YAP Səbail rayon “Mahnı Teatrı” ərazi ilk partiya təşkilatında 15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi
13.06.2017İyunun 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə teatrın direktoru Kazım Qasımov dövlət müstəqilliyimizin tarixindən, Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafında müstəsna xidmətlərindən, habelə müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bugünkü qiymətdən danışdı. Sənət ocağının direktoru qeyd etdi ki, “Hər bir xalqın milli oyanış, yaddaşa qayıdış, əbədi istiqlaliyyət tarixində unudulmaz anları olur. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqının mübarizlik tarixinə böyük Qurtuluş nidası ilə həkk olunub. 1990-cı illərdə Azərbaycan dövlət müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət gərginləşmiş, hakimiyyət böhranı yaranmış, rəhbər vəzifələrə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə daha da kəskinləşmişdi. 1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayandı. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəldi. Qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.”
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon “Mahnı Teatrı” ərazi ilk partiya təşkilatının sədri Zülfiyyə Mövsümova Milli Qurtuluş Günü ilə bağlı məruzə ilə çıxış etdi. Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğıdan bəhs edən Z.Mövsümova diqqətə çatdırdı ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu, onun siyasəti nəticəsində mədəniyyətimiz, maddi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Heydər Əliyev Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana tanıtdı.
Çıxış edən Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Salman Qəmbərov və başqaları Ulu Öndərin mədəniyyət xadimlərinə diqqət və qayğısından, habelə dövlətçiliyimizin inkişafında xidmətlərindən bəhs etdilər.