Uşaqlar ən gözəl sevgi nümunəsidir
30.05.2017Sona Həmidova
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Uşaqlar dünyanın ən zərif, ən təmiz varlığıdır. İnsan cəmiyyətini körpələrsiz təsəvvür etmək mümkün deyildir. Onlar cəmiyyətin zərif, müdafiəyə ehtiyacları olan körpə hənirtiləri ilə sevincimizdirlər. Onların qayğısını çəkmək, problemlərini həll etmək nə qədər çətin olsa da, o qədər bir ümid, bir sevgi çələngidir. Rus ədəbiyyatının böyük siması Fyodor Dostoyevskinin təbirincə desək “Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik.” Həqiqətən onlar bir insanlıq nümunəsidir.
Müasir həyatımızda müharibələrin, dağıntıların, diqqətsizliyin qurbanı olan bu uşaqlar etdiyimiz pis əməllərimizin fərqinə varmağa vadar edir. Son XX və XXI əsrdə təcavüzə, zorakılığa, irqi ayrı-seçkiliyə, deportasiya və soyqırımlara məruz qalmış körpələrin faciələri insanlığın ən ağır cinayətidir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi, lokal müharibələr, dini, irqi və etnik zəmində toqquşmalar, aparteid, soyqırımları yüz minlərlə uşağı valideyn himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, ən adi insan hüquqları kobudcasına pozulmuşdur. Uşaqların bu müharibələrin təsirindən aclıqdan, səfalətdən əziyyət çəkirlər. Müdafiəsiz varlıqlar olan bu uşaqlardan müxtəlif vasitrələr üçün istifadə edilməsi insan alveri, narkotik vasitələr, daşınmadakı kimi insanlığa yaraşmayan hərəkətlər hələ də davam etməkdədir.
XX əsrdə tale elə gətirdi ki, bu ağrılı hadisələr Azərbaycandan da yan ötmədi. İstər dünya müharibəsində, istər sonrakı 1905, 1918, 1948-1950-ci illərdə, istərsə də 1988-ci ildən başlayaraq indiyədək erməni qəsibkarlarının torpaqlarımıza göz dikməsi nəticəsində minlərlə uşaqların həyatı bu və ya digər şəkildə alt-üst edilmişdir. Onlardan yüzlərlə uşaq vəhşicəsinə öldürülmüş, şikəst edilmiş, insan alverinin, narkotik vasitələrinin daşıyıcıları kimi qurban seçilmişlər.
Müasir dövrdə ölkəmizdə nisbi sabitlik bərpa olunsa da, “Gələcəyin qurucuları” olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdir. Bu səbəbdən də Uşaqları Beynəlxalq Müdafiə Günü elan etmək də bu zərurətdən doğmuşdur. Məhz, İyunun 1-ni Beynəlxalq bayramlar içərisində daha çox tarixə malik olanı da məhz bu bayramdır. BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. “Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.
Bu haqda qərar Beynəlxalq Demokratik Federasiyanın 1949-cu ilin noyabrında keçirilmiş xüsusi sessiyasında qəbul olunmuşdur. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci ilin 1 iyununda qeyd olunmuşdur. BMT bu təşəbbüsü bəyənmiş və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan etmişdir.
uşaqların hansı dövlətdə yaşamasından asılı olmayaraq, onların hüquqlarını BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya” adlı sənədilə tam əhatə edir.
Uşaq şəxsiyyətinin qorunmasını əsas fəlsəfi qayəsinə çevirən konvensiya uşaqların maksimum müdafiəsini təşkil etməyə çalışır. Konvensiya iştirakçısı olan ölkələr digər ölkələri də uşaqların sosial-siyasi həyatda daha fəal və yaradıcı iştirakına imkan verən şərait yaratmağa çağırıraraq, sosial, irqi ayrı seçkiliyə yol verməmək öhdəliklərini öz üzərlərinə götürürlər. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, özlərinin və ya valideynlərinin sağlamlıq vəziyyətindən asılı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər. Konvensiya uşaqların bütün hüquqlarını önəmli sayır.
YUNİSEF-in “XXI əsr üçün gündəlik” – XXI yüzillikdə ətraf mühit və inkişaf üzrə Qlobal Fəaliyyət Proqramında deyilir ki, “Uşaqların gələcəkdə yaşlıların qeyri-kamil dünyasının passiv qurbanları rolunu oynamaması üçün onlar öz hüquqlarını bilməli, gələcək üçün öz məqsədlərini başa düşməli və buna uyğun hərəkət etməlidirlər”.
Konvensiyaya qoşulan dövlətlər birmənalı olaraq konvensiyada qaldırılan müddəalara qeyri-şəksiz əməl etməyə razı olublar. Uşaqların qorunması haqqında görülən tədbirlər haqqında məlumatı vaxtaşırı olaraq BMT-nin İnsan Hüquqları haqqında Komitəsinə təqdim edirlər. Hazırda Konvensiyaya 189 ölkə qoşulub.
Azərbaycan Respublikası bu Konvensiyanı 1992-ci ildə ratifikasiya edib. Azərbaycan dövləti də bu Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çalışır. Bu sahədə əsas milli sənəd olan “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Hər il iyunun 1-i günü ölkəmizdə də Uşaqların Beynəlxalq Müdafiə Günü kimi geniş qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunmuşdur.
Uşaqların qorunması, tərbiyəsi bugünkü cəmiyyətimiz üçün aktual problemlərindəndir. Müasir dövrümüzdə orta və yaşlı nəslin ən vacib vəzifəsi uşaqlarımızı, gənclərimizi zərərəli vərdişlərdən qorunmaqdan ibarətdir. Jilbern Sesborn bu işin ən gözəl yolunu uşaqlara sevgi və məhəbbətlə yanaşmaqda görür. Onlara olunan ən xırda təhqiri belə cəmiyyətə gələcəyə olan pislik kimi qəbul edir. “Sevgi görməyən uşaq uşaqlığını yaşaya bilmir. O, müdafisəsiz böyüyə çevrilir.”
Böyük İtalyan yazıçısı və filosofu Cuzeppe Madzini tərbiyənin əhəmiyyəti barədə belə yazır: “Tərbiyə – uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların qidalandırılmasıdır”.
Xalqımızın milli adət-ənənəsindən, dini təfəkküründən, düşüncəsindən, mədəniyyətindən irəli gələn uşaqlara sevgini Ulu öndərimiz Heydər Əliyev belə dəyərləndirir: “Xalqımızın xüsusiyyəti, ən gözəl ənənələrindən biri də ondan ibarətdir ki, bizim insanlarımız, təkcə valideynlər yox, ümumiyyətlə hamı uşaqlara xüsusi qayğı, xüsusi münasibət göstərir, uşağı böyütməyi, ərsəyə gətirməyi, uşağa tərbiyə verməyi insanların əksəriyyəti həyatının mənası və məqsədi hesab edir. Bu gün mən bu sözləri ona görə deyirəm ki, bizim, ümumiyyətlə xalqımızın uşağa münasibətini, eyni zamanda ölkəmizdə, vətənimizdə uşağa nə qədər yüksək qayğı göstərildiyini bir daha dünyaya bəyan edim. Uşağa qayğı göstərmək, uşaqları qorumaq, uşaqları müdafiə etmək bizim müqəddəs borcumuzdur, dövlətin, hökumətin, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcudur.”