M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis olundu

İyunun 8-də Azərbaycan Milli Kitabxanasında YAP Səbail rayon təşkilatının yeni “Milli kitabxana” ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.

Təsis yığıncağında Milli Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi prof. Kərim Tahirov, YAP Səbail rayon təşkilatı sədrinin müavini Arzuman Muradlı və YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov iştirak etdilər.

Yığıncaq iştirakçılarını salamlayan Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının hər bir işçisinin qəlbən və ruhən dövlət siyasətinə, Yeni Azərbaycan Partiyasının siyasi-ideoloji prinsiplərinə bağlı olduğunu bildirərək, qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə ziyalılarımızın təkidi ilə hakimiyyətə gəlməsəydi, müstəqil Azərbaycanın taleyi sual altındaydı. Müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən başlıca xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının bu gün də Azərbaycanda aparılan bütün islahatlara öncüllük etdiyini xüsusi qeyd edən K.Tahirov diqqətə çatdırdı ki, Milli Kitabxana kollektivinin bütün üzvləri də bu ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Direktor bildirdi ki, son aylarda çox sayda kitabxana əməkdaşı YAP sıralarına üzv qəbul olunmaq üçün müraciət etmişdir. Bunu nəzərə alaraq, biz Azərbaycan Milli Kitabxanasında ərazi ilk partiya təşkilatının təsis olunmasına köməklik göstərməsi üçün YAP Səbail rayon təşkilatının rəhbərliyinə müraciət etmişik.

K.Tahirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamını xatırladaraq diqqətə çatdırdı ki, bu tarixi sərəncamla latın qrafikası ilə yüzlərlə kitab nəşr olundu, beləliklə, kiril əlifbası ilə oxuya bilməyən gənclərimiz müasir, klassik yerli və dünya ədəbiyyatı əsərləri, ensiklopediyalar və lüğətlərlə tanış olmaq imkanı əldə etdilər. “Cənab Prezident İlham Əliyevin kitaba, oxumağa verdiyi dəyəri ifadə edən onlarla bu kimi nümunə göstərə bilərik” deyən kitabxana direktoru bildirdi ki, hazırda kitabxanada Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları saxlanılır və biz o kitabların hər birini vərəqlədikcə, kitab səhifələrində Ümummilli Liderimizin qeydlərini gördükcə bir daha şahid oluruq ki, Heydər Əliyev necə diqqətli və dərin analitik düşüncəyə malik oxucu idi. Kitabxana işçiləri olaraq, bizlər bundan sonra da öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirəcək, vətəndaşlarımızın maarifləndirilməsi, bilikləndirilməsi istiqamətində yorulmaz fəaliyyətimizi davam etdirəcək və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı nəzdində fəaliyyət göstərən ən nümunəvi təşkilatlardan biri olacağıq.

Ölkəmizdə istər ictimai-siyasi, istərsə də mədəni-ideoloji sahədə gedən prosesləri dərk etmək qabiliyyətinə malik olmaq üçün ideoloji təbliğatın əhəmiyyətindən danışan Zəfər Bayramov qeyd etdi ki, bu istiqamətdə hər birimiz böyük əzmkarlıqla çalışmalıyıq. Möhtərəm Prezidentimiz İlham Əliyev eyni zamanda partiyamızın Sədridir. Bununla əlaqədar olaraq, dövlət siyasətinin yerlərdə, xüsusilə dövlət qurumlarında həyata keçirilməsində iqtidar partiyası kimi Yeni Azərbaycan Partiyasının üzərinə böyük məsuliyyət düşür. Milli Kitabxana kimi böyük kamillik məbədində ərazi ilk partiya təşkilatının yaradılması tarixinin “15 iyun–Milli Qurtuluş Günü” ərəfəsinə təsadüf etməsini həm kitabxana kollektivi, həm də rayon təşkilatı üçün çox əlamətdar hadisə olaraq qiymətləndirən Z.Bayramov yeni təsis olunmuş ərazi ilk partiya təşkilatının bütün üzvlərinə fəaliyyətlərində uğurlar arzuladı.

Çıxış edən Arzuman Muradlı bildirdi ki, daim inkişaf edən və sıraları gündən-günə genişlənən Yeni Azərbaycan Partiyası çox demokratik partiyadır. YAP ona görə demokratik partiyadır ki, bu partiyanın sıraları vətəndaşlarımızın, bu partiyaya qəlbən bağlı olan insanların sərbəst iradəsi ilə genişlənir. 1992-ci ildə Azərbaycanda formalaşmış ictimai-siyasi vəziyyət, “91 nəfər” ziyalının Ulu Öndər Heydər Əliyevə tarixi müraciəti haqqında danışan sədr müavini diqqətə çatdırdı ki, bu dahi dövlət xadiminin bilavasitə rəhbərliyi ilə yaranan YAP ilk gündən yalnız irəli getməyi, xalqın maraqlarını müdafiə etməyi, pafosla danışmadan iş görməyi bacardı. YAP-ın 25 il ərzində keçdiyi şərəfli inkişaf yolunun nəticəsində biz günü-gündən dirçələn, istər regionda, istər dünyada böyük siyasətdə öz sözünü deyə bilən Azərbaycandan danışa bilirik. Azərbaycan bu gün mötəbər beynəlxalq tədbirlərin, forumların mərkəzidir, Bakı idman yarışları, sürətlər şəhərinə çevrilib. Bütün bu nailiyyətlər dahi Heydər Əliyev siyasətinin, ölkə rəhbəri İlham Əliyevin idarəçilik məharətinin, eyni zamanda Yeni Azərbaycan Partiyasının uğurlu siyasi xəttinin nəticələridir. Bizlər, hər birimiz bu siyasi kursu dəstəkləyirik, möhtərəm Prezidentimizin yanındayıq. Sonda kitabxana kollektivinə gələcək siyasi fəaliyyətlərində uğurlar arzu edən A.Muradlı əminliyini ifadə etdi ki, bu təşkilat qısa vaxtda YAP Səbail rayon təşkilatı nəzdində qabaqcıl təşkilatlardan biri olacaqdır.

Yığıncağın davamında “Milli kitabxana” ərazi ilk partiya təşkilatı təsis olundu və təşkilatın İdarə Heyətinin üzvləri, sədri və sədrin müavinləri seçildi.

Yeni seçilmiş ilk ərazi təşkilatının sədri Ədibə İsmayılova ona göstərilən yüksək etimada görə təşəkkür edərək bildirdi ki, kitabxana kollektivi hər zaman Heydər Əliyev, İlham Əliyev siyasi kursu ilə həmrəylik nümayiş etdirmişlər, bundan sonra da ölkə rəhbərinin daxili və xarici siyasətini dəstəkləyəcəklər. Ə.İsmayılova vurğuladı ki, bu yeni təşkilatın təsis olunması ilə partiya üzvlərimiz daha da fəallaşacaq və istər rayon, istər respublika səviyyəsində gedən ictimai-siyasi və mədəni-kütləvi proseslərdə yaxından iştirak edəcəklər.