“Şıx” Sanatoriyasında yeni YAP Səbail ərazi ilk partiya təşkilatı təsis edildi
26.05.2017Bu gün YAP Səbail rayon təşkilatının daha bir yeni ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.
Bibiheybət qəsəbəsində yerləşən “Şıx” Sanatoriyasında keçirilmiş təsis yığıncağında YAP Səbail rayon təşkilatı sədrinin müavini Arzuman Muradlı, YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov və Sanatoriyanın baş həkimi Bünyamin Məmmədzadə iştirak etdilər.
1992-ci ildə dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolu, bu illər ərzində YAP-ın Cənubi Qafqazda ən qüdrətli siyasi quruma çevrilməsi haqqında danışan YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov qeyd etdi ki, bu gün sıralarında 700 min siyasi həmfikiri birləşdirən YAP-ın üstünlüyü həm kəmiyyət, həm keyfiyyət, həm də intellektual göstəricilərdə özündə büruzə verir. YAP Səbail rayon təşkilatının çoxyönlü fəaliyyəti, rayon təşkilatının üzv tərkibi barədə ətraflı məlumat verən Z.Bayramov bildirdi ki, yüksək potensiala malik olan Səbail rayonu eyni zamanda zəngin ictimai-siyasi həyatı ilə də seçilir. “Bizlər bu potensialı daha da gücləndirməli, partiya siyasətini daha geniş kütlələrə təbliğ etməli və Ulu Öndər Heydər Əliyev ideyalarını yaşatmalıyıq” deyən Aparat rəhbəri vurğuladı ki, bizim bir amalımız var: “İrəli, irəli, yalnız irəli!”.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nümayəndələrini ürəkdən salamlayan “Şıx” Sanatoriyanın baş həkimi Bünyamin Məmmədzadə diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarını rəhbər tutan YAP, hər bir Azərbaycan vətəndaşı üçün doğma və dövlətçiliyimizin rəmzi olan bir partiyadır. Sanatoriyada ərazi ilk partiya təşkilatı bu gün təsis olunsa da, sanatoriya əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin, ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi kursuna ilk günlərdən sədaqətlə xidmət edən çoxsaylı partiya üzvləri var. “Bu kollektivdə işləyən hər kəs səmimi qəlbən YAP-çı və Heydər Əliyevçidir, İlham Əliyevin etibarlı siyasi həmfikiridir” deyən B.Məmmədzadə yeni təsis olunan ərazi ilk partiya təşkilatının sıralarının qısa müddətdə yeni üzvlər hesabına daha da genişlənəcəyinə dair əminliyini ifadə etdi.
Yığıncağın davamında yeni ərazi təşkilatının İdarə Heyətinin üzvləri, təşkilat sədri və müavini və katibi seçildi.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədr müavini Arzuman Muradlı Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən irəli gəldiyini vurğulayaraq bildirdi ki, müstəqilliyin ilk illərində hakimiyyətdə olan AXCP-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində ölkədə siyasi böhran və iqtisadi defolt vəziyyəti yarandı, Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Məhz bu yarıtmaz siyasətə qarşı 1992-ci ilin noyabrında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan YAP qısa müddət ərzində cəmiyyətimizin qabaqcıl intellektual qüvvələrini öz ətrafında birləşdirdi. 1993-cü ilin iyununda Azərbaycan xalqı çox müdrik qərar qəbul etdi və xilaskarlıq missiyası üçün məhz dahi siyasətçi Heydər Əliyevə müraciət etdi. Müxalifət partiyası kimi siyasi fəaliyyətə başlayan YAP cəmi altı ay ərzində iqtidara gəldi, xalqımızın və partiyamızın Lideri Heydər Əliyev yox olmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı yenidən dirçəltməyə nail oldu. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərindən danışan sədr müavini diqqətə çatdırdı ki, bu partiyanın təməli, Nizamnaməsi düzgünlük prinsipləri üzərində qurulmuşdur, partiyanın əsas amalı xalqın mənafelərinə xidmət etməkdir. Ötən 25 il ərzində Yeni Azərbaycan Partiyasının əqidəsi, saf məramı olduğu kimi qorundu, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev partiyamızı yeni keyfiyyət müstəvisində böyük zəfərlərə doğru aparmağa davam edir. Bu gün Azərbaycan beynəlxalq aləmin önəmli aktorudur, ölkəmizlə, Prezidentimizlə hesablaşırlar. Bizim də vətəndaşlq və partiya borcumuz dövlət siyasətimizə dəstək olmaq və partiya Sədrimizə vicdanla xidmət etməkdən ibarətdir. A.Muradlı təsis olunmuş yeni ərazi ilk partiya təşkilatının üzvlərini təbrik etdi, yeni seçilmiş İdarə Heyəti üzvlərinə gələcək siyasi fəaliyyətlərində uğurlar arzuladı.
Yeni seçilmiş ilk ərazi təşkilatının sədri Sevinc Abbasova ona göstərilən yüksək etimada görə təşəkkür edərək bildirdi ki, təşkilat üzvləri partiyanın bütün tapşırıqlarını layiqli şəkildə icra edəcəklər. Əminik ki, “Şıx” Sanatoriyasında yeni təsis olunmuş ərazi ilk partiya təşkilatı YAP Səbail rayon təşkilatı nəzdində xüsusi fəallığı ilə seçilərək, ən nümunəvi təşkilatlardan biri olacaqdır.
Yığıncaqda iştirak edən Sanatoriya əməkdaşları Azərbaycanda müstəqillik dövründə əldə olunmuş yüksək nailiyyət göstəricilərindən, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişafdan bəhs edərək, cənab İlham Əliyevin bu uğurlu siyasət kursunu dəstəklədiklərini və bundan sonra da partiya sıralarında ləyaqətlə xidmət etməyə hazır olduqlarını bildirdilər.