naminə partiya sıralarında yorulmaz fəaliyyətlərinə davam edəcəklər.