ADPU-da 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirildi

İyunun 12-də Yeni Azərbaycan Partiyasının (YAP), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə universitetin Böyük Akt zalında 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirildi.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Məclisin deputatı Mirkazım Seyidov, “Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə, ADPU-nun rektoru professor Cəfər Cəfərov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak etdilər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, sonra Yeni Azərbaycan Partiyasının sifarişi ilə “Səs” TV tərəfindən çəkilmiş və 1993-cü illin hadisələrini əks etdirən, “Milli Qurtuluşdan intibaha” adlı qısa metrajlı film nümayiş etdirildi.

Çıxış edən Mübariz Qurbanlı bildirdi ki, Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyun tarixi Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdış günü kimi Azərbaycanın müstəqillik tarixinə həkk olundu. SSRİ-nin süqutu ilə digər müttəfiq respublikaları kimi Azərbaycanın da dövlət müstəqilliyinə qovuşduğu dövrün siyasi-iqtisadi təlatümlərindən ətraflı bəhs edən DQİDK sədri diqqətə çatdırdı ki, o mürəkkəb dövrdə Azərbaycan dövlət müstəqilliyinin dönməzliyini iki şərt çərçivəsində təmin etmək məcburiyyətində idi: birincisi, Azərbaycan erməni təcavüzçüləri ilə müharibə şəraitində idi və ikincisi, heç bir siyasi təcrübəsi olmayan və ümummilli strateji vəzifələri düzgün təyin edə bilməyən səriştəsiz qüvvələrin ölkə hakimiyyətində olması Azərbaycanda böyük bir xaos və vətəndaş qarşıdurması yaratmışdı. Belə bir şəraitdə Azərbaycanı yox olmaq təhlükəsindən xilas edə biləcək və xalqı düşdüyü çıxılmaz vəziyyətdən qurtaracaq yalnız bir siyasi Lider var idi – dahi siyasətçi Heydər Əliyev. “15 iyun yalnız bir şəxsin hakimiyyətə qayıdış günü olmadı, eyni zamanda bütün Azərbaycan xalqını birləşdirən vahid bir ideyanın, bizim ən böyük mənəvi dəyərimiz olan azərbaycançılıq ideologiyasının millətimizə qayıdış günü oldu” deyən M.Qurbanlı bildirdi ki, Heydər Əliyevin məhz bu xidmətləri və taleyüklü məqamlarda qəbul etdiyi qətiyyətli qərar və addımları qarşılığında Azərbaycan xalqı Ona “Ümummilli Lider” statusunu verdi. Ulu Öndərin dahi siyasəti nəticəsində Azərbaycan xaosdan intibah dövrünə keçdi, regionda siyasi-iqtisadi-hərbi gücünə görə lider mövqeyinə yüksəldi. Şərəfli tarixi dövrün başlanğıcı olan Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını bir daha təbrik edən M.Qurbanlı qeyd etdi ki, bu gün İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqisi istiqamətində aparılan islahatlar ölkəmizin gələcək inkişafına nikbin baxmağımıza güclü təminat verir.

Müstəqil Azərbaycanın ən yeni tarixinə böyük hərflərlə yazılmış “Milli Qurtuluş Günü” münasibətilə hamını ürəkdən təbrik edən Şəmsəddin Hacıyev diqqətə çatdırdı ki, Azərbaycanın milli varlığı üçün ciddi təhditlərin mövcud olduğu 1991-1993-cü illərdə Azərbaycanda bir tərəfdən çox dərin siyasi böhran yaranmışdı, ölkəmizin siyasi xəritədən silinmək təhlükəsi ortaya çıxmışdı, digər tərəfdən isə böyük qüvvələrin bilavasitə dəstəyi ilə Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal etmişdi. İşğal təhlükəsinin davam etdiyi bu dövrdə siyasi hakimiyyətə gəlmiş siyasətdən, iqtisadiyyatdan, dünyada gedən proseslərdən baş çıxara bilməyən səriştəsiz, təcrübəsiz rəhbərliyin ölkəni uçuruma yaxınlaşdırdığını vurğulayan millət vəkili o dövrün sosial-iqtisadi şərtləri – Azərbaycanda keçid dövründə olan heç bir ölkənin tarixində görünməmiş yüksək inflyasiya dərəcəsinin qeydə alınması, milli istehsalın tamamilə dayanması, birbaşa tənəzzülün müşahidə olunduğu ölkədə iş yerlərinin demək olar ki, yoxluğu haqqında danışaraq bildirdi ki, biz belə bir çətin şəraitdə tamamilə yeni ictimai-siyasi sistem – totalitar planlı təsərrüfat rejiminin əvəzində tənzimlənən sosial yönümlü bazar iqtisadiyyatı sistemi qurmağa çalışırdıq. Son dərəcə mürəkkəb və acınacaqlı vəziyyətin formalaşdığı Azərbaycanda eyni zamanda ölkədaxili vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.

Hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün özünün də çaş-baş vəziyyətdə qaldığını – bir tərəfdən torpaqların işğal altında olduğunu, müharibənin davam etdiyini, digər tərəfdən isə ölkənin xaos və iqtisadi defolt vəziyyətində olduğunu qeyd edən deputat bildirdi ki, o vaxt hakimiyyətdə olan insanların milli manefələrdən çox-çox uzaqda olmaları bütün bu nəticələrə gətirib çıxartdı. Yalnız dövlətə yox, istənilən quruma rəhbərlik edən birinci şəxs milli ruha, öz soy kökünə, milli-mənəvi dəyərlərinə, dövlətçiliyimizə, torpağımıza bağlı olmalıdır. Azərbaycan xalqı bu çətin vəziyyətdə dahi rəhbərə müraciət etdi. Belə bir tarixi məqamda Heydər Əliyev kimi cəsarətli, təcrübəli, dünyada baş verən proseslərin anatomiyasını hər mənada dərindən bilən Şəxsiyyət Naxçıvandan Bakıya dəvət olundu və iyunun 15-də bir qrup deputatın təkidi ilə Parlamentin sədri seçilən  Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü. Bundan sonra Azərbaycanın dövlətçilik tarixində tamamilə yeni bir mərhələnin başlandığını və ölkəni düşdüyü vəziyyətdən xilas etmək üçün Heydər Əliyevə çox qısa vaxt tələb olunduğunu vurğulayan Ş.Hacıyev Ulu Öndərin tarixi xidmətləri olaraq aşağıdakıları sadaladı: qısa müddət ərzində işğal dayandı, atəşkəs əldə olundu, ölkənin nizamlı-intizamlı ordusu yaradıldı, iqtisadi inkişafımızın təməlini təşkil edən “Əsrin müqaviləsi” imzalandı, yeni Konstitusiya qəbul olundu və s. “Əgər 1993-cü ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycandan danışmaq qeyri-mümkün idi.” deyən millət vəkili bildirdi ki, Heydər Əliyevin qurduğu müasir Azərbaycan onun siyasi kursunun varisinin rəhbərliyi ilə bu gün də sürətlə inkişaf edir. Artıq dünyada öz yerini tapan Azərbaycan bu gün dünyada ən sabit, multikultiral dəyərlərin həyat tərzinə çevrildiyi bir ölkədir. Dəyişən dünyanın yeni çağırışlarına, tələblərinə uyğun olaraq bu gün Azərbaycan da öz siyasətini dəyişir. Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi altında biz yeni iqtisadiyyat yaradırıq, neftdən asıllığımızı azaldırıq, iqtisadi islahatları şaxələndiririk. Əminik ki, qısa müddət ərzində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. İnşallah, çox yaxın gələcəkdə biz “Milli Qurtuluş Günü” kimi möhtəşəm bayram günlərimizi hazırda işğal altında olan torpaqlarımızda keçirdəcəyik.

Azərbaycanın XX əsrdə iki dəfə dövlət müstəqilliyinə qovuşmasını şərtləndirən tarixi obyektiv siyasi şərait haqqında danışan Bəhruz Quliyev diqqətə çatdırdı ki, istər 1918-1920-ci illərdə gedən proseslər, istər tarixin təkərrür etdiyi 1991-1993-cü ildəki hadisələr bu tarixi gerçəkliyi göstərdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, qazanılmış müstəqilliyi qoruyub saxlamaq bir o qədər mürəkkəb vəzifədir. Müstəqilliyi qoruyub saxlamaq üçün xalqın xarizmatik liderə ehtiyacı var. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun XX əsrin sonunda dövlət müstəqilliyinə qovuşduğu dövrdə Heydər Əliyev kimi xarizmatik lideri var idi. Azərbaycan xalqının müdrik qərarını ifadə edən “91 nəfər” ziyalı hələ 1992-ci ilin oktyabrında Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” başlığı ilə müraciət ünvanlamışdı. B.Quliyev tarixin bu şanlı səhifələrinə şahidlik etmiş “Səs” qazetinin hazırda baş redaktoru olmasının qəlbində böyük fərəh hissi yaratdığını xüsusi qeyd edərək bildirdi ki, o tarixi müraciətdən bir neçə gün sonra – 24 oktyabr 1992-ci il tarixində Heydər Əliyev Azərbaycan xalqına “Yeni müstəqil Azərbaycan uğrunda” başlığı altında cavab məktubunu məhz “Səs” qazetində nəşr etdirdi. Bu cavab məktubu ölkədə yaranmış siyasi-iqtisadi böhran vəziyyətindən proqram xarakterli çıxış yollarını cəmləşdirən konsepsiya idi. Lakin ölkədə qeyd olunmuş konsepsiyanı yerinə yetirəcək Lider olmaması səbəbiylə Azərbaycan xalqı 1993-cü ilin iyununda yenidən Heydər Əliyevə müraciət etməyə məcbur oldu. Bu önəmli məqamda Heydər Əliyev yenə xilaskarlıq missiyasını öz üzərinə götürdü və bu zaman Heydər Əliyevin xarizmatik Lider xüsusiyyətləri və keyfiyyətləri özünü büruzə verdi. 1993-cü ilin 15 iyun tarixindən başlayaraq Azərbaycanın intibah dövrünün əsası qoyuldu və Heydər Əliyev-Azərbaycan xalqı birliyi tondemi dövlətçilliyimizi xilas etdi.

Azərbaycanın 2015-ci ildə I Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini ölkəmiz üçün mühüm tarixi əhəmiyyət kəsb edən hadisə olaraq qiymətləndirən B.Quliyev qeyd etdi ki, bu mötəbər idman yarışları Azərbaycanın dünyəvi, eyni zamanda öz mənəvi-tarixi köklərinə bağlı olan dövlət olmasını, ölkədə formalaşdırılmış real multikultural mühiti bütün dünyaya nümayiş etdirmiş oldu. Yaşasın müstəqil Azərbaycan dövləti!

ADPU-nun YAP Gənclər Birliyinin sədri və Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Əhməd Ağababayev çıxış edərək bildirdi ki, 15 İyun-Milli Qurtuluş Günü tariximizə böyük ictimai-siyasi əhəmiyyət kəsb edən bir gün kimi daxil olub. Zəmanəmizin dahi dövlət xadimi Heydər Əliyev bizlər üçün hər bir azərbaycanlının rahat yaşaya bildiyi ölkə qurdu. Milli Qurtuluş Günü ilə başlayan bu tarixi inkişaf yolunda irəliləyən biz tələbə-gənclər üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün dərslərimizi yaxşı oxumalı, bilik və bacarıqlara mükəmməl yiyələnməli, müstəqil ölkəmiz və dövlətimiz üçün yüksəkixtisaslı mütəxəssis və əsl vətəndaş kimi yetişməliyik.

Tədbirə yekun vuran universitet rektoru, professor Cəfər Cəfərov çıxışında tariximizin gənclərimiz tərəfindən dərindən öyrənilməsi baxımından bugünkü tədbirin əhəmiyyətini qeyd edərək bildirdi ki, bugünkü dövlət müstəqilliyimizin memarı Ulu Öndər Heydər Əliyevdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir dövrün qarşıya qoyduğu hədəf və tələblərə uyğun inkişaf edir. Bizim hər birimiz öz işimizə, vəzifələrimizə vicdanla xidmət etməliyik ki, Ulu Öndərimizə olan şükranlıq borcumuzu qismən də olsa ödəyə bilək. Ölkəmizdə bütün sahələrə olduğu kimi, elm və təhsilin inkişafına da böyük qayğı və diqqət var. ADPU respublikamızın ali təhsil sistemində öz xüsusi yeri və mövqeyi ilə seçilir. ADPU-da həyata keçirilən struktur islahatlarından, təhsilin məzmununun yeniləşməsi sahəsində atılan ciddi addımlardan danışan rektor bildirdi ki, universitetin kollektivi öz strateji hədəflərinə çatmaq üçün əzmlə çalışır. Tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə bir daha təbrik edərək, C.Cəfərov əminliklə vurğuladı ki, biz bu bayram günlərini çox yaxın gələcəkdə işğal olunmuş torpaqlarımızda Azərbaycan bayrağı altında qeyd edəcəyik.

Tədbirin videoyazısı
AzTV
SəsTV